...

Rusiya hazırda Cənubi Osetiya və Abxaziyanı tanımır – regional ekspertlər

Siyasət Materials 24 Aprel 2008 17:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel / " , müxbir N. Kirtsxalia, A.Qasımova / Prezident Vladimir Putinin Gürcüstanın separatçı regionları ilə "birbaşa əlaqələr"in qurulmasına dair ölkə hökumətinə göstəriş verməsinə baxmayaraq, Rusiya çox güman ki, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınmasına getməyəcək.

"Rusiya hələ ki, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini açıq şəkildə tanımayacaq, lakin onlarla yaxın iqtisadi və siyasi münasibətləri dəstəkləyəcək", - deyə rusiyalı ekspert Vladimir Pribılovski bildirib.

Aprelin 16-da Rusiya XİN-in saytında yerləşdrilən məlumata görə, Rusiya Federasiyası prezidenti Putin ötən həftə tanınmamış Abxaziya və Cənubi Osetiya respublikaları ilə qarlışıqlı fəaliyyətin qaydaya salınmasına dair ölkə hökumətinə tapşırıq verib. XİN təklif olunan tədbirlər arasında, xüsusilə Abxaziya və Cənubi Osetiyanın "faktiki hakimiyyət orqanları" tərəfindən verilən bir sıra sənədlərin və bu regionlarda qeydiyyatda olan hüquqi şəxslərin tanınmasını qeyd edir. Moskvanın Tbilisiyə qarşı niyyəti Gürcüstan ərazilərinin "qəsbinə cəhd" kimi qiymətləndirilib.

"Kremlin Qafqazdakı fəaliyyətini "zərgərlik" işi adlandırmaq olmaz. Rusiya üçün Abxaziya və Cənubi Osetiyanın tanınması sərfəli deyil. Çünki dərhal insanın ağlına Çeçenistanla bağlı analoji vəziyyət gəlir. Belə olan təqdirdə Rusiya Çeçenistanın da müstəqilliyini tanımalıdır", - deyə Trend a cümə axşamı Moskvadan telefonla "Panorama" Analitik Mərkəzinin prezidenti Pribılovski bildirib.

Ekspertin rəyinə görə, Gürcüstan və Rusiya arasındakı vəziyyət hərbi toqquşma səviyyəsinə qədər gəlməyəcək. Lakin Rusiya tərəfindən Abxaziya və Cənubi Osetiyanın tanınması ilə bağlı vəziyyət iki ölkə arasındakı münasibətlərin inkişafını uzun müddətə dayandıracaq.

Gürcüstanlı ekspert Giorgi Xutsişvili hesab edir ki, Rusiya Gürcüstanın separatçı regionlarını Tbilisi dekabr ayında NATO-ya üzvlük üzrə Fəaliyyət Planına (ÜFP) qoşulacağı təqdirdə tanıyacaq.

NATO-nun aprel sammitinin qərarına görə, Gürcüstan dekabrda ÜFP-a qoşula bilər. Kreml bunu Alyansın Rusiya sərhədlərinə yaxınlaşması və öz təhlükəsizliyi üçün təhlükə kimi qiymətləndirir.

"Əgər biz ÜFP-dan imtina etsək, Rusiya Abxaziya və Cənubi Osetiyanı tanımayacaq. Bu gün onlar məhz bu alternativi Gürcüstana təklif edirlər", - deyə Trend a cümə axşamı gürcüstanlı konfliktoloq Xutsişvili bildirib. Onun sözlərinə görə, Rusiya Gürcüstanda məqsədyönlü və mərhələli siyasət həyata keçirir, bu məqsədlər Gürcüstan hökumətinin maksimum olaraq zəiflədilməsindən ibarətdir.

"NATO Şərq istiqamətində genişlənir və bu, Rusiya üçün təhlükə yaradır. O, əsasən bu təhlükədən qaçmağa çalışır və hər vasitə ilə Gürcüstan və Ukraynanın Alyansa daxil olmasını əngəlləməyə səy göstərir", - deyə konfliktoloq hesab edir. Lakin "Rusiyanın Gürcüstanda problemlər yaratmaq üçün istifadə etdiyi üsullar qəbuledilməzdir", - deyə Xutsişvili bldirib.

Prezident Putinin separatçı regionlarla sıx əməkdaşlığa dair bəyanatına Qərb də öz növbəsində cavab verib. İlk bəyanatı NATO-nun Baş katibi Yaap de Xup Sxeffer edib. O, ötən həftə Rusiyanı Gürcüstandakı separatçı strukturlarla sıx iqtisadi və siyasi münasibətlərə dəstək verməkdən çəkinməyə çağırıb. "Rusiyanın bu addımları Gürcüstanın suverenliyini pozur", - deyə Sxefferin KİV üçün etdiyi bəyanatında bildirilir.

ABŞ Dövlə Departamentinin nümayəndəsi Şon Makkormak Rusiyanı əvvəllər Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dair verdiyi bəyanatlara sadiq qalmağa çağırıb. Avropa İttifaqına sədrlik edən Sloveniya isə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü onun beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində tanıdığına dair təkrar bəyanatla çıxış edib.

Rusiyanın fəaliyyətinə cavab olaraq aprelin 23-də Gürcüstan tərəfindən çağırılmış BMT Təhlükəsizlik Şurasının təcili iclası nəticəsiz qalıb. Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vitali Çurkinin çərşənbə günü jurnalistlərə verdiyi məlumata görə, BMT Təhlükəsizlk Şurası iclasının yekunu üzrə heç bir sənəd qəbul olunmayıb.

SSRİ-nin dağılmasından sonra Gürcüstanın tərkibində muxtariyyət statusuna malik olan Abxaziya və Cənubi Osetiya öz müstəqilliyini elan edib. Rəsmi Tbilisinin bu ərazilər üzərində nəzarəti itirməsi ilə nəticələnən silahlı münaqişədən sonra nəticəsiz sülh danışıqları aparılır. Tbilisi onlara Gürcüstan tərkibində geniş muxtariyyət təklif edir, bu isə separatçıları qane etmir.

Xəbər lenti

Xəbər lenti