...

Azərbaycanın partiya liderləri prezident seçkilərinə hazırlıq məsələlərini "Aqo" qrupu ilə müzakirə ediblər

Siyasət Materials 3 Aprel 2008 13:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 aprel/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın siyasi partiya liderləri qarşıdan gələn prezident seçkilərinə hazırlıq məsələlərini və ölkədə yaranmış vəziyyəti Bakıda səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin "Aqo" monitorinq qrupunun nümayəndə heyəti ilə görüşdə müzakirə ediblər. "Görüşdə Azərbaycan hakimiyyətinin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilib-yetirilmədiyi əsas müzakirə mövzusu oldu", - deyə cümə axşamı Trend a açıqlamasında görüşdə iştirak edən Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirib. Görüşdə Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Ümid Partiyasının sədri İqbal Ağazadə və "Azərbaycan Naminə" İctimai Forumun prezidenti Eldar Namazov və ADP sədri Sərdar Cəlaloğlu iştirak edib.

Müsavat başqanı qeyd edib ki, 2008-ci il Azərbaycanda prezident seçkiləri ili olduğuna görə, Avropa Şurasını və "Aqo" monitorinq qrupunu demokritiya və azadlıqların təmin olunması ilə bağlı məsələlər daha çox maraqlandırır. "Aqo" monitorinq qrupunun üzvləri bildirdilər ki, həbsxanalarda olan jurnalistlər və siyasi məhbuslarla görüşəcəklər. Bu isə Avropa Şurası və monitorinq qrupunun Azərbaycanda söz və mətbuat azadlığının vəziyyətindən narahat olduğunu göstərir", - deyə Qəmbər əlavə edib.

Avropa Şurası Nazirlər Komitəsinin "Aqo" monitorinq qrupu təşkilata üzv olan və monitorinq altında olan ölkələrin üzərlərinə götürdükləri öhdəliklərin həyata keçirilməsinə nəzərət edir. Qrupun üzvləri Cənubi Qafqaza səfərləri çərçivəsində dünən gecə Azərbaycana gəliblər. Onlar Azərbaycanda vəziyyəti öyrənmək üçün bir sıra görüşlər keçiriblər və görüşlər davam edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti