...

Azərbaycanın müxalifət partiyasının bir qrup üzvü istefa verib

Siyasət Materials 28 Aprel 2008 15:00 (UTC +04:00)
Azərbaycanın müxalifət partiyasının bir qrup üzvü istefa verib

Azərbaycan, Bakı, 28 aprel / Trend müxbir C.Babayeva/ Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) Bakı şəhər Nərimanov rayon təşkilatının bir qrup üzvü partiyadan istefa vermələri barədə bəyanat qəbul edib. Bu barədə bazar ertəsi Trend -a daxil olan məlumatda bildirilib.

Bəyanat müəllifləri istefalarının səbəbini bu ilin seçki ili olmasına baxmayaraq, BAXCP-nin fəallığının hiss olunmaması və seçki ilə bağlı bu günə qədər mövqe bildirməməsi ilə izah ediblər.

Partiyanın Nərimanov rayon təşkilatının istefa verdiyi 17 üzvü bundan sonrakı siyasi fəaliyyətlərini müxalifətdə təmsil olunan Azərbaycan Yolu Siyasi Hərəkatının (AYSH) sıralarında davam etdirmək barədə qərar qəbul edib.

AYSH sədrinin təşkilati məsələlər üzrə müavini Şəmsəddin Rəhimlinin Trend -a bildirdiyinə görə, BAXCP-nin Nərimanov rayon təşkilatından istefa vermiş bir qrup üzvün bəyanatı Hərəkata daxil olub və hazırda araşdırılır.

BAXCP Nərimanov rayon təşkilatının sədri Rəfi Mahmudov da 17 üzvün partiyadan istefa verməsi faktını təsdiqləyib. İstefa verənlərin ikisi rayon təşkilatının sədr müavinləridir.

Qüdrət Həsənquliyevin rəhbərliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir qrup üzvü 2002-ci ildə partiyadan ayrılaraq və özlərinin "birləşdirici" qurultayını keçiriblər və 2004-cü ilə qədər AXCP-nin "birləşdirici" qanadı kimi tanınıblar. 2004-cü ildə qurumun adında dəyişiklik edilib və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının təsis qurultayı keçirilib. 2005-ci ildə dövlət qeydiyyatına alınan BAXCP özünü iqtidara qarşı konstruktiv müxalifətçi hesab edir. Həsənquliyev Milli Məclisin deputatıdır.

Xəbər lenti

Xəbər lenti