...

Cimmi Karterin "Həmas" rəsmilərilə görüşü Fələstin-İsrail sülh danışıqlarına təsir etməyəcək - ekspertlər

Siyasət Materials 18 Aprel 2008 18:31 (UTC +04:00)

Azərbaycan, Bakı,18 aprel / Trend , müxbir R.Hafizoğlu, E.Tarıverdiyeva/ ABŞ-ın eks-prezidenti Cimmi Karterin Fələstindəki İslami Müqavimət Təşkilatı "Həmas"la danışıqlar aparması Fələstin-İsrail sülh danışıqlarına müsbət təsir göstərməsə də, təşkilatın dünyada terrorçu imicinin dəyişməsinə xidmət edə bilər. "Cimmi Karterin "Həmas" rəsmilərilə görüşü ABŞ siyasətində Fələstin və təşkilata qarşı birmənalı siyasətin olmamasını göstərir"-deyə "Həmas" mətbuat katibi Muşir əl-Masri Trend a bildirib.

İsrail ABŞ-ın eks-prezidenti Karterin Qəzzəyə daxil olmasına mane olduğu üçün o, Yaxın Şərq regionuna turnesi çərçivəsində "Həmas"ın Siyasi Büro liderləri ilə aprelin 17-də Misirdə görüşüb. Görüşün nəticələri bəlli olmasa da, tərəflərin Fələstin-İsrail sülh danışıqlarını müzakirə etməsi ehtimal olunur.

"Ağıllı və təcrübəli siyasətçilər başa düşürlər ki, "Həmas" ilə dialoqun real nəticələri ola bilər"-deyə "Həmas" mətbuat katibi əl-Masri Qəzzədən telefonla bildirib. O hesab edir ki, İsrailin Karterin Qəzzəyə girişinə əngəl törətməsi bu dövlətin sülh danışıqlarında səmimi olmadığını göstərir.

"Karterin təşkilat rəsmiləri ilə görüşü İsrailin rəsmi mövqeyinin əksinə olaraq "Həmas"ın terrorçu olmamasını və sülhə hazır olduğunu dünya ictimaiyyətinə sübüt edəcək"-deyə əl-Masri vurğulayıb.

"Həmas" rəsmisi hesab edir ki, təşkilatın Fələstin-İsrail sülh danışıqlarında rolu danılmazdır.

Fələstindəki hakim "Fəth" təşkilatının rəsmi mətbuat katibi Fəhmi Zəarir isə hesab edir ki, Karterin "Həmas" rəsmiləri ilə görüşməsi Fələstin-İsrail sülh danışıqlarına təsir etməyəcək.

"İsrailin Karteri Qəzzəyə buxarmamasının əsas səbəbi isə Karterin "Həmas"ı rəsmi tərəf kimi qəbul etməsindən irəli gəlir" - deyə cümə axşamı Zəarir Ramallahdan telefonla Trend a bildirib.

"Fəth" rəsmisinin fikrincə, "Həmas"ın Fələstin-İsrail sülh danışıqlarında iştirak etməsi bu vaxta qədər əldə edilən nailiyyətlərin itirilməsi ilə nəticələnə bilər.

İsrail XİN-in rəsmisi Eddi Şapira isə hesab edir ki, Karter fələstinpərəst mövqe tutub. "Biz Karterin öz tarixi missiyasını bərpa etməsini alqışlayırıq. Amma o, bizi İsraili dövlət kimi tanımaq istəməyən "Həmas"la danışıqlar aparmağa çağırır. Terrorçularla necə dialoq aparmaq olar?"-deyə Şapira bildirib.

"Radikal və ekstremist islamçı "Həmas" Tehranın himayəsilə sivil dünya əleyhinə müharibə aparır. Terrorçu liderlər Mahmud Zahhar və Xalid Məşəllə qucaqlaşan Karter isə bunu dərk etmir"-deyə o qeyd edib.

Şapiranın sözlərinə görə, Karterin terrorçu liderlərlə görüşmək istəyi Baş nazir Ehud Olmert, XİN başçısı Tsipi Livni və sabiq Baş nazir, indiki müxalif "Likud" partiyasının lideri Benyamin Netanyahu tərəfindən boykotla nəticələnib.

ABŞ-dakı İllion Universitetinin eksperti isə hesab edir ki, Karterin səfəri sülh danışıqlarında "Həmas" təşkilatının rolunun danılmazlığını təsdiqləyir. " Həmas təşkilatı 2006-cı ildə keçirilən seçkidə qalib gələrək özünün Fələstin xalqının ayrılmaz hissəsi olduğunu təsdiq etdi"-deyə Yaxın Şərq üzrə ekspert Frensis Boyl (Francis Boyle) elektron poçtla Trend a bildirib.

Politoloq hesab edir ki, "Həmas"ın İsrail ilə problemin həll olunması istiqamətində praqmatik və aydın həll metodu seçməsinə baxmayaraq, ABŞ və Avropa ölkələri onu tərəf kimi qəbul etmirlər. "Regionda son 10 ildə baş verən hadisələrə diqqət yetirsək İsrailin heç vaxt fələstinlilərlə sülh danışıqlarında səmimi olmadığını görə bilərik" - deyə o qeyd edib. Boylun fikrincə, ABŞ və Avropa ölkələrinin "Həmas"ı tərəf kimi qəbul etməmələrinin heç bir əsası yoxdur.

Amerikadakı San-Fransisko Universitetinin eksperti Stefan Züns (Stephen Zunes) də hesab edir ki, "Həmas" nə qədər ekstremist və radikal olsa da, təşkilatın Fələstin-İsrail sülh danışıqlarında iştirakı labüddür. "Karterin sülh danışıqları o zaman müsbət nəticə verə bilər ki, tərəflərin hər ikisi müzakirələrdə maraqlı olsun"-deyə Yaxın Şərq üzrə araşdırmaçı Züns San-Fransiskodan elektron poçtla Trend a bildirib.

Politoloq hesab edir ki, ABŞ və İsrail "Həmas"ın sülh danışıqlarında bir tərəf kimi iştirak etməsinin əleyhinə olduqları üçün Karterin səfəri sülh danışıqlarına bir o qədər müsbət təsir etməyəcək.

"İsrail sülhün, sabitliyin qorunması və terrorun qarşısını almaqda haqlı olsa da, işğal prosesini dayandırmalıdır"-deyə o vurğulayıb.

Zünsun fikrincə, yəhudilər üçün tikilən yeni yaşayış məntəqələrinin inşasının dayandırılması isə İsrail və ABŞ-ın rəsmi mövqeyinə ziddir.

Buş administrasiyası Karterin "Həmas" liderləri ilə danışıqlarını kəskin tənqid edərək görüşün keçirilməsinin əleyhinə olduğunu bildirib. Karter hakimiyyətdə olduğu 1971-1983-cü illərdə İsrail və Misir arasında sülhə nail olduğu üçün 2002-ci ildə Nobel mükafatı ilə təltif olunub.

Məqalənin müəllifi ilə [email protected] ünvanı ilə əlaqə saxlaya bilərsiniz.

Xəbər lenti

Xəbər lenti