...

Azərbaycanda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 85 illik yubileyi qeyd olunur

Siyasət Materials 28 Aprel 2008 15:38 (UTC +04:00)
Azərbaycanda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 85 illik yubileyi qeyd olunur

Azərbaycan, Bakı, 28 aprel / Trend / Bu gün Azərbaycanda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 85 illik yubileyi qeyd olunur.

1947-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirdikdən sonra Moskva Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasartıma kursunda təhsil alan Zərifə Əliyevanın elmi araşdırmalara olan sonsuz marağı onu Azərbaycan Elmi Tədqiqat Oftalmologiya İnstitutuna gətirir.

Zərifə Əliyevanın bu institutda1949-cu ildən 1967-ci ilədək işlədiyi 18 il - həkimlik fəaliyyətinin ilkin mərhələsi o vaxt infeksion xəstəlik-traxomanın Azərbaycanda geniş yayıldığı dövrə təsadüf edib. Gözlərin zədələnməsinə və bir çox hallarda ağır nəticələrə, hətta görmə qabiliyyətinin tamamilə itirilməsinə səbəb olan bu xəstəliklə mübarizənin təşkili respublikamızın qarşısında duran ən mühüm məsələlərdən birinə çevrilmişdi. Zərifə Əliyeva bu xəstəliyə qarşı görülən müalicəvi və profilaktik tədbirlərin keçirilməsində və təşkilti işlərdə ən fəal iştirakçılardan olub. O, müntəzəm olaraq traxomanın ən geniş yayıldığı rayonlara səfərlər edir, oftalmoloq-həkimlərə mühazirələr oxuyur, əhali ilə söhbətlər aparırdı.

1960-cı ildə Zərifə Əliyeva "Traxomanın müalicəsində sintomisin terapiyası metodlarının digər birləşmələri" namizədlik dissertasiyasını uğurla başa vuraraq, 1963-cü ildə SSRİ-nin Ali Attestasiya Komissiyası tərəfindən "Oftalmologiya ixtisası üzrə baş elmi işçi" adına layiq görülüb. Zərifə Əliyevanın doktorluq dissertasiyasının əsasını isə çoxillik mühazirələr, kliniki araşdırmalar və eksperimentlərin nəticələri təşkil edir. O, "Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanlarının vəziyyəti" doktorluq dissertasiyasını dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən biri olan Q.Qelmqols adına Moskva Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə edib. Onun bu işi bu sahədə ilk elmi əsər olmaqla, oftalmoloq alimlər tərəfindən yüksək qiymətləndirilib. 1977-ci ildə Zərifə xanım tibb elmləri doktoru alimlik dərəcəsinə layiq görülüb.

Görmə orqanının profesional patologiyası sahəsindəki elmi araşdırmaları - oftalmologiyanın inkişafına böyük töhfəsi olan Zərifə Əliyeva 1981-ci ildə oftalmologiya üzrə ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülüb.

1983-cü ildə Azərbaycan Elmi Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda Oftalmologiya kafedrasının müdiri seçiləndən sonra Zərifə Əliyevanın fəaliyyəti daha da genişlənib. Azərbaycanın Əməkdar elm xadimi, Rusiya Tibb Elmləri Akademiyasının laureatı Zərifə Əlyeva tibbin görkəmli simaları tərəfindən ən nüfuzlu alim kimi tanınıb. Onun 150 elmi işi, 12 monoqrafiyası, elmi sahədə məşğul olduğu 12 səmərələşdirici təklifi nəşr olunub.

Çoxillik elmi tədqiqat fəaliyyətinə və böyük xidmətlərinə görə, Zərifə xanım Əliyeva 1983-cü ildə Azərbaycan SSRİ-nin Elmlər Akademiyasının akademiki seçilib.

Bütün ömrü boyu böyük ictimai işlərlə məşğul olan akademik Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü, Azərbaycan hökumətinin Oftalmoloqlar Cəmiyyətinin üzvü, "Oftalmologiya xəbərləri" jurnalının (Moskva) redaksiya heyətinin üzvü olub.

Xəbər lenti

Xəbər lenti