...

AMİP lideri partiya daxilində yaranan problemi tam həll etmək gücündə deyil -Siyasi Şura üzvü

Siyasət Materials 24 Aprel 2008 15:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel / Trend , müxbir Q.Cəbiyev/ Azərbaycanın müxalif Milli İstiqlal Partiyası (AMİP) daxilində partiya lideri Etibar Məmmədovun partiya daxilində yaranan problemi həll etmək gücündə olmadığını düşünənlər var. "Etibar Məmmədov sədrliyə qayıtsa belə, AMİP-də yaranan problemin aradan qalxacağını düşünmürəm. Partiyada siyasi fəallıq artar, amma kardinal dəyişiklik baş verməz" cümə axşamı Trend -a AMİP Siyasi Şurasının üzvü Rauf Mirqədirov deyib.

AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiya qurucusu olan Etibar Məmmədov 2004-cü ilin sonunda partiyanın sədrliyindən istefa verdikdən sonra partiya daxilində parçalanma baş verib. Ondan sonra AMİP-in sədri olan Əli Əliyevə qarşı partiya daxilində narazılıq yarandığı zaman partiya üzvlərinin bir qismi AMİP-dən gediblər.

Daha sonra AMİP-in keçmiş sədri Ayaz Rüstəmov ötən ilin sonunda vəzifəsindən istefa verib. Hazırda AMİP-ə yeni sədr seçmək üçün partiyanın fövqəladə qurultayı keçiriləcək. Sədrliyə üç nəfər iddia edir - partiyanın Nərimanov rayon təşkilatının sədri Ələddin Əsgərov, Goranboy rayon təşkilatının sədri Fəqan Məhərrəmli və AMİP-in təbliğat və mətbuat katibi Əli Orucov.

Mirqədirovun sözlərinə görə, AMİP-də yaranan sədr probleminin iki səbəbi var. Bunlardan biri AMİP-in lider ətrafında yaranan partiya olmasıdır. "Məmmədov AMİP-in birmənalı sədri olub. Onun fəaliyyətinə müxtəlif qiymətlər verilə bilər, amma Məmmədov 90-cı illərin ən parlaq simalarından olub. Belə bir şəxsin partiya sədrliyindən getməsi, təbii ki, problemlər yaratmaya bilməzdi " Mirqədirov əlavə edib. Onun sözlərinə görə, AMİP-də yaranan problemin digər səbəbi ölkədəki ümumi vəziyyətlə əlaqəlidir. Partiyalara fəaliyyət üçün qanunvericilikdə belə nəzərdə tutulan imkanlar yaradılmır.

Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti