...

AŞPA həmməruzəçiləri Azərbaycan üzrə səkkizinci hesabatı hazırlayacaqlar

Siyasət Materials 18 Aprel 2008 16:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 aprel/ Trend , müxbir K.Ramazanova/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andreas Herkel və Yevgeniya Jivkova mayın 18-19-da Azərbaycana səfər edəcəklər.

"Bu səfər əvvəlkilərlə müqayisədə qısa olacaq və biz hökumət səviyyəsində görüşlər keçirəcəyik", - Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Herkel telefonla Strasburqdan Trend a bildirib.

Herkelin sözlərinə görə, görüşlər zamanı Seçki Məcəlləsi və Azərbaycanda seçkiqabağı vəziyyət müzakirə ediləcək.

Herkel bildirib ki, Azərbaycandakı vəziyyəti öyrəndikdən sonra, həmməruzəçilər AŞPA-nın iyun sessiyası üçün Azərbaycan üzrə səkkizinci hesabatı hazırlayacaqlar.

İyunda Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda qarşıdakı prezident seçkiləri və ümumilikdə ölkədəki vəziyyət üzrə geniş müzakirələr təşkil ediləcək. Herkel əlavə edib ki, Azərbaycanda demokratik institutların inkişafı üçün çox addım atılıb.

"Lakin problemlər həll olunmur. Demokratiyanın inkişafı üçün daha böyük səylər lazımdır", - Herkel qeyd edib.

2001-ci il yanvarın 7-də Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvü olub və üzərinə öhdəliklər götürüb. Ölkə hələ də AŞ-nin monitorinqi altındadır. Öhdəliklərin yerinə yetirilməsinə nəzarəti AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri həyata keçirirlər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti