...

İranın Iraqda sülhün bərpasında vasitəçilik imkanları azalır – "TrendNews"in icmalçısı

Siyasət Materials 21 Aprel 2008 17:56 (UTC +04:00)
İranın Iraqda sülhün bərpasında vasitəçilik imkanları azalır – "TrendNews"in icmalçısı

Azərbaycan, Bakı, 21 aprel/ Trend , müxbir D.Xatınoğlu/ İranın nüfuzu altında olan "Mehdi" ordusu ilə İraq hakimiyyəti arasında ziddiyyətlərin şiddətlənməsi şəraitində rəsmi Tehranın İraqda sabitliyin bərpasında vasitəçilik imkanları azalır.

İraqda 2003-cü ildən qeyri-rəsmi hərbi fəaliyyət göstərən "Mehdi" ordusunun sədri Müqtəda Sədr İraq hökumətini "geniş müharibə"yə başlayacağı barədə bəyanatla hədələyib. BBC-nin aprelin 20-də yaydığı məlumata əsasən, Sədr bildirib ki, hökumət "Mehdi" ordusuna qarşı hərbi əməliyyatları dayandırmalıdır və sülh yolunu tutmalıdır. "Bu mənim son xəbərdarlığımdır"-deyə "Mehdi" ordusunun rəhbəri bəyanat verib.

İraq və ABŞ rəsmilərinin, həmçinin bəzi agentliklərin verdiyi məlumata əsasən, hazırda Sədr İranın Qum şəhərindədir. İraqın cənubunda yerləşən Bəsrə şəhərində hakimiyyət ilə "Mehdi" ordusu arasında son bir ildə analoqu olmayan hərbi toqquşmaların səngiməsi üçün rəsmi Bağdad dörd dəfə diplomatlarını İrana ezam edib. İraqın Baş naziri Nuri əl-Maliki son bəyanatında "Mehdi" ordusundan silahları hökumətə təhvil verməyi tələb edib, əks təqdirdə, bu ordunun siyasi fəaliyyətinə qadağa qoyulacağını bildirib.

İraqda fəaliyyət göstərən şiə təşkilatları və partiyalarının hakimiyyətlə sıx əməkdaşlıgı mövcuddur. Parlamentin sədri Əbduləziz Həkim, əl-Maliki və digər yüksək rütbəli rəsmilərin bir çoxu yeni yaranmış hökumətə qarşı silahlı mübarizəni dayandırmaqla siyasi fəaliyyətə zəmin yarada biliblər. Keçən ilin avqustunda Sədr də silahlı mübarizənin dayandırılması barədə bəyanat verərək, altı ay müddətində "müqavimət hərəkatı"nın hərbi fəaliyyətini dayandıracağını bildirmişdi. Sədr hətta, ABŞ-la koalisiyada olan sünni qüvvələrin siyasi nüfuzunu azaltmaq üçün Həkim ilə koalisiyaya keçəcəyini bildirmişdi. Görünür ki, "Mehdi" ordusunun sədri Əl-Qaidədən fərqli olaraq, ABŞ-la tam ziddiyyətdə olmağa hazır deyil. Əslində, Sədrini maraqlandıran İraqda daha böyük nüfuza yiyələnməkdir.

Keçən Parlament seçkilərində Sədrinin təşkilatından 30 nəfər deputat seçilib, Malikinin nazirlərinin bəziləri də həmin təşkilatla əlaqədə olan şəxslər olub. ABŞ və İraq rəsmilərinin iddialarına qarşı İran hakimiyyətinin "Mehdi" ordusuna dəstək verməsini təkzib edir, bununla belə İraqda ABŞ-la müxalifətdə olan şiə təşkilatlarının güclənməsi İranın maraqlarına uyğundur.

ABŞ generalı Rik Linç (Rick Lynch) bazar ertəsi bəyanatında bildirib ki, İranda təlim keçmiş və hazırda əsir düşmüş 25 nəfər iraqlı döyüşçü məhz İranda təlim keçdiklərini etiraf ediblər. Rəsmi Tehran hələlik bu bəyanata reaksiya bildirməyib. Sədr artıq İran tərəfindən dəstək almaq istəmir. Sədr keçən ay "Aljazeera" telekanalına verdiyi müsahibədə bildirib ki, İranın dini lideri Əli Xameneyi ilə görüşündə rəsmi Tehranı İraq məsələlərinə müdaxilə etməməyə çağırıb. İranın XİN sözçüsu Məhəmmədəli Hüseyni isə aprelin 6-da mətbuata açıqlamasında "Mehdi" ordusunu İraqın "Yaşıl zonası"nı raket hədəfinə aldığı üçün tənqid edib.

Görünür ki, İran rəsmilərinin Sədr ilə münasibətləri keçmişdə olduğu kimi isti deyil. Digər tərəfdən, "Mehdi" ordusu hazırda 8 şöbəyə bölünüb və onların bəzisi artıq Sədrin rəhbərliyindən kənarda müstəqil fəaliyyət göstərirlər. İran isə bundan sonra "Mehdi" ordusunun tam nəzarəti ələ keçirə biləcəyinə inanmır.

Bazar günü ABŞ-ın dövlət katibi Kondoliza Raysın İraqa gözlənilməz səfəri də İranın Bəsrədəki münaqişənin həllində vasitəçi ola bilməməsi səbəbindəndir. Rays rəsmən İranı qonşu ölkədə sabitliyin pozulmasında ittiham edib. Sözsüz ki, İran tərəfi İraqda nüfuzunun artmasına çalışır və belə həssas məqamlarda münaqişədə əsas rol oynamağa fürsət tapa bilmədiyi üçün çox narazıdır. Digər tərəfdən, Malikinin "Mehdi" ordusuna qarşı geniş hərbi əməliyyat aparması da İranın marağında deyil. Hazırda İranın bu münaqişədə hansı cinahın tərəfini saxlayacağı, yaxud buna imkan tapa bilib-bilməyəcəyinə dair konkret proqnaz vermək çətindir.

Xəbər lenti

Xəbər lenti