...

Azərbaycan Avropa Şurası qarşısındaki öhdəliklərini standartlara uyğun yerinə yetirir – qurumun Baş direktoru

Siyasət Materials 3 Aprel 2008 13:33 (UTC +04:00)

Fransa, Strasburq, 03 aprel/ Trend , müxbir A. Məhərrəmli/ Avropa Şurasının Demokratiya və Siyasi məsələlər üzrə Baş direktoru Jan Lui Loranın (Jean-Louis Laurens) Trend a müsahibəsi.

- AŞPA-nın yaz sessiyasında əsasən hansı məsələlər müzakirə olunacaq? Hansı məsələlərə daha çox diqqət ayrılacaq?

- AŞPA-nın yaz sessiyası bir çox önəmli şəxslərin - Slovakiyanın prezidenti, Fransanın xarici işlər naziri Bernar Kuşner ( Bernard Kouchner), Almaniyanın kansleri Anjela Merkelin (Angela Merkel) səfərləri ilə əlamətdar olacaq. Onlar qurumun sessiyasında çıxış edəcək. Sessiya gedişində tam siyasi mahiyyət kəsb edən məsələlər də müzakirə olunacaq. Hazırda müzakirəyə çıxarılacaq məsələlər tam müəyyən olunmayıb. Təcili və aktual məsələlərlə bağlı müxtəlif təkliflər var. Əlbəttə ki, Kosovodakı vəziyyət, Orta Şərq, eləcə də Cənubi Qafqazda baş verən hadisələrlə bağlı müzakirələr olacaq. Müzakirə olunacaq məsələlərlə bağlı yekun qərar sessiyanın əvvəlində AŞPA və Büro tərəfindən qəbul ediləcək.

- Azərbaycanla bağlı məsələlərin sessiyanın gedişində müzakirəsi gözlənilirmi? Azərbaycanın AŞPA ilə əməkdaşlığını necə qiymətləndirirsiniz və AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı nə deyə bilərsiniz?

- Azərbaycanda hadisələrin inkişafını izləyən AŞ məmuru kimi onu deyə bilərəm ki, Azərbaycan Təşkilata üzv olan dövlətlərə nisbətdə müstəsnalıq təşkil etmir.Azərbaycanda AŞ-na üzvlüyə qəbul edilərkən qurum qarşısında götürülən öhdəliklərin onun norma və standartlarına uyğun şəkildə yerinə yetirilməsi prosesi gedir. AŞ-nın Nizamnaməsindən irəli gələn öhdəliklərin mütəmadi olaraq monitorinqi həyata keçirilir. Bu həm AŞPA-nın Monitorinq Komitəsi, həm də Nazirlər Komitəsinin "Aqo" qrupu çərçivəsində həyata keçirilir. Mənim bildiyimə görə, indiki mərhələdə Azərbaycana dair spesifik məsələlərin müzakirəsi ilə bağlı qərar yoxdur. Digər tərəfdən, AŞPA öz gündəliyini tərtib etməkdə tam sərbəstdir.

- Avropa Şurası Azərbaycanda prezident seçkilərinə hazırlıqla bağlı hansı tövsiyələri verə bilər?

- Bu məsələ ilə bağlı bir sıra qərarlar verilib. Azərbaycan hakimiyyət orqanlarının tam razılığı və dəstəyi ilə Nazirlər Komitəsi seçkiöncəsi yardım proqramı həyata keçirməyi qərara alıb. Bu, keçən il hazırlanan proqramın davamıdır. Həm seçki prosesinin qanunvericilik bazasının, həm də ədalətli və azad seçkilərin keçirilməsi ilə bağlı müxtəlif aspektləri - mətbuata çıxış, sərbəst toplaşmaq, fikir azadlığı, partiya və prezidentliyə namizədlərə bərabər şəkildə imkanların yaradılması və sairəni - özündə əks etdirən bu proqram icra olunmaqdadır.

Biz Azərbaycanda keçiriləcək prezident seçkilərinin azad, şəffaf və ədalətli olması üçün hər şeyi edirik. AŞ-nın strateji məqsədlərindən biri onun ölüm hökmünün ləğv olunduğu bir məkan olması ilə yanaşı, azad və ədalətli seçkilərin keçirildiyi bir məkana çevrilməsidir. İstərdik ki, bu cür seçkilərin keçirilməsi müstəsnalıq yox, daimi olsun.

- Prezident seçkiləri ərəfəsində Seçki Məcəlləsinə əlavə və dəyişiklərin edilməsinə nə dərəcədə zərurət var? KİV və söz azadlığı sahəsində vəziyyəti necə qiymətləndirirsiniz?

- Seçki prosesinin çərçivəsi ilə bağlı fikir yürütməməyi üstün tutardım, çünki "Aqo" qrupunun Azərbaycana səfərinin nəticələrinə dair hesabatını gözləmək lazımdır. Hazırlanacaq hesabatda sözügedən məsələlərə dair aspektləri daha aydın görə biləcək və Seçki Məcəlləsində hansı məsələlərin yenidən nəzərdən keçirilməsi ehtimalını müəyyən edə biləcəyik. Venesiya Komissiyası Azərbaycan tərəfi ilə sıx şəkildə işləyir. Bu əməkdaşlıq "Aqo" qrupunun tövsiyələrindən sonra da davam etdiriləcək. KİV sahəsində azadlığa gəldikdə, mən yalnız AŞ Baş katibinin KİV-dəki problemlər, jurnalistlərin təqib olunması və həbs edilməsi ilə bağlı dediyi son fikirlərə şərik oluram. Bu, bizi çox narahat edən məsələlərdən biridir. Seçkilər yaxınlaşdıqca bu məsələ daha incə, daha çətin olacaq.

- Azərbyacan üzrə siyasi məhbuslarla bağlı məruzəçinin təyin olunması nə dərəcədə realdır və bu Azərbaycan-AŞ arasında əlaqələrin gərginləşməsiə səbəb ola bilərmi?

- AŞPA Bürosunun və Monitorinq Komitəsinin iclasları qapalı şəkildə keçirilir. Beş il bundan əvvəl bununla məşğul olmuşam. Bu müddətdə AŞ Katibliyi bu məsələdə Azərbaycan hakimiyyəti ilə sıx şəkildə əməkdaşlıq etdi və ekspertlərə təqdim olunmuş yüzlərlə hallara aydınlıq gətirildi. Ekspertlərin verdiyi tövsiyələr Azərbaycan tərəfindən yerinə yetirildi. Görülmüş işlər sayəsində onlarla insan azadlığa çıxdı. Ən əsası siyasi məhbus hesab ediləcək şəxslərlə bağlı obyektiv meyarlar müəyyənləşdirildi. Bir şeyi xüsusi qeyd etməliyəm ki, demokratiyada siyasi məhbus məfhumu mövcud olmamalıdır. Heç kəs öz siyasi fikirlərinə görə təqib və ittiham oluna bilməz.

- Dağlıq Qarabağ münaqişəsinin tez və sülh yolu ilə həll olunması şanslarını necə dəyərləndirirsiniz? Avropa Şurası bu prosesə hansı töhfəni verə bilər?

- Həm Azərbaycan, həm də Ermənistan AŞ-ya üzvlüyə qəbul edilərkən Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsinə dair öhdəlik götürüb. Münaqişənin konkret həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Bununla belə, AŞ münaqişənin həlli prosesində birbaşa iştirak etməməsinə baxmayaraq, digər üzv dövlətlərin ərazisində mövcud olan "dondurulmuş münaqişələr"ə diqqət yetirdiyi kimi, Dağlıq Qarabağ münaqişəsinə də biganə yanaşmır. Aydındır ki, münaqişənin həll olunacağı gündən === AŞ fəal surətdə əlində olan bütün vasitələr və siyasətindən, o cümlədən tərəflər arasında etimad mühitinin yaradılması istiqamətindəki fəaliyyətlər, Təşkilatın norma və standartlarının tətbiqi, istifadə etməyi əsirgəməyəcək. Təşkilat Dağlıq Qarabağda vəziyyətin normallaşmasına, insan haqlarının, hüququn aliliyinin təmin olunmasına öz töhfəsinin verəcək. Bu işlər Dnestryanı bölgədə, Abxaziya və Cənubi Osetiyadakı məsələlərin həll variantının tapılacağı təqdirdə, eyni qaydada tətbiq ediləcək.

Bundan əlavə, Nazirlər Komitəsi səviyyəsində Dağlıq Qarabağ münaqişəsi nəticəsində təsirə uğramış mədəni irsin qorunması sahəsində təşəbbüslər irəli sürülüb. Ümid edirik ki, yaxın zamanlarda mədəni irsin vəziyyətinin dəyərləndirilməsi istiqamətində çıxış yolu tapılacaq. Regiona səfərlə bağlı müzakirələr davam etdirilir. Həqiqətən baş çəkiləcək yerlərin siyahısını müəyyənləşdirmək lazımdır. Bu layihə qətiyyən kənarlaşdırılmayıb və səfər cari ildə reallaşa bilər.

- Bir sıra dövlətlərin Kosovonun müstəqilliyinin tanımasına cavab olaraq Rusiya bəyan edir ki, bu, digər dondurulmuş münaqişələrə presedent ola bilər. Rusiya Dumasında artıq Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması məsələsinə baxılır. Sizin bu məsələyə dair mövqeyiniz necədir?

- Rusiya heç vaxt onları tanıyacağını bəyan etməyib. Duma icraedici orqan deyil. Bu yaxınlarda Rusiya hökuməti aydın şəkildə bəyan edib ki, bu rejimləri tanımaq niyyəti yoxdur. Bu, Dumanın tutduğu siyasi mövqedir və Rusiya icra hakimiyyətininə aidiyyəti yoxdur. Bu heç də o demək deyil ki, biz Abxaziya və Cənubi Osetiyadakı vəziyyətə biganə yanaşırıq. AŞ üzv dövlətlərin ərazi bütövlüyünü tanıyır. Bu,fundamental bir prinsipdir.

Kosovo məsələsinə gəldikdə, AŞ buna spesifik mövqe bildirməyib. AŞ üçün ən önəmli olan bizim 1999-cu ildən etibarən bildirmək istədiyimiz mövqedir, yəni Təşkilatın insan haqları, hüququn aliliyinin təmin olunması, hüquqi dövlət sahəsindəki norma və standartları Kosovoya da tətbiq olunmalıdır. Biz 1244 saylı Qətnamə çərçivəsində buna səy göstəririk. Əksər dövlətlər Kosovonun müstəqilliyini tanıyıb, lakin Rusiya və Serbiyadan başqa önəmli sayda ölkələrdə AŞ-nın bu müstəqillik bəyannaməsinin hüquqi əsaslara uyğun olub-olmamasına dair mövqe bildirməyənə kimi Kosovo müstəqiliyini tanımamağa qərar verib===. Bu, bizim problem deyil. Bizim problemimiz odur ki, demokratik norma və standartlar Kosovoya da tətbiq olunsun. Kosovonun AŞ-ya üzvlüklə bağlı namizədliyini irəli sürməsinə gəldikdə, onu deyə bilərəm ki, bu, birtərəfli qaydada olan bir prosedurdur. Belə olan halda bu məsələ çox müzakirə olunacaq və çox güman ki, tez zamanda həllini tapmayacaq.

- Ermənistanda fevral ayında keçirilən prezident seçkilərindən sonra baş verən hadisələrə Avropa Şurasının mövqeyi necədir?

- Biz bu hadisələri yaxından izlədik. Əlbəttə ki, zorakılıq və ölüm hallarının baş verməsi ilə nəticələnən nümayişlər bizi çox narahat edir. Buna görə AŞ buna tez bir zamanda münasibət bildirdi. AŞPA-nın məruzəçiləri və İnsan haqları üzrə Komissarı Tomas Hammarberq Ermənistana səfər etdilər. Biz fövqəladə vəziyyətin qaldırılmasından məmnunuq. Bu isə Ermənistanda hüquqi dövlətin, normal vəziyyətin yaranmasına gətirib çıxaracaq. "Aqo" qrupunun Ermənistana indiki səfəri və onun vəziyyətə dair hazırlayacağı dəyərləndirmə hesabatı bu baxımdan çox maraqlı olacaq. Ermənistandakı hadisələrdən sonra bir çox insanlar həbs olunub. Biz bu hadisələrin dəqiq və dərindən araşdırılmasını tələb etmişik. Ümid edirəm ki, bu araşdırma aparılacaq və yaranmış vəziyyətə aydınlıq gətiriləcək.

- Kosovonun müstəqilliyini birtərəfli qaydada bəyan etməsinin Ermənistanın yeni prezidentinin fəaliyyətində əsas istiqamət ola bilərmi?==

- Bu məsələsi ilə bağlı onu deyə bilərəm ki, Ermənistan indiyə kimi Kosovo məsələsində çox ehtiyatlı mövqe nüməyiş etdirib. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı indiki mərhələdə AŞ hər iki ölkə arasında münaqişənin tez bir zamanda dinc yolla həllinə gətirib çıxara biləcək əlverişli əməkdaşlıq mühitinin yaranmasına yardım edə bilər. Münaqişə öz həllini tapdıqdan sonra AŞ-nın malik olduğu bütün hüquqi və siyasi arsenal tətbiq oluna və inkişaf etdirilə bilər.

- Cənubi Qafqaza növbəti səfəriniz gözlənilirmi?

- Bu yaxınlarda Cənubi Qafqazda səfərdə olmuşam. Çox güman ki, cari ildə bölgəyə növbəti dəfə səfər edəcəm və prezident seçkiləri ərəfəsində Bakıya da yollanacam.

Xəbər lenti

Xəbər lenti