...

Azərbaycanın hakim partiyası ölkənin bütün siyasi təşkilatları ilə Qarabağa dair danışıqlar aparılmasını vacib saymır

Siyasət Materials 4 Aprel 2008 15:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 aprel / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın hakim partiyası ölkənin bütün siyasi təşkilatlarının iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında yaranmış vəziyyətin müzakirə olunması üçün forumun keçirilməsini və vahid sənədin qəbul olunmasını dəstəkləmir. "Çünki Azərbaycanın bütün siyasi partiyalarının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi eynidir. Eyni zamanda, bu mövqeyi ayrılıqda cəmiyyətə və beynəlxalq təşkilatlara çatdırmaq imkanı var. Ona görə də bütün partiyaların iştirakı ilə forumun keçirilməsinə ehtiyac yoxdur", - deyə cümə günü jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi, deputat Əli Əhmədov bildirib.

Azərbaycanın müxalif Demokrat Partiyası (ADP) hesab edir ki, iqtidarla müxalifət arasında Dağlıq Qarabağ məsələsində yaxınlaşma var və məsələ ilə bağlı dialoq aparılmalı və ümumi prinsiplər razılaşdırılmalıdır. Eyni zamanda, bu yaxınlaşma dialoqun başlanılmasına qədər inkişaf etdirilməlidir.

Ötən ay BMT-də "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında" Qətnamə layihəsi qəbul edilib. ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin sənədin əleyhinə səs verməsi həm iqtidar, həm də müxalifət tərəfindən kəskin şəkildə pislənilib.

Əhmədovun fikrincə, partiyaların Dağlıq Qarabağla bağlı ortaq maraq və mövqeyi olduğu üçün bunu yenidən bəyan etmək məqsədilə toplaşmağa ehtiyac yoxdur: "Dağlıq Qarabağ məsələsində partiyaların mövqeyi əsasən Azərbaycanın milli maraqları ilə üst-üstə düşür . BMT Baş Assambleyasında "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında" Qətnamə layihəsi qəbul oluan zaman bəzi dövlətlərin tutduqları mövqeyə partiyaların əksəriyyəti eyni reaksiya verdilər. Bu isə onu göstərir ki, partiyaların mövqeyi eynidir".

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk qrupu vasitəçilik edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti