...

Seçki kampaniyası müddətinin azaldılması ilə bağlı Azərbaycan müxalifəti daxilində fikir ayrılığı var

Siyasət Materials 22 Aprel 2008 12:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel / Trend , müxbir S.İlhamqızı/ Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu seçki kampaniyası müddətinin azaldılmasının tərəfdarıdır.

"Seçki kampaniyası müddətinin azaldılması iqtidardan çox müxalifət üçün əlverişlidir"-deyə Qəzənfəroğlu çərşənbə axşamı Trend a açıqlamasında bildirib.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Seçki Məcəlləsinə dəyişiklik edilərək seçki kampaniyası müddətinin dörd aydan iki aya qədər azaldılmasını təklif edir.

Müxalifət partiyaları bu təşəbbüslə razılaşmırlar.

Müxalifətçi Böyük Quruluş Partiyası isə təklifi müsbət qarşılayır. Qəzənfəroğlu hesab edir ki, müasir dövrdə elektron imkanlar xeyli genişlənib və əhali ilə ünsiyyət də asanlaşıb. Həm də seçki kampaniyasının hər bir günündə namizədlər pul xəcrləyirlər: "Ona görə də mən hesab edirəm ki, artıq məsrəflərə yol verməmək, namizədlərin pul vəsaitinə qənaət etməsi üçün seçki kampaniyası müddətinin azaldılması məqsədəuyğundur. İqtidar üçün pul problemi yoxdur, lakin müxalifətin maliyyə imkanları məhduddur, ona görə də əslində bu, elə müxalifətin özünün xeyrinədir"-deyə BQP sədri bildirib.

O, əlavə edib ki, hər bir partiyanın, siyasi liderin seçkidən-seçkiyə keçən beş il ərzində özünü tanıtması, nüfuz qazanması üçün imkanı, kifayət qədər vaxtı olub. Qəzənfəroğlunun fikrincə, əgər beş il ərzində onlar özünü tanıtmayıbsa, insanların dəstəyini qazanmayıbsa, seçki kampaniyası dövrünün iki ay artıq və ya əskik olmasının artıq heç bir əhəmiyyəti qalmır.

Müxalifətçi Azərbaycan Demokrat Partiyası isə seçki kampaniyası vaxtının azaldılması təklifindən narahatdır. ADP-də hesab edirlər ki, bu ideyanın arxasında müxalif düşərgənin imkanlarını məhdudlaşdırmaq məqsədi dayanır. "Biz bunu mürtəce fikir kimi qiymətləndirir və hakimiyyəti belə bir addımdan çəkinməyə çağırırıq"-deyə ADP-nin sədr müavini Həsrət Rüstəmov bildirib.

Üç müxalifət partiyasını birləşdirən "Azadlıq" blokunda da hesab edirlər ki, YAP-ın təklifi müxalifətin imkanlarını məhdudlaşdırmağa yönəlib: "Hakimiyyət çalışır ki, hər bir vasitə ilə müxalifətin seçkidə iştirakına mane olsun. Ona görə də müxalifətin imkanlarını məhdudlaşdırmaq cəhdlərini qanuni çərçivəyə salmağa çalışır"-deyə "Azadlıq" blokunun həmsədri Əli Əliyev Trend a açıqlamasında bildirib.

Hakim partiyada isə bu ittihamları təkzib edirlər: "Bu təklif hansısa şəkildə müxalifətin fəaliyyətini məhdudlaşdırmaq üçün irəli sürülməyib. YAP bunu seçki təcrübəsinin, seçki prosesinin təkmilləşdirilməsinə, daha rahat olmasına xidmət edən təklif kimi irəli sürüb"- deyə YAP-ın icra katibinin müavini Bahar Muradova bildirib.

Onun sözlərinə görə, YAP-ın təklifi həm Azərbaycanın, həm də digər inkişaf etmiş ölkələrin seçki təcrübəsinə əsaslanır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti