...

Azərbaycanın eks-spikerinin partiyasında boykot tərəfdarlarının sayı artır

Siyasət Materials 28 Aprel 2008 16:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel / Trend müxbir C.Babayeva/ Azərbaycanın eks-spikeri, Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Rəsul Quliyevin müşaviri Zəminə Dünyamalıyeva partiyanın builki prezident seçkisinə qatılmasını məqbul saymır. Bu fikri o, bazar ertəsi Trend -a bildirib.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək.

Müxalifət düşərgəsindən Müsavat Partiyasının sədri İsa Qəmbər, Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin prezidentliyə namizədliyi irəli sürülüb. Hakim Yeni Azərbaycan Partiyası seçkidə partiyanın sədri, prezident İlham Əliyevin namizədliyini irəli sürəcəyini bəyan edib.

ACP-nin sədri Akif Şahbazov və onun müavini Yaqub Abbasov Azərbaycanda siyasi vəziyyətin dəyişməyəcəyi təqdirdə, prezident seçkisinin boykot ediləcəyini bildiriblər.

"Rəsul Quliyevin Azərbaycanda olmadığı təqdirdə seçkilərə qatılmasının effekti olmayıb. 2005-ci ildə parlament seçkilərində protokolların nəticələri Quliyevin seçildiyini göstərsə də, onun Azərbaycana gəlməsinə belə icazə verilmədi", deyə Dünyamalıyeva bildirib.

Onun sözlərinə görə, Quliyev Azərbaycanda olmadığı bir halda ACP-nin seçkiyə qatılması mümkün deyil.

"ACP seçkiyə qatlımaq haqqında yalnız Quliyevin vətənə qayıdışı təmin olunduqdan sonra fikirləşə bilər", deyə Dünyamalıyeva söyləyib.

Müşavirin sözlərinə görə, ACP-nin seçkiyə qatılmamasını əsaslandıran səbəblərdən biri də partiyanın seçkiyə qısa müddətin qalmasına baxmayaraq, dövlət tərəfindən qeydiyyata alınmamasıdır.

Dünyamalıyevanın fikrincə, builki prezident seçkisində Azərbaycanda gözlənilməz hadisələr olacaq.

"Seçki ərəfəsində mövcud fəaliyyətsizlik onu göstərir ki, bu seçkilər heç də düşünüldüyü kimi olmayacaq", deyə müşavir bildirib.

Onun sözlərinə görə, ACP boykot qərarı verərsə, prezidentliyə başqa bir namizəd dəstəklənməməlidir.

Dünyamalıyevanın qeyd etdiyi kimi, may ayında Rəsul Quliyevlə bağlı mühüm açıqlamalar olacaq.

Sağ mərkəzçi, müxalifətyönlü ACP 2007-ci ilin aprelində təsis olunub. Partiyanın lideri Azərbaycanın eks-spikeri, hazırda mühacirətdə yaşayan Quliyevdir. 2007-cı ilin fevralınadək ADP-nin sədri olmuş Quliyev və onun tərəfdarları etiraz olaraq ADP-dən imtina edərək özlərinin Açıq Cəmiyyət Partiyasını yaradıblar.

Xəbər lenti

Xəbər lenti