...

Azərbaycan və Şimali Kiprin hakim partiyaları arasında əməkdaşlığa dair ilkin razılıq əldə olunub

Siyasət Materials 16 Aprel 2008 17:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 aprel / Trend , müxbr Q.Cəbiyev/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) ilə Şimali Kipr Türk Cümhuriyyətinin hakim partiyası arasında əməkdaşlığa dair ilkin razılıq əldə olunub. Bu barədə çərşənbə günü Trend a YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov məlumat verib.

Ötən həftə YAP-ın sədr müavini Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Şimali Kipr Türk Cümhuriyyətində səfərdə olub.

YAP nümayəndə heyəti səfər zamanı Şimali Kiprin prezidenti Mehmet Əli Tələt, Baş nazir Fərdi David Sezər və xarici işlər naziri Turqay Axçi ilə görüş keçirib.

Şimali Kiprin qanunvericiliyinə görə, prezident partiya rəhbərliyində təmsil olunmur. Amma Baş nazir və xarici işlər naziri müxtəlif partiyaların sədrləridir. Baş nazir Cümhuriyyətçi Türk Partiyasının, xarici işlər naziri isə Özgürlük və Reform Partiyasının rəhbəridir.

Əhmədov deyib ki, səfərin məqsədi Şimali Kiprin hakim partiyaları ilə əlaqələr qurmaq, əməkdaşlıq üçün təməl hazırlamaqdan ibarət idi. Onun sözlərinə görə, görüşlər zamanı hər iki xalq arasında ünsiyyətin genişlənməsinə ehtiyac olduğu vurğulanıb. "Şimali Kiprin siyasi durumu və beynəlxalq aləmdə qarşılaşdığı problemlər güman edirəm ki, hamıya kifayət qədər tanışdır. Son zamanlar problemin yumşaldılması istiqamətində müəyyən addımlar atılır. Yunan Kiprinin indiki rəhbərliyi münasibətlərin yaxşılaşdırılması, münaqişənin aradan qaldırılması üçün zəmin yaradılması istiqamətində alqışlanmalı olan addımlar atır. Biz problemin Kipr türk xalqının istəklərinə uyğun şəkildə, ədalətli formada həll olunmasını arzulayırıq" Əhmədov əlavə edib.

YAP 1992-ci ilə o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 15 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti