...

Azərbaycan müxalifəti jurnalistlərin azadlığa buraxılması üçün hakimiyyətlə danışıqları vacib sayır

Siyasət Materials 4 Aprel 2008 12:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 aprel / Trend ", müxbir Q.Cəbiyev/ Azərbaycanın müxalif Demokrat Partiyası (ADP) jurnalistlərin aclıq aksiyası keçirməsini düzgün yol hesab etmir. "Aclıqla söz azadlığını əldə etmək və ya hansısa jurnalistin azadlığına nail olmaq mümkün deyil" cümə günü Trend a ADP sədri, partiyanın prezidentliyə namizədi Sərdar Cəlaloğlu bildirib.

Martın 27-dən "Yeni Müsavat" qəzetinin redaksiyasında bir qrup jurnalist aclıq aksiyasına başlayıb. Aclıq aksiyası 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin martın 26-dan başladığı aclıq aksiyasına dəstək xarakteri daşıyır.

Ötən il ağır cinayətlərdə təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş baş redaktor işinə ədalətli və qərəzsiz baxılmasını, həbsdə olan həmkarlarının azadlığa buraxılmasını tələb edir, beynəlxalq təşkilatların siyasi məhbus məsələsində konkret müdafiə mexanizmləri ortaya qoymasını istəyir. Aksiyaya bəzi müxalifətçi millət vəkilləri də qoşulub.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Aydın Mirzəzadə də dünən Trend a açıqlamasında həbsdə olan jurnalistlərin azadlığa buraxılması üçün prezidentə müraciət edilməsinin vacibliyini bildirib.

YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı hakimiyyətin müxalifətlə dialoqa hazır olduğunu deyib.

Cəlaloğlu hesab edir ki, hazırda ən optimal çıxış yollarından biri hakimiyyətlə danışıqların aparılmasıdır. "Cəmiyyətdə tanınmış ziyalılar belə danışıqların aparılmasına cəlb edilməlidirlər. Mənim fikrimcə, dövlət başçısı ilə görüşə də cəhdlər olunmalı və bu iş mütəmadi xarakter almalıdır" ADP sədri əlavə edib.

Cəlaloğlu hesab edir ki, azad mətbuat dövlət başçısına hamıdan daha çox lazımdır. Prezidentin ölkədə azad mətbuatın olmasını istməməsini söyləmək isə doğru deyil.

Müxalif Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı cümə günü Trend a bildirib ki, həbsdə olan jurnalistlərin azadlığa buraxılması üçün dövlət başçısına müraciət edilməsi və hakimiyyətlə danışıqların aparılmasına normal yanaşır. Hacılı hesab edir ki, bununla bağlı hakimiyyətlə danışıqlar başlansa, Azərbaycan cəmiyyəti normal qarşılayar.

Sağ təmayüllü partiya olan ADP 1991-ci ildə Cəlaloğlu tərəfindən təsis edilib. Partiya ötən ilin yanvarınadək iqtidara qarşı radikal müxalif mövqedə olub. Ötən ilin yanvarında ADP-nin hakimiyyətlə dialoq qurulması ilə bağlı yeni siyasi kursu qəbul edilib. Buna etiraz olaraq keçmiş sədr Rəsul Quliyev və tərəfdarları ADP-dən imtina edərək özlərinin Açıq Cəmiyyət Pariyasını (ACP) yaradıblar.

Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan Parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya beş nəfər deputatla Parlamentdə təmsil olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti