...

Iranın Suriya və Səudiyyə Ərəbistanı arasında vasitəçilik etmək təşəbbüsu rədd olunacaq – politoloqlar

Siyasət Materials 24 Aprel 2008 16:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel / Trend , müxbir D.Xatınoğlu, R.Hafizoğlu/ Suriya və Səudiyyə Ərəbistanı İranın tərəflər arasında mübahisələrin həlli üçün vasitəçilik etəmk təşəbbüsünə maraq göstərmədikləri üçün Tehranın vasitəçilik niyyəti təklif şəkilində qala bilər. "Səudiyyə Ərəbistanı İranın vasitəçilik təklifini qəbul etməyəcək"-deyə Parisdə fəaliyyət göstərən iranlı politoloq Hüseyn Lacəvərdi (Hüseyn Lajevardi) hesab edir.

İranın Livandakı səfiri Məhəmmədrza Şəbani (Mahammad Reza Shabaani) ölkəsinin Səudiyyə Ərəbistanı və Suriyanın arasında yaranmış gərginliyin aradan qaldırılması üçün vasitəçilik etməyə hazır olduğunu bildirib. Bu haqda məlumatı aprelin 23-də İsrailin MIGNEWS agentliyi verib.

"Suriya-Səudiyyə Ərəbistanı arasında vasitəçilik etmək təklifini verməklə, rəsmi Tehran regionda olan nüfuzunu bir daha göstərmək istəyib"-deyə İran Tədqiqatçılar Assosiasiyasının (Association of İranian Researchers) sədri Lacəvərdi Trend -a cümə axşamı telefonla bildirib. Onun fikrincə, Suriya İsrail ilə müzakirələrə gedir və hər gün İrandan uzaqlaşmaqda davam edir.

"İran bir daha yardım etmək niyyətində olduğunu bildirməklə Suriyanı özünə cəlb etmək istəyir. Digər tərəfdən isə, Ər-Riyada yardım etməyə hazır olduğunu vurğulayır. Lakin Suriya və Səudiyyə Ərəbistanı arasında olan mübahisələrin həlli hər iki ölkə üçün çox az əhəmiyyət kəsb edir və İranın təklifi tərəflərin nəzərini cəlb etməyəcək"- deyə Lacəvərdi qeyd edib. İran politoloqunun fikrincə, hazırda İranın xarici siyasəti böhranla üzləşib və regionda bütün ölkələr Tehranla münasibətlərini genişləndirməkdən çəkinir.

"İran vasitəçilik təklif etməklə Səudiyyə Ərəbistanı ilə yaxınlaşmaq niyyətindədir"-deyə suriyalı müstəqil politoloq Hüsnü Məhəlli Trend -a elektron poçtla deyib. O hesab edir ki, İranın Səudiyə Ərəbistanı və Suriya arasındakı vasitəçilik missiyası nəticəsiz qalacaq.

"İranın vasitəçiliyi yalnız Suriyanın xeyrinədir və İranın vasitəçilik təşəbbüsü ilə çıxış etməsi Dəməşqin təklifi əsasında olub"-deyə o, cümə axşamı İstanbuldan elektron poçtla bildirib. Onun fikrincə, İran bu təklifi etməklə regionda siyasi nüfuzunu gücləndirmək istəyir, bu isə Səudiyyə Ərəbistanı və regionda maraqları toqquşan digər ölkələrin mənafelərinə ziddir.

Adını açıqlamaq istəməyən səudiyyəli professor da hesab edir ki, ölkəsi İranın vasitəçilik missiyasını qəbul etməyəcək. "Livandakı siyasi böhranın əsas səbəbkarı olan İran vasitəçilik missiyası təklif etməklə region dövlətlərini aldatmağa çalışır"-deyə o, cümə axşamı Ər-Riyaddan elektron poçt vasitəsilə Trend -a bildirib.

Kral Səud Universitetinin (King Saud University) professoru hesab edir ki, Səudiyyə Ərəbistanından fərqli olaraq Suriya İranın vasitəçilk təklifini qəbul edəcək. "Suriya hal-hazırda ərəb dünyasından təcrid olunub. Bunun əsas səbəbi isə Dəməşqin ərəb dövləti olduğu halda, "Ərəb Ümməti"nin deyil, öz siyasi və milli maraqlarını dini və insani dəyərlərdən üstün tutan İranın siyasətini təmsil etməsidir" - deyə o bildirib.

Politoloq deyib ki, İranın Səudiyyə Ərəbistanı və Suriya arasında vasitəçilik etmək istəyi xəyal olaraq qalacaq.

Livanda prezident seçkiləri atıq 17 dəfə ləğv olunub və ölkə böyük siyasi böhran yaşayır. Səudiyyə Ərəbistanı Suriyanı "Hizbullah" hərəkatının nümayəndəsi Mişel Ounu dəstəkləməklə, seçkilərə əngəl törəkməkdə ittiham edir. Digər tərəfdən, İranın reqionda yaxın müttəfiqi olan Suriya isə rəsmi Ər-Riyadı Dəməşqi ərəb ölkələrindən təcrid etmək cəhdlərində günahlandırır.

Məqalənin müəllifi ilə [email protected] ünvanı ilə əlaqə saxlaya bilərsiniz.

Xəbər lenti

Xəbər lenti