...

Rassel Conston Ermənistan və Azərbaycanın parlament nümayəndə heyətlərinin rəhbərləri ilə görüşəcək

Siyasət Materials 15 Aprel 2008 19:00 (UTC +04:00)

Fransa, Strasburq, 15 aprel/ " müxbir A.Məhərrəmli/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Dağlıq Qarabağ üzrə Alt komitəsinin rəhbəri Rassel Conston aprelin 17-də Strasburqda Ermənistan və Azərbaycanın parlament nümayəndə heyətlərinin rəhbərləri ilə görüşmək niyyətindədir. Bu barədə Trend -a çərşənbə axşamı siyasi məsələlər üzrə AŞPA Komitəsinin katibi Aqneşka Naçilo (Agnieszka Nachilo) məlumat verib.

Naçilo əvvəllər Dağlıq Qarabağ üzrə Alt komitənin növbəti iclasının strukturun yay sessiyası çərçivəsində, iyunun sonunda Strasburqda keçiriləcəyini bildirib.

2005-ci ilin yanvarında AŞPA Dağlıq Qarabağ münaqişəsi üzrə 1416 saylı Qətnamə qəbul edib. Sənəddə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı təsdiqlənib, münaqişənin dinc yolla həlli üzrə tövsiyələr verilib. Alt komitə Qətnamənin icrası üzərində nəzarət məqsədilə yaradılıb. Alt komitəyə AŞPA-nın Böyük Britaniyadan olan deputatı lord Rassel Conston rəhbərlik edir.

"İclasda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi ətrafında vəziyyət, danışıqlar prosesi, Alt komitə rəhbərinin regiona sonuncu səfərinin nəticələri müzakirə ediləcək", - Naçilo bildirib.

Azərbaycan və Ermənistanı təmsil edən deputatların iştirakı ilə Dağlıq Qarabağ üzrə Alt komitənin fəaliyyəti çərçivəsində, iclasın AŞPA-nın yaz sessiyasının gedişində - aprelin 18-də keçirilməsi planlaşdırılırdı. Lakin, Ermənistanda keçirilmiş prezident seçkisi ilə əlaqədar bu iclasın vaxtı dəyişdirilib. İclasın vaxtının dəyişdirilməsi barədə qərar Alt komitə rəhbərinin fevralın 8-9-da regiona səfəri zamanı qəbul edilib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti