...

Azərbaycanda əlavə kassasiya instansiyasının ləğvinə ehtiyac yoxdur - Ali Məhkəmənin sədri

Siyasət Materials 3 Aprel 2008 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 aprel / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanda əlavə kassasiya instansiyasının ləğvinə ehtiyac yoxdur.

Ali Məhkəmənin sədri Ramiz Rzayev Trend a bildirib ki, əlavə kassasiya instansiyasının fəaliyyəti ilə bağlı hüquqşünaslar arasında fikir ayrılığı var. Ali Məhkəmənin sədri hesab edir ki, hazırkı dövrdə bu institutun fəaliyyəti zəruridir.

Əlavə kassasiya şikayətinə qanunla müəyyən edilmiş qaydada və hallarda Ali Məhkəmə sədrinin təqdimatı, baş prokurorun protesti və müdafiə tərəfinin şikayəti əsasında Ali Məhkəmənin Plenumunda baxılır.

Əlavə kassasiya şikayəti kassasiya instansiyasının qərarından sonra bir il müddətində verilə bilər.

Həm kassasiya həm də əlavə kassasiya instansiyasında faktlar araşdırılmır.

Bu mərhələlərdə qanunvericiliyin düzgün tətbiq olunub-olunmadığı müəyyənləşdirilir.

Əlavə kassasiya şikayəti Ali Məhkəmədə öyrənildikdən sonra qanunun düzgün tətbiq olunmadığı halları aşkarlanarsa, şikayət baxılması üçün Plenuma çıxarılır.

"Əlavə kassasiya instansiyası müəyyən məhkəmə səhvlərinin aradan qaldırılmasına xidmət edir. Bu qəbildən olan şikayətlər yalnız qanunda göstərilən hallarda verilməli olduğu halda, məhkəmə qərarından narazı qalan tərəflər yeri gəldi-gəlmədi əlavə kassasiya qaydasında Ali Məhkəmənin Plenumuna müraciət edir", - deyə Rzayev bildirib.

Ali Məhkəmənin hakimi Müzəffər Ağazadə bildirib ki, əlavə kassasiya instansiyası sovet dövrünün hüquq sistemindən qalma bir instansiyadir və Ali Məhkəmənin nəzarət funksiyasını əvəz edir.

Ağazadə bu instansiyanın fəaliyyətini hazırkı mərhələdə zəruri hesab edir. "Məhkəmə səhvlərinin aradan qaldırılması üçün bu instansiya lazımdır. Əvvəllər nəzarət qaydasında bu səhvlər düzəldilirdi", -deyə Ali Məhkəmənin hakimi vurğulayıb.

Ötən illərlə müqayisədə əlavə kassasiya qaydasında baxılan işlərin azaldıldığını deyən Ağazadə hesab edir ki, bu instansiya müəyyən bir zamandan sonra öz-özlüyündə sıradan çıxacaq və ona ehtiyac olmayacaq.

Ötən il Plenumun iclaslarında ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı 26 qərar çıxarılıb. Bu da 2006-cı illə müqayisədə 21 iş, yəni 44,6 faiz azdır.

İşlərdən 10-u əlavə kassasiya qaydasında şikayətlə, 2-si Ali Məhkəmə sədrinin təqdimatı, 4-ü yeni açılmış hallar və 8-i Konstitusiya Məhkəməsi tərəfindən qüvvədən düşmüş hesab edilən qərarlarla əlaqədar olub.

Ali Məhkəmənin hakimi Oqtay Maqsudaov isə əlavə kassasiya instansiyasının fəaliyyətinə etiyac görmür. "Birinci, apellyasiya və kassasiya instansiyalarda işin bütün halları kifayət qədər araşdırıldığından işin əlavə kassasiya instansiyasına çıxarılmasına ehtiyac yoxdur.",-deyə Maqsudov vurgulayıb.

Ali Məhkəmənin hakimi Vəfaiddin İbayev deyib ki, İnsan Haqları üzrə Avropa Məhkəməsinin qərarlarında əlavə kassasiya instansiyası zəruri hesab olunmur. Hakim hesab edir ki, məhkəmə səhvinin düzəldilməsi mümkündürsə, həmin instansiyanın fəaliyyəti mümkündü.

Hüquqşünas-ekspert Rəşid Hacılı bildirib ki, Avropa Məhkəməsinə müraciət olunarkən əlavə kassasiya instansiyasına müraciət tələb olunmadığı halda, Konstitusiya Məhkəməsinə müraciət olunarkən bəzi hallarda əlavə kassasiya instansiyasının qərarı tələb olunur.

Ekspert əlavə kassasiya qaydasında şikayət vermənin əsasslarının, meyarlarının müəyyənləşdirilmədiyini deyir. Onun sözlərinə görə, işlərin Plenuma çıxarılması Ali Məhkəmə sədrinin qərarından asılıdır və bu hal əksər vaxt sui-istifadəyə səbəb olur. "Bu sui-istifadə halları aradan qalxarsa, əlavə kassasiya şikayətinin verilməsi əsasları və meyarları müəyyən edilərsə, nəzarət baxımından bu instansiyanın fəaliyyəti səmərə verə bilər",-deyə ekspert vurğulayıb.

Məqalənin  müəllifi ilə [email protected] ünvanı  ilə əlaqə saxlaya bilərsiniz

Xəbər lenti

Xəbər lenti