...

Iran nüvə planını dayandırmasa, müharibə qaçılmazdır - politoloqlar

Siyasət Materials 4 Aprel 2008 13:06 (UTC +04:00)

İsrail, Qüds, 04 aprel / " , müxbir D.Xatınoğlu, R.Abdullayev/ İran beynəlxalq ictimaiyyətin tələbinə baxmayaraq uranın zənginləşdirilməsi proqramını davam etdirərsə, son variant sayılan müharibə qaçılmaz olacaq. "Iran nüvə planını dayandırmasa, müharibə yaxın aylarda başlanacaq" - deyə iranlı politoloq Mehran Bərati Trend a bildirib.

BBC-nin aprelin 4-də yaydığı məlumata əsasən, İran "Nətənz" nüvə stansiyasında yeni sentrifuqalar quraşdırıb. Amerikalı ekspert Devid Alberayt "Associated Press"ə verdiyi müsahibədə İranın nüvə stansiyalarında quraşdırdığı sentrifuqalarla bir il ərzində nüvə bombası istehsal edə biləcəyini bildirib.

"Rəsmi Tehran uranın zənginləşdirilməsini dayandırmasa, yəqin ki, yaxın aylarda İrana hərbi hücum olunacaq, lakin bu hücum ABŞ yox, İsrail tərəfindən ola bilər" - deyə Almaniyada fəaliyyət göstərən iranlı politoloq Bərati cümə günü Berlindən telefonla bildirib.

Bərati istisna etmir ki, İran iki həftə ərzində uranın zənginləşdirilməsini dayandıracaq. "İranın dini rəhbəri Əli Xameneinin Novruz bayramında verdiyi bəyanat bir növ İranın güzəştə məcbur olmasını göstərirdi. Tehran müharibə təhlükəsinin ciddi bir mərhələyə keçdiyini hiss edib və xarici qüvvələr qarşısında müqavimət etməsi də mümkun deyil" - deyə beynəlxalq münasibətlər üzrə iranlı ekspert bildirib.

Bərati müharibənin kimin tərəfindən başlanması məsələsinə toxunaraq, bildirib ki, NATO qüvvələrinin hərbi əməliyyatı yalnız müdafiə xarakteri daşıyır, ABŞ, yaxud digər bir ölkə isə beynəlxalq ictimaiyyətdən icazəsiz İrana hücum edə bilər. "ABŞ bu istiqamətdə planlarını sürətlə həyata keçirir və İranın cənub sərhədlərində qoşunlarını hazırlıq vəziyyətinə çatdırıb. Vaşinqton beynəlxalq ictimaiyyətin İranın nüvə planı ilə bağlı fikiri mənfi olduğu üçün rəsmi Tehranı daha cəsarətlə təhdid edir" - deyə Bərati bildirib. Onun fikrincə, İsrailin İrana hücumundan sonra NATO, Amerika və bəzi Qərb ölkələri də İsrailə dəstək verməklə İrana qarşı müharibəyə qatılacaqlar.

"Əgər beynəlxalq sanksiyalar nəticə verməsə və İranın nüvə proqramının hərbi komponentinin dayandırılmasına gətirib çıxarmasa, dünya güc siyasətinə keçməyə məcbur olacaq. Aydındır ki, bu, vəziyyətdən çıxış yolu deyil, çünki bu cür addım regionuu dağıdacaq. Lakin çətin ki, digər çıxış yolu olsun" - bu barədə Trend a cümə günü Qüdsdə Yəhudi Universitetinin Asiya və Afrika ölkələri İnstitutunun eksperti Vladimir Mesamed bildirib. İsrail ekspertinin rəyinə görə, 2007-ci il dekabrın 4-də Amerika xüsusi xidmət orqanlarının İranın hələ dörd il əvvəl hərbi atom proqramını dayandırmasını təsdiq edən hesabatından sonra, İranın nüvə silahına sahib olması ilə bağlı problem digər mərhələyə keçdi. "Burada İsrail praktiki olaraq prezident Əhmədinejadın fundamentalist rejimi ilə təkbətək qalır" - deyə o bildirib.

Mesamed hesab edir ki, əgər bir neçə ilə bundan öncə Buş administrasiyası fəal şəkildə İranın nüvə proqramının qarşısını almağa cəhd göstərirdisə, bu gün Vaşinqton bu "əsəbləri oynadan" məsələdə yalnız müşahidəçidir.

Mesamed həmçinin qeyd edib ki, Novruz bayramından sonra "İran" qəzetinin növbəti nömrəsində amerikalıların İran ilə münasibətlərin yoluna qoyulmasına cəhd göstərmələri barədə məqalə çap olunub. Bu nöqteyi-nəzərdən, Mesamedin fikrinə görə, Amerikanın İranın molla rejiminə qarşı hərbi aksiyalarına dair istənilən proqnozlarının vaxtı deyil. Mesamedin fikrincə, dünya ictimaiyyətinin İranın nüvə proqramına münasibətdə susduğu və fəaliyyət göstərmədiyi vəziyyətdə, Tehran və Əhmədinejad rejimi qızğın surətdə silahlanmağı davam etdirir, nüvə başlıqları üçün uran ehtiyatları toplayır, regionda bütün ekstremist qruplaşmaları maliyyələşdirir və beynəlxalq terrorçuluq siyasətini davam etdirir.

Xəbər lenti

Xəbər lenti