...

Müxalif partiya iqtidaryönlü partiyaların Məşvərət Məclisində təmsil olunmağa dəvət edilib

Siyasət Materials 21 Aprel 2008 12:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel / Trend , müxbir Q.Cəbiyev/ Müxalifətdə olan Böyük Quruluş Partiyası (BQP) iqtidaryönlü partiyaların Məşvərət Məclisində təmsil olunmağa dəvət edilib. "Bu partiya həmişə dövlətçilik mövqeyindən çıxış edib və mən bu təşkilatın Məşvərət Məclisində təmsilçiliyini istəyirəm" bazar ertəsi Trend -a iqtidaryönlü Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Məmməd Əlizadə deyib.

Məşvərət Məclisində hakim Yeni Azərbaycan, iqtidaryönlü Ana Vətən, Sosial Rifah, Demokratik Maarifçilik, Respublikaçılar, Demokratik Azərbaycan Dünyası, Milli Dövlətçilik və Azərbaycan Naminə Alyans partiyaları təmsil olunur. Bu il fevralın 28-də quruma sədrlik hakim Yeni Azərbaycan Partiyasına (YAP) həvalə olunub.

Əlizadə bildirib ki, əgər BQP-nin Məşvərət Məclisində təmsilçilik məsələsi müzakirə olunsa, o, bunu dəstəkləyəcək. "Bundan başqa, Tahir Kərimlinin sədri olduğu Vəhdət Partiyasının Məşvərət Məclisində təmsilçiliyi arzuolunandır və artıq bu partiya da bununla bağlı niyyətini elan edib" Əlizadə qeyd edib. Onun sözlərinə görə, qurumun yaxın vaxtlarda keçirilməsi gözlənilən iclasında bu məsələlərə də baxılacaq.

BQP sədri, millət vəkili Fazil Qəzənfəroğlu isə Trend -a açıqlamasında onun Məşvərət Məclisində təmsil olunması üçün rəsmi müraciət daxil olmadığını bildirib. Qəzənfəroğlu rəsmi dəvət olduqdan sonra qurumda təmsil olunub-olunmamasına münasibət bildirəcəklərini açıqlayıb.

BQP 2004-cü ildə Qəzənfəroğlu tərəfindən təsisi olunub. İqtidara qarşı konstruktiv mövqedən çıxış edən BQP 2005-ci il parlament seçkilərində iştirak edib və bir yer qazanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti