...

Azərbaycan Venesiya Komissiyasının seçkilərin pozulmasına xidmət edən təkliflərini qəbul etməyəcək - Prezident Aparatının şöbə müdiri

Siyasət Materials 25 Aprel 2008 11:51 (UTC +04:00)
Azərbaycan Venesiya Komissiyasının seçkilərin pozulmasına xidmət edən təkliflərini qəbul etməyəcək - Prezident Aparatının şöbə müdiri

Azərbaycan, Bakı, 25 aprel / Trend , müxbir Q.Cəbiyev/ Rəsmi Bakı bəyan edib ki, seçki qanunvericiliyinə dəyişikliklər Azərbaycanın milli maraqları fonunda baş verəcək. "Seçkilərin pozulmasına, qarışıqlıq yaratmağa, seçkilərin hansısa tərəflərin iradəsindən asılı vəziyyətə salınmasına xidmət edən, istər Venesiya Komissiyasının, istərsə də başqa qurumların olsun, təklifləri qəbul edilməyəcək", cümə günü jurnalistlərə Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.

Avropa Şurası Venesiya Komissiyasının ekspertləri hesab edirlər ki, Azərbaycanda seçki komissiyalarının sədrləri vəzifəsinə müxtəlif partiyaların nümayəndələrini təyin etmək daha yaxşı olar.

"Komissiyalar hökumətmeylli qüvvələr tərəfindən idarə edilməməlidir", - Venesiya Komissiyasının təkliflərində deyilir. Bu barədə Venesiya Komissiyasının nümayəndəsi Sergey Kuznetsov Trend -a məlumat verib.

Avropa Şurasının Venesiya Komissiyası, ATƏT və Azərbaycan hakimiyyəti 2008-ci il prezident seçkiləri ərəfəsində Azərbaycanın Seçki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi üzrə müzakirələr aparıblar.

Venesiya Komissiyasının təkliflərinə əsasən, Azərbaycanda seçkilərin bütün əsas iştirakçılarının seçki komissiyalarına etibarının möhkəmlənməsi üçün komissiyalar daha müstəqil olmalıdırlar.

Dairə və məntəqə seçki komissiyalarının sədrlərini Mərkəzi Seçki Komissiyası təyin edir. Venesiya Komissiyasının rəyinə görə, müxtəlif siyasi partiya nümayəndələrinin seçki komissiyalarının sədrləri təyin edilməsi etibarın yüksəlməsinə yardım edəcək.

"Son prezident seçkiləri göstərib ki, Mülki Məcəllə seçki komissiyalarının sədrlərinə böyük səlahiyyətlər verir", - sənəddə qeyd olunur.

Azərbaycan müxalifəti isə hesab edir ki, seçki komissiyalarının təkibi müxalifət və hakimiyyət arasında bərabər əsaslarla formalaşdırılmalıdır. Müxalifət liderlərinin fikrincə, komissiyanın indiki tərkibi (parlamentdə çoxluqla, azlıqla və müstəqil deputatlar kimi təmsil olunan partiya üzvləri) hakimiyyətin təsiri altındadır.

Azərbaycan hökumətinə, həmçinin "namizədlərin irəli sürülməsi və komissiya üzvlərinin təyin olunması prosedurlarını təkmilləşdirmək təklif olunur". Komissiya üzvləri beş il müddətinə seçilməməlidir, onlar ancaq seçki və hər il seçici siyahısının hazırlanması dövründə işləməlidir.

Həsənov deyib ki, Seçki Məcəlləsinə dəyişikliklərə dövlətin marağı baxımından yanaşılacaq. Onun sözlərinə görə, Azərbaycan hökuməti seçkiqabağı mühitin daha da demokratikləşməsi üzərində işləyir və seçkiqabağı vəziyyətin demokratik, şəffaf seçkilərə uyğunlaşması istiqamətində tədbirlər görüləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti