...

Azərbaycanda daha bir kəndin adı dəyişdirilib

Siyasət Materials 25 Aprel 2008 17:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Parlamenti Bərdə rayonunun Canavarlı kəndinin adını dəyişdirib və kənd bundan sonra Seyid Yusifli adlandırılacaq. "Kənd sakinləri, icra nümayəndəliyi, bələdiyyə və Bərdə rayon İcra Hakimiyyəti kəndin adının dəyişdirilməsi və Seyid Yusifli adlandırılması ilə bağlı Milli Məclis yanıda Toponomiya Komissiyasına müraciət edib", - deyə Azərbaycan Parlamentinin cümə günü keçirilən iclasında Regional məsələlər daimi komissiyasının üzvü Tahir Rzayev bildirib.

Bərdə Azərbaycanın cənub-qərb bölgəsində, paytaxt Bakıdan 340 km. aralıda yerləşir.

Rzayev bildirib ki, Canavarlı adının kəndə necə verildiyi məlum deyil. "Seyid Yusif bu kənddə yaşayıb və xeyirxah bir insan olub. Ona görə də sakinlər kəndə Seyid Yusifin adının verilməsini istəyirlər", - deyə deputat əlavə edib.

Deputat İqbal Ağazadə Azərbaycanda yer adlarının dəyişdirilməsi məsələsinin ənənəyə çevrilməsinə etiraz edib. "Seyid Yusifin həmin kəndin tarixi, əhalisi ilə hansı əlaqəsi, kənd qarşısında hansı xidmətləri var ki, ora onun adı verilsin? Kim təminat verə bilər ki, sabah rayona başqa bir icra başçısı, bələdiyyə sədri gəlib kəndin adını yenidən dəyişməyəcək? Dövlətin bu tipli məsələlərlə məşğul olan xüsusi bir komssiyası olmalıdır", - deyə Ağazadə əlavə edib.

Regional məsələlər komissiyasının üzvü Fəzail İbrahimli isə Ağazadəni arqumentsiz, fakta söykənmədən danışmaqda və aqresivlikdə ittiham edib: "Onun diqqətinə çatdırmaq istərdim ki, adların dəyişdirilməsi düzgündür və proses bundan sonra da getməlidir. Azərbaycan xalqının milli soykökünə, toponomik prinsiplərinə söykənərək adların dəyişdirilməsi davam etdirilməlidir".

Spiker Oqtay Əsədov bildirib ki, hələ qədim dövrlərdən Azərbaycanda şəhərlər və kəndlər tayfa adları ilə adlandırılıb: "Regional məsələlər daimi komissiyası bütün məsələləri araşdırıb".

Parlament Qobustan rayonunun Mərəzə qəsəbəsinin adının dəyişdirilməsi və Qobustan qəsəbəsi adlandırılması haqda qanun layihəsini də qəbul edib. Bundan başqa, Qobustanın Nərimankənd kəndi əhali yaşamadığına görə ləğv olunacaq və ərazisi Qobustan qəsəbəsinə birləşdiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti