...

Deputatlar Azərbaycanda qiymət artımı məsələsinin Parlamentə çıxarılmasını tələb edirlər

Siyasət Materials 25 Aprel 2008 13:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel / Trend , müxbir İ.Əlizadə/ Millət vəkilləri Azərbaycanda gedən qiymət artımının, xüsusən də ölkənin buğda ilə təminatı məsələsinin Parlamentdə müzakirə olunmasını tələb edirlər. "Parlament bu məsələləri hökumətin iştirakı ilə müzakirə edib, vəziyyətdən çıxış yolu tapmalıdır", - deyə Azərbaycan Parlamentinin cümə günü keçirilən iclasında deputat Cəmil Həsənli bildirib.

O qeyd edib ki, son günlər ölkədə ərzaq məhsullarının qiyməti xeyli artıb. Bu isə əhalinin az təminatlı hissəsinin vəziyyətini daha da çətinləşdirir və ciddi narahatlıq yaradır.

Parlamentdə müxalifəti təmsil edən Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn bildirib ki, Azərbaycanda taxıl əkini ilə bağlı statistik rəqəmlər reallığı əks etdirmir: "Qazaxıstanın xarici ölkələrə, o cümlədən Azərbaycana taxıl satışına qoyduğu qadağadan sonra yaranan böhran da bunun nəticəsidir. Bu məsələlər Parlamentdə ciddi müzakirə olunmalıdır".

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə qeyd edib ki, son 10 gündə Azərbaycanda baş verən qiymət artımı vətandaşları ciddi narahat edir. Vətandaşlar bu ağır vəziyyətdən necə çıxacaqlarını bilmirlər: "Parlament məsələni müzakirəyə çıxartmalıdır".

Ağazadə də ölkədə taxıl əkininə dair statistik məlumatların reallığı əks etdirmədiyini bildirib.

Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov qeyd edib ki, Azərbaycandakı qiymət artımı dünyada baş verən iqtisadi böhran ilə bağlıdır: "Azərbaycan hökuməti bu böhranın ölkəyə və vətandaşların vəziyyətinə təsir etməməsi üçün yollar axtarır".

Parlamentin sədri Oqtay Əsədov deputatları qiymət artımı və ölkənin taxıl ilə təminatı məsələsi ətrafında ajiotaj yaratmamağa və məsələdən öz maraqları üçün istifadə etməməyə çağırıb: "Dünyada gedən proseslərdən xəbəriniz yoxdur? Dünyada qiymət artımı prosesi gedir. Azərbaycan nəinki Qazaxstandan, hətta mümkün olsa Argentinadan da taxıl alaraq, öz ehtiyatını yaratmalıdır".

Vitse-spiker Valeh Ələsgərov isə qeyd edib ki, qiymət artımının təkcə Azərbaycanda getməsinə dair məlumatlar həqiqət deyil: "Dünyanın ən inkişaf etmiş ölkələrində inflyasiya və qiymət artımı Azərbaycandakı səviyyədən yüksəkdir".

Xəbər lenti

Xəbər lenti