...

Azərbaycan Sosialist Partiyası adından başqa partiya nazirliyə sənəd təqdim edə bilməz – partiya sədri

Siyasət Materials 29 Aprel 2008 17:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov hesab edir ki, bu adda başqa partiyanın təsis sənədləri Ədliyyə Nazirliyinə təqdim oluna bilməz.

"Ədliyyə Nazirliyindən mənə bildirdilər ki, bizim partiyanın sənədləri qəbul olunduğu üçün başqa bir partiya bu ada iddia edə bilməz"-deyə Həsənov çərşənbə axşamı Trend a açıqlamasında bildirib.

Azərbaycan Kommunist Partiyasının keçmiş rəhbəri Rüstəm Şahsuvarov özünün Azərbaycan Sosialist Partiyasını yaradır, bunun üçün artıq Təşkilat Komitəsi fəaliyyət göstərir.

Bu məlumatın yayılmasından sonra bu adda fəaliyyət göstərən başqa bir partiyanın rəhbəri Həsənov Şahsuvarova etirazını bildirib.

Həsənov bildirib ki, Azərbaycan Sosialist Partityası 2002-ci ildə dövlət qeydiyyatına alınmaq üçün sənədlərini Ədliyyə Nazirliyinə təqdim edib. Lakin partiya indiyədək də qeydiyyata alınmayıb.

Həsənov bildirib ki, bu gün Ədliyyə Nazirliyində hüquqşünaslarla görüş keçirib, Şahsuvarovun eyni adlı partiya yaratmasına görə şikayətini bildirib.

"Ədliyyə Nazirliyində bildirdilər ki, bizim partiyanın sənədləri 2002-ci ildə qəbul olunduğu üçün Azərbaycan Sosialist Partiyası adında başqa partiya sənədlərini verməməlidir. Əgər təqdim edərsə, nazirlik onlara tövsiyə edəcək ki, partiyanın adında dəyişiklik etsinlər"-deyə Həsənov qeyd edib.

Həsənovun sözlərinə görə, özünün rəhbərlik etdiyi ASP 2002-ci ildən 2004-cü ilədək iqtidaryönlü partiyaların Məşvərət Məclisində təmsil olunub, "Sosialist" adlı qəzeti 2002-ci ildə qeydiyyata alınıb. Həmçinin partiyanın www.sosialist.com adlı saytı da yaradılıb.

Şahsuvarov isə Trend a" açıqlamasında bildirib ki, Həsənovun özünün və partiyasının fəaliyyətinə rast gəlməyib, üstəlik, onların dövlət qeydiyyatı olmadığı üçün özünün Sosialist Partiyasını yaratmaqda israrlıdır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti