...

Azərbaycan parlamenti dövlət büdcəsinin yenidən artırılması məsələsinə baxacaq

Siyasət Materials 10 Aprel 2008 17:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 aprel / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamenti may ayında dövlət büdcəsinin yenidən artırılması məsələsinə baxacaq. "Dövlət büdcəsinə yenidən baxılması dünya bazarlarında neftin qiymətinin artması ilə bağlıdır", - deyə cümə axşamı Trend ə açıqlamasında Azərbaycan parlamentinin İqtisadi siyasət daimi komissiyasının üzvü Vahid Əhmədov bildirib.

Azərbaycanın 2008-ci il üçün dövlət büdcəsinin gəlirlər hissəsi 7 milyard 392 milyon 500 min manatdır. 2007- ci ildə büdcənin gəlirləri 5 milyard 771 milyon manat, xərcləri isə, 6 milyard 315 milyon manat olub. Son bir neçə ildə dövlət büdcəsi hər il böyük məbləğdə artırılır.

2008-ci ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 50 ABŞ dolları göstərilib. Hazırda dünya bazarlarında neftin bir barelinin qiyməti 100 dollardan baha satılır.

"Neftin qiyməti artdığına görə, dövlət büdcəsinə böyük məbləğdə əlavə vəsait daxil olur. Bu vəsait dövlət büdcəsində əks olunmalıdır və bunun hansı sahələrə xərclənməsi büdcə vasitəsi ilə tənzimlənməlidir", - deyə Əhmədov əlavə edib.

Onun sözlərinə görə, büdcənin həm gəlir, həm də xərclər hissəsinin artırılması nəzərdə tutulub.

Millət vəkili bildirib ki, dünya bazarlarında neftin qiymətinin artması nəticəsində, ilin sonuna qədər 3 milyard manata yaxın əlavə vəsaitin daxil olacağı gözlənilir. Bunun nə qədərinin büdcə vasitəsi ilə xərclənəcəyini hökumət müəyyən edəcək.

"Dünya bazarlarında, o cümlədən Azərbaycanda istehlak mallarının qiyməti artır. Ona görə də, büdcəyə yenidən baxılarkən, əhalinin aztəminatlı hissəsinin təqaüdlərini, ünvanlı sosial yardımı, minumum yaşayış məbləğini artırmaq vacibdir", - deyə Əhmədov qeyd edib.

Büdcənin artırılması əvvəlcə parlamentin İqtisadi siyasət daimi komissiyasında müzakirə olunacaq. Sonra məsələ Milli Məclisdə hökumət nümayəndələrinin iştirakı ilə müzakirə olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti