...

Gürcüstan-Rusiya münasibətlərinin kəskinləşməsi Moskva üçün sərfəli deyil – ekspertlər

Siyasət Materials 30 Aprel 2008 19:30 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 30 aprel/ Trend , müxbir N.Kirtsxaliya, R.Ağayev/ Abxaziya və Cənubi Osetiya məsələsi üzrə Gürcüstan-Rusiya münasibətlərinin kəskinləşməsi birinci növbədə Moskva üçün sərfəli deyil. Belə ki, bu onun təcrid olunmasına və münaqişənin iştirakçısına çevrilməsinə səbəb ola bilər.

"Gürcüstanla münasibətlərdə gərginlik, Rusiyanın özünü təcrid etməsinə, vasitəçi deyil, demokratik normaların pozucusu və münaqişənin iştirakçı tərəfi olmasına gətirib çıxaracaq", - Gürcüstanın ərazi bütövlüyünün bərpa edilməsi üzrə müvəqqəti parlament komissiyasının sədri Şota Malaşxiya hesab edir.

Abxaziyada sülhün qorunması üzrə MDB Kollektiv qüvvələrinin sayının MDB dövlət başçıları Şurasının 1994-cü il 22 avqust qərarı ilə müəyyən edilən hədd çərçivəsində artırılmasına zərurətin olduğunu çərşənbə axşamı Rusiya Müdafiə Nazirliyi bəyan edib. Nazirlik bildirib ki, bu "Gürcüstan-Abxaz münaqişə zonasında hadisələrin inkişafı ilə" diktə edilir. Gürcüstan hakimiyyəti Abxaziyadakı Rusiya sülhməramlıları kontingentinin sayının artırılmasını Tbilisi üçün qəti surətdə qəbuledilməz adlandırıb və bildirib ki, bu, beynəlxalq razılaşmalara ziddir.

"Şimal qonşusundan (Rusiya - qeyd. Trend) fərqli olaraq, Gürcüstan üçün münasibətlərin kəskinləşməsi "ağrılıdır"", - Malaşxiya çərşənbə günü Trend -a bildirib. Onun sözlərinə görə, Gürcüstan-Rusiya münasibətlərinin kəskinləşməsi ilə bağlı mənfi faktorların böyük hissəsi Moskvanın təcavüzkar hərəkətləri və Tbilisinin razılığı olmadan Gürcüstan-Abxaziya münaqişəsi zonasında Rusiya sülhməramlı kontingentinin artması ilə bağlıdır.

"Belə hərəkətlərlə Moskva yalnız açıq şəkildə Gürcüstanı dəstəkləyən dünya ictimaiyyətindən uzaqlaşmır, həm də özü üçün öz ərazisində problemlər yaradır", - sədr bildirib. Malaşxiya Tbilisinin beynəlxalq qurumların təkcə şifahi deyil, həm də "real yardım göstərilməsi səviyyəsində" dəstəyinə malik olduğunu bildirib. "Bu yardımın nəticəsi yaxın vaxtlarda Gürcüstanın ərazi bütövlüyünün bərpa edilməsi olacaq və bu, hazırda mövcud olan qarşıdurmada müsbət nəticədir", - o əlavə edib.

Rusiyanın məşhur eksperti Sergey Markedonov hesab edir ki, Gürcüstan və Rusiya arasında münasibətlərin kəskinləşməsi birinci növbədə Rusiya üçün sərfəli deyil.

"Rusiyanın maraqları baxımından o, təkcə Avropa və Ştatlardan deyil, MDB-dən də təcrid olunacaq. Nə Azərbaycan, nə Ukrayna, nə də Belarus ilə Qazaxıstan Rusiyanın Gürcüstana qarşı təcavüzkar, sərt hərəkətlərini dəstəkləməyəcəklər. Buna görə də güman edirəm ki, Rusiya rəhbərliyi hansısa təcavüzkar hərəkətlərə getməyəcək. Belə ki, bu, bizim maraqlarımızda deyil", - Rusiyanın siyasi və hərbi analiz İnstitutunun millətlərarası münasibətlərin problemləri şöbəsinin rəhbəri Markedonov çərşənbə günü Trend -a bildirib.

Gürcüstan həmçinin gözəl anlayır ki, onun üçün vəziyyətin belə bir miqyasda kəskinləşməsi sadəcə faciə olacaq. Qərb, xüsusilə də ABŞ istəməzdi ki, onlara arxadan atəş açılsın, Qafqaz isə Yaxın Şərqin arxasıdır. "Belə görünür ki, miyqasli hərəkətlərdə heç kim maraqlı deyil. Lakin ola bilsin ki, münaqişələrin "donunun açılması" davam edəcək", - rusiyalı politoloq bildirib.

Markedonovun rəyinə görə, Rusiya diplomatiyası üçün ən başlıcası Gürcüstanla münasibətlərdə formullarda son dərəcə düzgün və ehtiyatlı olmaqdır. "Bu vəziyyətdə Moskva üçün ən əsas vəzifə başqalarının oyununda oynamamaqdır", - o bildirib. Onun sözlərinə görə, 2004-2007-ci illərdə Gürcüstan siyasətinin əsas məqsədi münaqişələri Gürcüstan-Abxaziya və Gürcüstan-Cənubi Osetiya münaqişələri kimi deyil, Rusiya-Gürcüstan münaqişəsi kimi təqdim etmək olub. "İndi bu planın ikinci fazası gedir - münaqişələrin Qərb və Rusiya arasında qarşıdurma kimi təqdim edilməsi. Bu halda Gürcüstan özünü Qərb dünyasının bir hissəsi kimi göstərməyə çalışır. Bunun üçün bütün mümkün metodlardan istifadə edilir", - o bildirib.

"Rusiya Gürcüstan-Abxaziya münaqişə zonasına əlavə sülhməramlı kontingentin daxil edilməsindən imtina etməlidir. Belə ki, bu, regionda siyasi və hərbi gərginliyə səbəb olacaq", - çərşənbə günü ABŞ Dövlət katibinin müavini Metyu Brayza bildirib.

"Ola bilsin ki, Rusiyanın yeni təşəbbüsü qanunidir. Lakin mən əminəm ki, o, siyasi və hərbi gərginliyə səbəb olacaq. Rusiya belə addım atmamalıdır", - o, "Rustavi 2" teleşirkətinə bildirib.

Brayza hesab edir ki, başlıcası Gürcüstanın sakitliyi qoruması və güclü, demokratik dövlət kimi qalmasıdır. Bununla yanaşı, o, münaqişə zonasında güc tətbiqinin yolverilməz olduğunu vurğulayıb.

"Rusiya Gürcüstanla müharibə etməyə hazırlaşmır. Biz çox sayda faktlar qeyd edirik və bu faktlar Gürcüstan rəhbərliyinin Abxaziya və Cənubi Osetiya problemlərinin güc yolu ilə həlli planlarını düşünə bilməsinə dəlalət edir. Gürcüstan rəhbərliyi birbaşa və ya gizli olaraq nəzərəçarpacaq həcmdə çox silah alır", - bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Nazir xüsusilə də qeyd edib ki, Gürcüstan Kodor dərəsi ilə bağlı razılaşmaları pozur. BMT TŞ-nın qətnaməsinə əsasən, bu dərədə Gürcüstan hərbi birləşmələri yerləşdirilə bilməz.

"Rusiya Tbilisi ilə münasibətlərdə qarşıdurma yolunu seçib. Bizim yolumuz qarşıdurma yolu deyil. Lakin bizim bütövlüyümüz pozularkən və sərhədlərin bölünməzliyi prinsiplərinə, həmçinin elementar beynəlxalq hüquq normalarına hörmətsizlik zamanı Gürcüstan öz hüquqlarını müdafiə etməyə bilməz", - Gürcüstan parlamentinin sədri Nino Burcanadze bu gün bildirib.

"Rusiyanın etdikləri heç bir məntiq qanunlarına sığmır. O sadəcə Gürcüstan hakimiyyətini şantaj edir və Moskvanın son 10 ildə Abxaziya və Cənubi Osetiyaya qarşı həyata keçirdiyi qəsbkarlığı qanuniləşdirməyə çalışır", - spiker vurğulayıb.

SSRİ dağıldıqdan sonra Gürcüstan SSR-in tərkibində muxtariyyət statusuna malik Abxaziya və Cənubi Osetiya öz müstəqilliklərini elan ediblər. Rəsmi Tbilisinin bu ərazilər üzərində nəzarəti itirməsinə səbəb olan silahlı münaqişədən sonra, nəticəsiz sülh danışıqları aparılır. Tbilisi Gürcüstanın tərkibində onlara geniş muxtariyyət təklif edir ki, bu da separatçıları təmin etmir.

Rusiya-Gürcüstan münasibətləri Tbilisinin NATO-ya daxil olmaq niyyəti ilə çətinləşib. Kreml bunu Rusiya üçün birbaşa təhlükə kimi nəzərdən keçirir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti