...

Azərbaycanın müdafiə nazirinin mülki şəxs olmasına Dağlıq Qarabağ münaqişəsi həll olunduqdan sonra baxıla bilər

Siyasət Materials 23 Aprel 2008 16:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın müdafiə naziri və ya nazirin müavinlərindən birinin indiki mərhələdə mülki şəxs olması mümkün deyil və bu məsələyə Dağlıq Qarabağ münaqişəsi həll edildikdən sonra baxıla bilər. "Çünki Azərbaycan müharibə şəraitindədir və Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər hərbi sahəyə mülki şəxs rəhbərlik edə bilməz. Bu məsələyə yalnız Dağlıq Qarabağ münaqişəsi həll edildikdən və Azərbaycan NATO-ya üzv olduqdan sonra baxıla bilər", - deyə çərşənbə günü Trend -a açıqlamasında Parlamentin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü, Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Siyavuş Novruzov bildirib.

NATO-nun qiymətləndirmə missiyası Azərbaycanda səfərdədir. Missiya Azərbaycanın NATO standartlarına uyğunlaşması məsələsini öyrənəcək. Təşkilat Azərbaycanın Müdafiə Nazirliyində işləyən mülki şəxslərin sayının artırılmasını, o cümldən nazir və ya onun müavinlərindən birinin mülki şəxs olmasını vacib sayır.

"Azərbaycan müdafiə naziri və ya onun müavinlərindən birinin mülki şəxs olması ilə bağlı NATO qarşısında heç bir öhdəlik götürməyib. NATO da yaxşı bilir ki, müharibə şəraitində olan bir ölkədə hərbi sahənin mülki şəxsə tapşırılması mümkün deyil", -deyə Novruzov əlavə edib.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.

Onun fikrincə, rəsmi Bakı NATO qarşısında öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib və təşkilat bunu yüksək qiymətləndirir. Novruzov bildirib ki, keçmiş SSRİ ölkələrindən NATO ilə ən çox əməkdaşlıq edən və təşkilatın proqramlarında iştirak edən dövlət Azərbaycandır.

Azərbaycan 1994-cü ildən "Sülh naminə tərəfdaşlıq proqramı" çərçivəsində NATO ilə əməkdaşlıq edir. 2005-ci ildə NATO ilə Azərbaycan arasında "Fərdi tərəfdaşlığın inkişaf etdirilməsinə dair fəaliyyəti planı" imzalanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti