...

Suriya, İran və İsrail müharibəsi inandırıcı deyil - ekspertlər

Siyasət Materials 16 Aprel 2008 17:37 (UTC +04:00)

İsrail, Qüds, 16 aprel / Trend , müxbir R.Hafizoğlu, D.Xatınoğlu, R.Abdullayev/ Regionda hökm sürən gərgin şəraitdə, İsrailin Suriya və İranla müharibəyə başlamaq ehtimalı inandırıcı deyil. "İsrail və onunla qarşı cəbhədə olan Suriya və İran rəsmilərinin yeni müharibə ilə bağlı bəyanatları müdafiə xarakteri daşıyır"-deyə İsrail Müdafiə Nazirliyinin rəsmisi Trend a bildirib.

Qətərin nüfuzlu "Əl-Vətən" qəzetinin məlumatına əsasən, Suriya İranın dəstəyilə İsrailə qarşı hərbi əməliyyatlara başlamaq istəyir. Suriya rəsmiləri İsrailin aprelin 7-də keçirdiyi mülki müdafiə xarakterli təlimləri yaxın bir zamanda müharibənin başlaması kimi dəyərləndirirlər. "Dəməşq rəsmiləri İsrailin keçirdiyi təlimlərdə yüksək rütbəli ABŞ generalının iştirakından sonra bu qənaətə gəliblər" - deyə "Əl-Vətən" qəzeti aprelin 14-də məlumat yayıb.

"İsrailin Suriya və İrana qarşı hər hansı bir hərbi əməliyyat keçirmək barədə planı yoxdur"- deyə İsrail Müdafiə Nazirliyindən adının açıqlanmasını istəməyən mənbə telefonla bildirib. Ekspert bildirib ki, İsrailin keçən həftə keçirdiyi mülki müdafiə təlimləri planlı şəkildə aparılıb və bunu müharibəyə hazırlıq kimi qiymətləndirmək doğru deyil. "Biz genişmiqyaslı mülki müdafiə təlimləri keçirmişik və müharibəyə hazırlıqdan söhbət gedə bilməz"-deyə çərşənbə günü mənbə bildirib. O əlavə edib ki, İsrail 1991-ci ildə birinci körfəz müharibəsi başlayan zaman, eləcə də 2003-cü ildə koalisiya qüvvələri İraqa daxil olan zaman da mülki müdafiə təlimləri keçirib.

Suriyalı politoloq Məhəmməd Nasir isə hesab edir ki, Suriyanın İran ilə birləşərək İsrailə qarşı müharibə etməsi mümkün deyil. "Suriya hər an müharibəyə hazırdır, amma hücum məqsədilə deyil, müdafiə məqsədilə"-deyə Suriya Siyasi Araşdırmalar Bürosunun eksperti Nasir çərşənbə günü Dəməşqdən telefonla Trend a bildirib.

Politoloqun fikrincə, hazırda müharibə ən çox İsrailə sərf edir. "Suriya bu gün ərəb ölkələrindən tam olaraq təcrid olub və belə bir halda onun müharibəni başlaması qeyri-mümkündür"-deyə o qeyd edib. Nasirin fikrincə, İsrail Suriya və İranla müharibəyə başlamazdan əvvəl, dünya ictimaiyyətində Suriya və İran əleyhinə əhval-ruhiyyə yaratmaq niyyətindədir.

"İsrailin hərbi manevrləri siyasi xarakter daşıyır. İranın regionda nüfuzu və müdaxilələri hər an artır. İsrail və ABŞ-ın hərbi manevrləri və bəyanatları İranı regionda atdığı addımlardan çəkinməyə məcbur etmək məqsədi daşıyır"-deyə Almaniyada fəaliyyət göstərən iranlı politoloq Mehran Bərati Trend a bildirib. Onun fikrincə, müharibə variantı realdır, lakin İrana yaxın zamanlarda hücum ehtimalı yoxdur. "İran-ABŞ rəsmiləri arasında gizli müzakirələr gedir. Britaniyanın "Independent" qəzeti də bu məsələni ifşa edib. Yəni, hələlik İran-ABŞ arasında olan diplomatik mübahisələr dalana dirənməyib və hərbi variant son addım kimi həyata keçirilə bilər"-deyə Bərati çərşənbə günü Berlindən telefonla bildirib.

İranlı politoloqun fikrincə, müharibə haqda verilən bəyanatlar yalnız sözdədir. "İran İraqda olan qeyri-rəsmi şiə hərbçilərinə, xüsusilə "Mehdi" ordusuna dəstək verib. İran həmçinin, Fələstin və Livanda olan müqavimət hərəkatlarını maliyyələşdirərək, təlimlər keçirilməsində iştirak edir. İsrail və ABŞ hərbi manevrlərlə İranı öz mövqeyindən çəkindirməyə çalışırlar"-deyə Bərati bildirib. Onun fikrincə, regionda yetərincə münaqişə var, yeni müharibənin başlaması isə böhranın dərinləşməsilə naticələnəcək.

Məqalənin müəllifi ilə [email protected] ünvanı ilə əlaqə saxlaya bilərsiniz.

Xəbər lenti

Xəbər lenti