...

"Azadlıq" qəzetinin əməkdaşı ilə bağlı istintaq hərəkətləri dayandırılıb-vəkil

Siyasət Materials 14 Aprel 2008 17:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın müxalifətyönlü "Azadlıq" qəzeti əməkdaşının bıçaqlanması ilə bağlı Respublika Prokurorluğu tərəfindən açılan cinayət işi üzrə istintaq hərəkətləri dayandırılıb. "Aqil Xəlil istintaq araşdırmalarında iştirakdan və müstəntiqlərlə əməkdaşlıqdan imtina etdiyinə görə, bıçaqlanma faktı ilə bağlı aparılan istintaq hərəkətləri dayandırılıb", - deyə bazar ertəsi Trend a açıqlamasında Aqil Xəlilin vəkili Elçin Sadıqlı məlumat verib.

Baş Prokurorluq "Azadlıq" qəzetinin qeyri-ənənəvi cinsi oriyentasiyaya malik olan şəxslər tərəfindən bıçaqlandığı iddia olunan müxbirinə işgəncə verilməsi və ondan zorla ifadə alınması ilə bağlı, nəzarət qaydasında icraata başlayıb. Respublika Prokurorluğunun yaydığı məlumatda qeyd olunur ki, Aqil Xəlil martın 13-də qeyri-ənənəvi cinsi oriyentasiyaya malik olan şəxslər tərəfindən bıçaqlanıb. Xəlil baş prokurora müraciət edərək, ifadəsi alınarkən ona istintaq qrupunun əməkdaşları tərəfindən işgəncə verildiyini və zorla ifadə alındığını bildirib.

Vəkilin sözlərinə görə, istintaqın bu mərhələsində jurnalistin digər şahidlərlə üzləşdirilməsi keçirilməli idi. Lakin zərərçəkən istintaqa getmədiyinə görə, üzləşdirmə baş tutmayıb. Vəkil qeyd edib ki, istintaq qrupu tərəfindən dindirilməyə dəvət olunanlar qeyri-ənənəvi cinsi oriyentasiyaya malik olan şəxslərdir.

"İstintaq qrupu tərəfindən Xəlilə işgəncə verilməsi hallarının araşdırılması ilə bağlı baş prokuror Zakir Qaralova müraciət etmişik. Qanunvericiliyə görə, baş prokuror müraciətimizə cavab verməyənə qədər iş üzrə heç bir istintaq hərəkəti aparıla bilməz. Baş prokuror 48 saat ərzində müraciətimizə cavab verməlidir. Lakin bir həftə keçməsinə baxmayaraq, müraciətə cavab verilməyib", -deyə vəkili əlavə edib.

Onun sözlərinə görə, baş prokuror işgəncə faktını təsdiq etməsə, istintaq hərəkətləri davam etdiriləcək. Jurnalistə istintaqa gəlməklə bağlı bildiriş göndəriləcək. Xəlil yenə də istintaqa getməsə, onu məcburi şəkildə aparacaqlar.

Respublika Prokurorluğunun ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Eldar Əfəndiyev isə, Aqil Xəlilin bıçaqlanması faktı üzrə açılmış cinayət işinin istintaqının dayandırılması haqda məlumatları təkzib edib. Onun sözlərinə görə, istintaq hərəkətləri davam etdirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti