...

AMİP Güney Azərbaycan məsələsinin ABŞ-da müzakirəyə çıxarılmasına çalışır – partiya lideri

Siyasət Materials 3 Aprel 2008 14:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 aprel / Trend , müxbir S.İlhamqızı/ Güney Azərbaycanda insan haqları məsələsi Beynəlxalq Demokrat İttifaqının (BDİ) Vaşinqtonda keçiriləcək toplantısında müzakirəyə çıxarıla bilər. Bu barədə Trend a BDİ-nin sədr müavini, Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, BDİ-nin ABŞ-da prezident seçikisi öncəsi Respublikaçılar Partiyası ilə birgə tədbiri keçiriləcək. "Avqust-sentyabr aylarında keçirilməsi gözlənilən həmin toplantıda Güney Azərbaycandakı vəziyyətin müzakirə olunmasına çalışacağıq"-deyə Məmmədov bildirib.

O, həmçinin bildirib ki, AMİP-in İsveçin hakim partiyası olan Moderat Partiyası ilə əməkdaşlığı davam edir və gələn ay İsveçdə keçiriləcək konfransda AMİP nümayəndələri də iştirak edəcəklər. Məmmədovun sözlərinə görə, AMİP həmin tədbirin gündəliyinə Güney Azərbaycanla bağlı məsələnin daxil edilməsinə cəhd göstərəcək.

"Azərbaycanın ən mühüm problemi olan Qarabağ məsələsi ilə dövlət, yerli strukturlar məşğul olur. Lakin Güney Azərbaycan məsələsi ilə bağlı Azərbaycan hökuməti, dövlət strukturları açıq şəkildə məşğul ola bilmirlər. Ona görə də mənim üçün gündəmdə dayanan birinci məsələ Güney Azərbaycandır və bunu hər yerdə siyasi gündəmə gətirməyə çalışırıq"-deyə AMİP lideri qeyd edib.

Qeyri-rəsmi məlumatlara əsasən, Güney Azərbaycanda (İranın şimalı) 35 milyon azərbaycanlı yaşayır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti