...

Azərbaycanın Rusiyadakı səfirliyi bu ölkənin XİN-inə "DQR" nümayəndələrinin Moskvada keçirilən beynəlxalq konfransa dəvət edilməsinə görə öz etirazını bildirib

Siyasət Materials 8 Aprel 2008 01:14 (UTC +04:00)
Azərbaycanın Rusiyadakı səfirliyi bu ölkənin XİN-inə "DQR" nümayəndələrinin Moskvada keçirilən beynəlxalq konfransa dəvət edilməsinə görə öz etirazını bildirib

Rusiya, Moskva, 7 aprel / Trend müxbir R.Ağayev / Azərbaycanın Rusiyadakı səfirliyi bu ilin martın 28-də Moskvada MDB ölkələri institutunun keçirdiyi "Kosovodan sonra: tanınmamış ölkələrin birliyi tanınmaq yolunda" beynəlxalq konfransa işğalçı Dağlıq Qarabağ rejimi nümayəndələrinin dəvət edilməsi ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinə öz etirazını bildirib. Bu haqda mətbuat üçün hazırlanan məlumatda bildirilir.

2008-ci ilin martın 28-də Rusiya Dövlət Dumasının MDB işləri və həmvətənlərlə əlaqələr üzrə Komitəsi sədrinin birinci müavini K.Zatulinin rəhbərlik etdiyi MDB ölkələri İnstitutu "Kosovodan sonra: tanınmamış ölkələrin birliyi tanınmaq yolunda" adlı beynəlxalq konfrans keçirib. Həmin konfransa Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən qeyri-qanuni rejimini nümayəndələri dəvət edilib. Tədbirdə həmçinin Rusiya hakimiyyət orqanlarının təmsilçiləri də iştirak edib.

Sözügedən faktla əlaqədar səfirlik müvafiq tədbirlər görüb və 2008-ci ilin aprelin 7-də Rusiya Xarici İşlər Nazirliyinə etiraz məktubu göndərib. Məlumatda deyilir ki, sənəddə K.Zatulinin qanuna zidd fəaliyyətinə aydın və sərt formada münasibət bildirilib. Rusiya Konstitusiyasına əsasən K.Zatulin qanunvericilik hakimiyyətinin nümayəndəsidir və üstəlik MDB məsələləri ilə məşğul olan parlament komitəsinin birinci müavinidir. Sənəddə bu cür fəaliyyətin məqbul olmaması vurğulanıb.

Səfirlik həmçinin açıq-aydın bəyan edib ki, konfransa Rusiya Xarici İşlər Nazirliyi və Moskva Hökuməti nümayəndələrinin dəvət edilməsi iki ölkə arasında bağlanılmış müqavilələrdə və digər siyasi-hüquqi sənədlərdə əksini tapmış mövcud strateji əməkdaşlıq əlaqələrin ruhuna cavab vermir.

Etiraz məktubunda Rusiya Xarici İşlər Nazirliyindən sözügedən konfransın keçirilməsi ilə bağlı izahatın verilməsi və gələcəkdə bu cür halların təkrarlanmaması xahiş olunub.

Məqalənin müəllifi ilə bu ünvan vasitəsi ilə əlaqə saxlamaq olar - [email protected]

Xəbər lenti

Xəbər lenti