...

Müxalifət partiyası bu ay prezidentliyə namizədini müəyyənləşdirəcək

Siyasət Materials 18 Aprel 2008 12:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 aprel / Trend , müxbir S.İlhamqızı/ Müxalifətçi Klassik Xalq Cəbhəsi Partiyası bu ilin oktyabrında Azərbaycanda keçiriləcək prezident seçkisində iştirak üçün aprel ayında öz namizədini müəyyənləşdirəcək.

"Partiya Məclisinin bu ay keçiriləcək iclasında Klassik Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi irəli sürüləcək"-deyə partiya sədri Mirmahmud Mirəlioğlu Trend a açıqlamasında bildirib.

Mirəlioğlu qeyd edib ki, özünün namizədliyi irəli sürülməzdən qabaq geniş təhlillər aparıb, özünün və partiyasının seçkidə imkanlarını, mövcud siyasi vəziyyəti araşdıracaq: "Biz yalnız seçkidə iştirak xatirinə iştirak etməyəcəyik. Seçki kampaniyası çox ciddi, geniş və məsuliyyətli bir prosesdir, biz bu kampaniyanı tam əhatə etmək istəyirik"-deyə Mirəlioğlu bilidrib. Əlavə edib ki, onların seçki kampaniyası başqalarından fərqlənəcək və KXCP heç bir partiyanın, başqa namizədlərin haqqında əks-təbliğat aparmamaq, heç bir fikir bildirməmək niyyətindədir.

KXCP Ali Məclisinin sədri Zəlimxan Məmmədli Trend a bildirib ki, partiya üzvləri Mirəlioğlunun namizədliyinin irəli sürülməsini istəyirlər.

Mirəlioğlu Azərbaycanın eks-prezidenti, müxalifətçi Azərbaycan Xalq Cəbhəsi Partiyasının sabiq sədri Əbülfəz Elçibəyin müavini olub. 2000-ci ildə AXCP-nin iki yerə parçalanmasından sonra Mirəlioğlu partiyanın "Klassiklər" qanadına sədrlik edib. 2006-cı ildə partiyanın adında dəyişiklik edilərək Klassik Xalq Cəbhəsi Partiyası adlandırılıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti