...

Siyasətdən gedən Azərbaycanın müxalifət partiyasının sədri dinlə məşğul olacaq

Siyasət Materials 7 Aprel 2008 15:10 (UTC +04:00)
Siyasətdən gedən Azərbaycanın müxalifət partiyasının sədri dinlə məşğul olacaq

Azərbaycan, Bakı, 07 aprel/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan müxalifətini təmsil edən Milli Demokrat Partiyasının sədri, Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidov siyasətdən getdiyini bəyan edib. "Mən partiya sədrliyindən istefa verməklə yanaşı, siyasətdən getmək haqda qərar qəbul etmişəm", - deyə bazar ertəsi Trend a açıqlamasında Azərbaycan Milli Demokrat Partiyasının (AMDP) keçmiş sədri Həmidov bildirib.

Şənbə günü AMDP Siyasi Şurasının iclası keçirilib. İclasda Həmidov sədr vəzifəsindən istefa verdiyini bildirib. Siyasi Şura istefanı qəbul edib.

"Son zamanlar özümə qapanmışam, dinlə məşğul oluram. Bundan başqa, özünü "aparıcı" adlandıran partiyaların xalqı aldatması, vətəndaşlara əsassız vədlər verməsi, siyasətdə baş verən mənəviyyatsızlıqlar məni siyasətdən getmək haqda qərar verməyə məcbur etdi. Son beş ildə siyasətdən getmək haqda düşünürdüm", - deyə Həmidov əlavə edib.

O bildirib ki, tənhalığa çəkilib, son illər Azərbaycan siyasətində baş verən proseslər, həbsxanada olduğu dövrlə bağlı kitab yazmaq istəyir: "Az insan görmək üçün kənddə yaşayacam. Bütün məlumatları hazırladıqdan sonra junalistlərin birinin köməyi ilə kitab yazacam".

Həmidov hesab edir ki, AMDP-də partiyanı idarə etməyə hazır olan şəxslər var: "Partiya fəaliyyətini davam etdirir. Hazırda partiyanı Oqtay Xəlil idarə edir. Qurultay olacaq və yeni sədr seçiləcək".

Partiya qurultaya hazırlaşır və bunun üçün Təşkilat Komitəsi yaradılıb. Hazırda AMDP-yə rəhbərliyi sədrin müavini Oqtay Xəlilin başçılıq etdiyi qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi həyata keçirir.

Onun sözlərinə görə, hazırda partiyada sədr olmaq istədiyini açıqlayan yoxdur.

AMDP 1993-cü ildə yaradılıb və ilk adı "Boz Qurd" Partiyası olub. 1994-cü ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. 1995-ci ildə Ali Məhkəmə partiyanın adının müvafiq olmadığını əsas gətirərək "Boz Qurd"un dövlət qeydiyyatını ləğv edib. Partiya qeydiyyat problemini həll etmək üçün 1999-cu ildə keçirdiyi ikinci qurultayında adını dəyişib və Milli Demokrat Partiyası adlandırılıb. Lakin Ədliyyə Nazirliyi partiyanı qeydiyyata almaqdan imtina edir. Partiya sədri, sabiq daxili işlər naziri Həmidov 1995-2004-cü illərdə həbsdə olub. 14 il azadlıqdan məhrum edilən Həmidov 2004-cü ildə prezidentin əfv fərmanı ilə azadlığa çıxıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti