...

Azərbaycan hakimiyyətinin namizədini dəstəkləyən təşkilatların sayı 10-u ötüb

Siyasət Materials 11 Aprel 2008 11:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 aprel / Trend , müxbir Q.Cəbiyev/ Azərbaycanda prezident seçkisinə 7 ay vaxt qalmasına baxmayaraq, hazırda 10-dan artıq siyasi partiya hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyevin namizədliyini dəstəkləyəcəyini açıqlayıb. "İqtidaryönlü partiyaların təmsil olunduğu Məşvərət Məclisində təmsil olunan 8 partiya prezident seçkisində Əliyevin namizədliyini dəstəkləyəcəyini ifadə edib. Bu məsələ ilə bağlı qurumda hər hansı fikir müxtəlifliyi yoxdur" cümə günü Trend a YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.

Azərbaycanda seçki oktyabrın 15-də keçiriləcək. Üç müxalifət partiyasının təmsil olunduğu "Azadlıq" bloku seçki komissiyaları paritet əsasda formalaşmayacağı təqdirdə seçkini boykot edəcəyini açıqlayıb.

Məşvərət Məclisində Yeni Azərbaycan, Ana Vətən, Sosial Rifah, Demokratik Maarifçilik, Respublikaçılar, Demokratik Azərbaycan Dünyası, Milli Dövlətçilik və Azərbaycan Naminə Alyans partiyaları təmsil olunur.

Məşvərət Məclisinin üzvü, Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Məmməd Əlizadə Trend a bildirib ki, partiyanın qurultayında Əliyevin namizədliyinin irəli sürüləcəyi birmənalıdır.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da analoji mövqedən çıxış edib. "Məşvərət Məclisində təmsil olunan partiyalar həmişə bir mövqedən çıxış ediblər. İndiki seçkidə də belə olacaq"- deyə o vurğulayıb.

Müxalif Vəhdət Partiyasının sədri Tahir Kərimli isə Trend a bildirib ki, artıq partiya Əliyevin namizədliyini dəstəkləmək niyyətini ifadə edib və bunun yaxın aylarda rəsmiləşməsi nəzərdə tutulur. "Qərarımızın dəyişməsi isə gözlənilmir" - deyə o söyləyib.

Seçkidə Əliyevin qələbəsinin qaçılmaz olduğunu bəyan edən Vətəndaş Həmrəyliyi və Sosial Demokrat partiyalarından isə Trend a bildiriblər ki, seçkidə Əliyevin namizədliyinin dəstəklənməsi mümkündür.

Siyasi partiyalardan başqa, artıq Azərbaycan Həmkarlar Konfederasiyası və Qızıl Aypara Cəmiyyəti də qurultaylarında Əliyevin namizədliyini irəli sürüblər.

Seçkidə iştirak edən müxalifət partiyaları isə hələlik hər hansı partiyanın dəstəyini ala bilməyiblər. Müsavat Partiyasının Məclis sədri Sülhəddin Əkbər deyib ki, partiya bu il narazı elektoratla işləmək taktikası götürüb və başqa təşkilatların dəstəyini almaqdan daha çox yeni taktikanın reallaşması üçün iş aparır.

Sərdar Cəlaloğlunun namizədliyini irəli sürən Azərbaycan Demokrat Partiyasının (ADP) Ali Şurasının üzvü Qurban Məmmədov isə bildirib ki, partiya vahid komanda konsepsiyasını irəli sürüb. Onun sözlərinə görə, ayrı-ayrı partiyalarda təmsil olunan şəxslər bu ideyanı dəstəkləyib. Həmin şəxslərin adları seçki kampaniyası zamanı açıqlanacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti