...

Azərbaycan Parlamentində amnistiya aktının qəbul olunması ilə bağlı məsələ qaldırılıb

Siyasət Materials 25 Aprel 2008 13:00 (UTC +04:00)
Azərbaycan Parlamentində amnistiya aktının qəbul olunması ilə bağlı məsələ qaldırılıb

Azərbaycan, Bakı, 25 aprel / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Parlamentində amnistiya aktının qəbul olunması ilə bağlı məsələ qaldırılıb. "Yeni amnistiya aktı qocalara, xəstələrə, təsadüfən cinayət törədən məhbuslara və cəzasının müəyyən hissəsini çəkmiş məhbus qadınlara şamil olunmalıdır", - deyə Azərbaycan Parlamentinin cümə günü keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.

Novruzov deputatları mayın 10-da Azərbaycanın eks-prezidenti Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar amnistiya aktının qəbul olunmasına dair təklifi dəstəkləməyə çağırıb.

Hakim partiyanın nümayəndəsi bildirib ki, əfvdən fərqli olaraq, amnistiya aktı daha çox məhbusa şamil olunur. Ona görə də növbəti amnistiya aktının qəbul olunmasına ehtiyac var.

Müxalifəti təmsil edən Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu da amnistiya aktının verilməsinə ehtiyac olduğunu bildirib.

İndiyə qədər 8 amnistiya aktı qəbul olunub. Sonuncu amnistiya aktı Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü münasibətilə mayın 10-da qəbul edilib. 7 amnistiya aktı 78 min nəfəri əhatə edib, o cümlədən 21 325 nəfər cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıb.

1995-ci ilin iyulundan bu günədək prezident 43 əfv fərmanı imzalayıb. Əfv fərmanı 4584 məhkuma şamil olunub.

Xəbər lenti

Xəbər lenti