...

Avropa Parlamentinin üzvü Ermənistanın işğalçılıq siyasətini pisləyib

Siyasət Materials 30 Aprel 2008 19:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel / Trend , müxbir S.İlhamqızı/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Avropa Parlamentinin rumıniyalı üzvü Adrian Severinlə görüşüb. Bu barədə XİN-dən məlumat verilib.

Avropa İttifaqının Qonşuluq Siyasətində Azərbaycana xüsusi yer ayırmasını, təşkilatla ölkəmiz arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulmasını zəruri saydığını bildirən avropalı parlamentari bunun üçün lazımi potensialın olduğunu, Azərbaycanın yalnız neft-qaz istehsalçısı kimi deyil, geosiyasi mövqeyini, dinamik iqtisadi inkişafını, Aİ-Orta Asiya əməkdaşlığa verə biləcəyi töhfəyə görə Aİ üçün əhəmiyyətini qeyd edib.

Nazir Məmmədyarov Azərbaycanın Aİ Qonşuluq Siyasəti üzrə Fəaliyyət Planının yerinə yetirilməsinə dair artıq ilk hesabatın hazırlandığını, Avropaya inteqrasiya prosesinin ölkədə bir sıra sahələrdə müsbət irəliləyişlərə səbəb olduğunu diqqətə çatdırıb. Nazir Avropa Parlamentində GUAM dostluq qrupunun yaradılması imkanlarının araşdırılmasını da zəruri sayıb.

Məmmədyarov həmçinin Ermənistan-Azərbaycan münaqişəsinə toxunub, həmsöhbətlər Azərbaycan torpaqlarının işğalını pisləyib və Ermənistanın apardığı etnik təmizləmənin "öz müqəddəratını təyinetmə" prinsipi ilə pərdələnməsinin yolverilməz olduğunu qeyd ediblər.

Rumıniyalı nümayəndə həmçinin "öz müqəddəratını təyinetmə"nin milli azlıqlara deyil, xalqlara aid olduğunu və ermənilərin artıq Ermənistanın tərkibində özünü təyin etdiklərini vurğulayıb.

Görüşdə Avropa parlamenti üzvlərinin Azərbaycan haqda məlumatlılığının artırılması, parlamentarilərin Azərbaycana səfərlərinin təşkilinin, lobbiçilik fəaliyyətinin zəruriliyi də qeyd olunub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti