...

Azərbaycan Parlamentinin Seçki Məcəlləsinə dair dəyişiklikləri qəbul etməsi labüddür – Venesiya Komissiyasının katibi (MÜSAHIBƏ)

Siyasət Materials 11 Aprel 2008 11:43 (UTC +04:00)

Fransa, Strasburq, 10 aprel / Trend , müxbir A.Məhərrəmli/ Avropa Şurası Venesiya Komissiyasının katibi Canni Bukikkio-nun Trend a eksklüziv müsahibəsi

- "Sərbəst toplaşmaq azadlığı" haqqında qanuna və Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı Venesiya Komissiyası ilə Azərbaycan arasındakı müzakirələri başa çatmış hesab etmək olarmı?

- Seçki Məcəlləsi və "Sərbəst toplaşmaq azadlığı"haqqında qanunla bağlı aparılan müzakirələri bitmiş hesab etmək olmaz. Seçki Məcəlləsi ilə bağlı biz aralıq rəy vermişik və ümid edirəm ki, dəyişiklik və əlavələri əks etdirən qanun layihəsi tez bir zamanda Milli Məclis tərəfindən qəbul ediləcək. Venesiya Komissiyası bu Məcəlləyə dair yekun rəyini nəticələrdən asılı olaraq iyun ayında verəcək. Biz hələ də ümid edirik ki, Milli Məclis dəyişiklərə dair bizim rəyimizi nəzərə alacaq. Üstəlik, Milli Məclis Seçki Məcəlləsinin daha önəmli müddəalarına - seçki komissiyalarının tərkibinin formalaşdırılması - dəyişiklik etməyin mümkünlüyü barədə düşünəcək.

- Bu iki qanuna dair Venesiya Komissiyasının hansı təkliflərini Azərbaycan hakimiyyəti qəbuledilməz sayır? Həmçinin hansı təkliflər barədə razılığa gəlinib?

- Bu suala mərhələ ilə cavab verəcəm. Seçki Məcəlləsinə gəldikdə, deyə bilərəm ki, çox sayda məsələlərlə bağlı geniş və eyni nöqtəyə yönələn mövqelərimiz var. Azərbaycan hakimiyyət orqanları ilə əməkdaşlıq etdiyimiz vaxtdan irəliləyişlərin əldə olunması inkar edilməzdir. Bu Məcəllə ilə bağlı son dəyişiklər, o cümlədən seçki şikayətlərinə dair dəyişikliklər nəzəri baxımdan yaxşı təsir bağışlayır və bu sahədə ortaya çıxacaq problemləri həll etməyə imkan verə bilər. Onların həlli seçki prosesində iştirak edən tərəflər üçün daha asan, tez və təminatlı ola biləcək. Önəmli olan bunun Parlament tərəfindən qəbul edilməsindən sonra praktikada hansı formada tətbiq edilməsidir. Azərbaycan hakimiyyətinı bu müddəaların praktikada uyğun şəkildə tətbiq etməyə çağırıram. Yaxşı istiqamətdə gedən digər məsələ seçici suyahıları ilə bağlıdır. Bu sahədə irəliləyişlər əldə olunub. Ümid edirik ki, bu, seçici siyahılarını qaydaya salmağa imkan verəcək. Seçki komissiyalarının tərkibinin formalaşdırılması qalır. Heç bir dəyişiklik seçki komissiyalarının tərkibinin formalaşdırılmasını nəzərdə tutmur. Biz buna dair dəyişiklik verə bilmədik, lakin biz bu məsələyə dair əvvəllər rəy vermişik. Həmin rəydə göstərmişdik ki, seçki komissiyaları elə formalaşdırılmalıdır ki, bu, bütün seçki prosesində iştirak edən tərəflərə - siyasi partiyalar, namizədlər və xüsusilə ictimai rəyə - təminat versin. Sözügedən tərəflərin həm Mərkəzi Seçki Komissiyasına, həm də ərazi seçki komissiyalarına inamı və etibarı olsun. Səy göstərmək lazımdır. Bizə bunun siyasi bir məsələ olduğu bildirildi. Ona görə texniki səciyyəli dəyişiklik yoxdur. Umid edirəm ki, Parlament bununla bağlı irəliləyişlər edə biləcək. O, suverendir və müstəqil bir qurumdur. Digər tərəfdən, Parlament Seçki Məcəlləsinin təklif edilmiş qanun dəyişiklikləri əsasında yenidən nəzərdən keçirilməsi zamanı yaxşı seçkilərin keçirilməsi üçün seçki prosesinə inamın yaranmasına imkan verəcək seçki komissiyalarının tərkibinin formalaşdırılmasını nəzərdə saxlaya bilər.

- Azərbaycan hakimiyyəti tərəfindən tənqidi yanaşılan tövsiyələrin qəbul olunma şansları haqqında nə deyə bilərsiniz?

- Oktyabrda keçiriləcək prezident seçkilərini nəzərə alsaq, Seçki Məcəlləsinə dair dəyişiklərin Parlamentdə müzakirəsi və qəbulu çox zəruridir. Biz həmişə bunların seçkilərdən altı ay öncə qəbul edilməsini tövsiyə edirik. Əlbəttə ki, bu, sifariş deyil. Seçkilərin yaxınlaşdığı bir dövrdə seçki prosesini uyğun qanunvericilik çərçivəsində həyata keçirmək üçün oyun qaydalarının əvvəlcədən bəlli olması lazımdır. Milli Məclisin yaz sessiyası zamanı Seçki Məcəlləsinə dair dəyişikləri qəbul etməsi lazımdır.

Sərbəst toplaşmaq azadlığı barədə onu deyə bilərəm ki, düzgün və yaxşı seçki qaydalarından əlavə, seçkilərin beynəlxalq və Avropa standartlarına uyğun olması üçün seçki kampaniyasında bəzi təminatlar verilməlidir. Bu təminatlardan biri vətəndaşların sərbəst formada fikirlərini izah etməsi, sərbəst şəkildə toplaşması və nümayişlərdə iştirak etməsidir və s. Bu qanunun təkmilləşdirilməsi ilə bağlı biz keçən il dekabr ayından Azərbaycan tərəfi ilə sıx əməkdaşlıq etdik və beynəlxalq standartlara uyğun ola biləcək qanun layihəsinə dair rəy qəbul etdik. Hazırkı vəziyyətdə qanun layihəsi qlobal şəkildə daha yaxşı layihədir. Bir daha Azərbaycan hakimiyyətini və Milli Məclisi bu qanunun indiki formada qəbul edilməsinə çağırıram. Mən bunu ona görə deyirəm ki, bir çox ölkələrdə seçkidən əvvəl və sonra bəzi problemlər ortaya çıxmışdı. Avropa Şurasında sərbəst toplaşmaq məsələsinə dair sərtləşmə hiss etdik. Bu, müqəddəs və fundamental bir azadlıqdır və seçki kampaniyasında hər kəsin sərbəst ifadəsi üçün mövcud olmalıdır. Yaxşı olardı ki, MM yaxşı olan qanun düzəlişləri əsasında bir qanunu qəbul etsin və bunun tətbiq edilməsinə məsul olan hakimiyyət orqanları onu duzgün formada həyata keçirsinlər. Burada da əsas məsələ qanunun tətbiqi ilə əlaqədardır. Keyfiyyətli qanunun hazırlanması yetərli deyil, bu qanun habelə keyfiyyətli şəkildə tətbiq edilməlidir.

Yaxşı seçkilərin keçirilməsinə imkan verən üçüncü məqam mətbuat azadlığıdır. Azərbaycan mətbuatını oxuyanda problemlərin olduğunu görürük. Azərbaycan tərəfinin mətbuatın tam azadlığını təmin etmək üçün əlavə səy göstərməsi lazımdır. Elə etmək lazımdır ki, jurnalistlər həbs olunmasın və fiziki zorakılığa məruz qalmasın. Onlar öz peşələrini sərbəst şəkildə yerinə yetirsinlər. Bu üç şərt yerinə yetirilərsə, əminəm ki, yaxşı seçki təşkil etmək olar. Azərbaycanın köhnə dostu kimi tam əmin olmaq istəyirəm ki, oktyabrda keçiriləcək seçkilər ölkənizin heç vaxt görmədiyi daha yaxşı seçkilər olacaq. Bu seçkilər tənqid edilməyəcək və Azərbyacanın da üzvü olduğu Avropa ailəsinin norma və standarlarına uyğun şəkildə keçiriləcək. Təəssüflər olsun ki, əvvəlki seçkilərə beynəlxalq təşkilatlar tərəfindən tənqidi münasibət olub.

- Əgər Venesiya Komissiyasının təqdim etdiyi bəzi tövsiyələrə dair razılığa gəlinməsə, məsələ necə həll olunacaq? Buna nail olmaq üçün hansı vasitələr var?

- Venesiya Komissiyasının təklifləri məcburi deyil. Onların qəbul edilməsinə ümid edirəm. Əməkdaşlıq etdiyimiz ölkələrlə biz tövsiyələri məmnunluq xatirinə vermirik. Bunu bizdən Avropa müdrikliyini paylaşmaq üçün sözügedən ölkə istəyir. Seçki və sərbəst toplaşmaq azadlığı sahəsində Azərbaycan qanunvericiliyinin İtaliya, İsveç və s. ölkələrin qanunvericiliyndən çox da fərqli olmamasına cəhd edirik. Bir daha qeyd edim ki, hamımız eyni Avropa ailəsinin üzvləri olmaqla ümumi dəyərləri paylaşırıq. Ona görə qanunvericiliyin eyni norma və standartlara cavab verməsi üçün mümkün qədər uyğunlaşdırılması lazımdır. Təklif olunan tövsiyələrin hansı dərəcədə yerinə yetirilməsinə dair siyasi fəaliyyətlər var. Bununla AŞPA Monitorinq qrupu, Nazirlər Komitəsinin "Aqo" qrupu məşğul olur. Azərbaycanla əvvəllər münasibətlər yüksək səviyyədə olduğu kimi, ümid edirik ki, tövsiyələrimiz qəbul olunacaq və ən əsası onun əsasında hazırlanacaq qanunvericilik düzgün tətbiq ediləcək.

- Venesiya Komissiyası Azərbaycan hakimiyyət qurumları ilə əməkdaşlıq edir. Siyasi partiyaların, xüsusilə müxalifət partiyalarının bu prosesdə iştirakını necə qiymətləndirirsiniz və onların irəli sürdüyü təkliflər nə dərəcədə nəzərə alınıb?

- Bizim qanunları tərtib edənlərlə tərəfdaşlıq edirik. Əlbəttə ki, biz Azərbaycanın bütün siyasi spektrlərindən gələn fikirlərə və mövqelərə diqqət ayırırıq. Biz əksəriyyətin və müxalifətin mövqeyini bilirik Hamıda inam yaradacaq işi görməyə cəhd edirik. Bizim nöqteyi-nəzərimiz budur. Digər tərəfdən, həm əksəriyyətin, həm də müxalifətin öz fikirləri, ideyaları var. Onlar arasında ortaq nöqtə tapmaq çətindir. Biz bu mövqeləri yaxınlaşdıra biləcək, qanunverici baza əsasında həll yolları təklif etməyə cəhd edirik. Müxalifət əksəriyyətlə heç vaxt razı olmayacaq və əksinə. Lakin texniki məsələlərə dair razılığın, xüsusilə etimadın əldə olunması üçün ümumi konstruktiv münasibət ortaya qoyula bilər. Qanunverici baza müxtəlif siyasi güclər arasında, xüsusilə ictimai rəyin hakimiyyət qurumlarına etimad göstərməsinə imkan verməlidir. Bir neçə ay bundan öncə Bakıda Dəyirmi masa keçirildi. Müxalifət partiyaları Seçki Məcəlləsinin islahatı ilə bağlı dəvət olunmuşdu, amma onların hamısı iştirak etmirdi. Dəyirmi masada müzakirələr iki əsas narahatlıq doğuran məsələlər - seçki komissiyalarının tərkibinin təşkili və seçkilərdə yaranan mübahisələrin həlli - ətrafında qurulmuşdu. Avropa Şurası və bizim tərəfdaşlarımız olan digər beynəlxalq təşkilatlar bütün siyasi partiyaları bu masaya dəvət etmişdilər. Bəzi partiyalar bu müzakirələrdə iştirak etmək istəmədilər. Bütün irəli sürülmüş ideyalar, təkliflər, layihələr Venesiya Komissiyası məruzəçiləri tərəfindən hakimiyət orqanları ilə təmaslarında nəzərə alınmışdı. Biz seçki prosesində iştirak edən müxtəlif siyasi qüvvələrin mövqelərini nəzərə alırıq. Onu da əlavə edim ki, biz yalnız hakimiyyət qurumlarından rəylər, sorğular qəbul edə bilərik. Nizamnaməmizdə əks olunan qaydalara görə, iqtidar və ya müxalifətdən olan hər hansı bir siyasi partiya bizə müraciət edə bilməz. Lakin bütün fəaliyyətlərimizdə biz yerli səviyyədə mövcud olan vəziyyəti nəzərə alırıq. Biz həmçinin müxalifətin təkliflərinə, istəklərinə, tələblərinə diqqət yetiririk. Hakimiyyət institutları ilə işləyərkən, ilk öncə işimiz əsasən standartlara əsaslanır. Tərəfdaşlarımızla Avropa standartlarını paylaşmağa cəhd edirik ki, hazırlanan qanunvericilik bunlara uyğun olsun. Habelə biz, bütün siyasi qüvvələrin tələbləri əsaslandırılmış və standartlara uyğun olduğu halda onları da nəzərə alırıq. Bizim üçün önəmli olan Azərbaycan və digər üzv dövlətlərin qanunvericiliyinin mümkün qədər AŞ-nin normalarına uyğun olmasıdır.

- Builki prezident seçkilərinə qədər hər iki qanuna dəyişikliklərin qəbul edilməsi və səmərəli şəkildə tətbiq olunması şansları nə dərəcədə realdır?

- Umid edirəm ki, tövsiyələrimiz əsasında Seçki Məcəlləsinə dair qanun dəyişiklikləri Parlament tərəfindən uyğun zamanda qəbul ediləcək. "Sərbəst toplaşmaq azadlığı" haqqında qanuna gəldikdə, Venesiya Komissiyası ilə işlənib hazırlanan layihəni qlobal olaraq yaxşı səciyyələndiririk. Yaxşı olardı ki, Parlament bu qanun layihəsini hazırda təklif edilmiş formada qəbul etsin və düzgün şəkildə tətbiq olunsun. Əgər hər iki qanun Parlamentdə müzakirə olunaraq qəbul edilərsə, Venesiya Komissiyası cari ilin iyun ayında onlara yekun rəy verə bilər.

- Azərbaycanla bağlı digər qanun layihələrinin hüquqi ekspertizasını aparırsınızmı? Azərbaycana yaxın zamanlarda səfəriniz gözlənilirmi?

- Hazırda Venesiya Komissiyası önəmli olan iki sənəd üzərində işləyir. Əgər digər qanunların ekspertizasının aparılmasına lüzum olarsa və Azərbaycan hakimiyyət orqanları əməkdaşlıq etmək üçün bizə bununla bağlı müraciət edərsə, böyük məmnuniyyətlə bunu edərik. Azərbaycanla əməkdaşlıq etməyə həmişə hazırıq.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin yaranmasının 10 illiyi münasibətilə Venesiya Komissiyası ilə birgə 14-15 iyul 2008-ci il tarixlərində təşkil ediləcək konfransda iştirakım nəzərədə tutulub.

Xəbər lenti

Xəbər lenti