...

Azərbaycanda yerli demokratiya nöqteyi-nəzərindən önəmli müsbət irəliləyişlər var - AŞ-nin Yerli və Regional Hakimiyyətlər Konqresinin sədri

Siyasət Materials 3 Dekabr 2008 01:44 (UTC +04:00)
Azərbaycanda yerli demokratiya nöqteyi-nəzərindən önəmli müsbət irəliləyişlər var - AŞ-nin Yerli və Regional Hakimiyyətlər Konqresinin sədri

Fransa , Strasburq , 03 noyabr / Trend müxbir А.Мəhərrəmli/ Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin sədri Yavuz Mildonla müsahibə.

- Azərbaycanda yerli demokratiyanı necə qiymətləndirirsiz?

- Mən Azərbaycandakı yerli demokratiya nöqteyi-nəzərindən önəmli və müsbət irəliləyişlərin olduğuna inanıram. Çünki AŞ-nin bir qaydası var. Quruma üzv ölkələrlə əməkdaşlıq etmək üçün orada bələdiyyə birliklərinin yaradılması gərəkdir. Bizim gerçək vəzifələrimiz bələdiyyə birlikləridir, yeni yerli özünüidarəetmə orqanlarının və məhəllə bələdiyyələrinin bir araya gələrək yaratdıqları birliklərdir. Bu örnək son bir neçə ilədək Azərbaycanda yox idi. Lakin Azərbaycan vacib proqram həyata keçirərək, üç səviyyədə bu birlikləri Yerli Özünüidarəetmə Orqanları Assosiasiyaları yaratdı və AŞ artıq bu məsələdə Azərbaycanla rahat əməkdaşlıq edə bilir. Ədliyyə Nazirliyi ilə yaxın əlaqələrimiz var. Azərbaycanlı qardaşlarımız təkcə Azərbaycanla baglı məsələlərdə deyil, eləcə də Avropadakı digər demokratikləşmə fəaeliyyətlərində də iştirak edirlər. Azərbaycan nümayəndə heyətinin rəhbəri Anar Ibrahimov və nümayəndə üzvləri olan digər qardaşlarımız çox yaxın dostlarımızdır. Onlar sistematik olaraq Konqresin iclaslarında iştirak edirlər.

Qəbul edilən yeni qanunlar Azərbaycanda yerli özünüidarəetmə orqanlarının inkişafına xidmət edir. Bu məsələdə Azərbaycanın AŞ standartlarına uyğun olması istiqamətində aparılan işlərə tam inamım var.



Azərbaycanın yerli özünüidarəetmədə ən böyük problemi torpaqlarının erməni işğalı altında qalmasıdır. Bu faktı AŞ da qəbul edir. İşğal edilmiş ərazilərdə təbii olaraq Azərbaycanın yerli özünüidarəetmə orqanından danışmaq mümkün deyil. Inanıram ki, Azərbaycan prezidentinin imzaladığı beynəlxalq sənədlərlə yaxın zamanda bu məsələ öz həllini tapacaq ve Azərbaycan öz doğma torpaqlarına qovuşa biləcək. Bundan sonra Azərbaycan bütün ərazilərində yerli demokratiyanı tətbiq etmək imkanı əldə edəcək. Mən nəticə olaraq bunu deyə bilərəm ki, Azərbaycanın 20 faiz ərazisində yerli özünüidarəetmə orqanlarının olmaması bizi də üzür. Bu məsələdə AŞ və Konqres əlindən gələni etməyə hazırdır.


- Bakı merinin seçki yolu ilə müəyyənləşməməsi ilə bağlı nə deyə bilərsiz? Bu yöndə hansı tövsiyələriniz var?

- Hər bir ölkənin öz spesfik xüsusiyyətləri var. Bu, yalnız Azərbaycana olmur. Məsələn, Hollandiyada merləri kraliça təyin edir. Mühum olanı ümumi idarəetmə prinsiplərinin Azərbaycanın da imzaladığı beynəlxalq sənədlərə uyğun olmasıdır. Bizim məruzəçilərimiz də vaxtaşırı müvafiq məsələləri nəzərdən keçirirlər. Bu məsələdə əgər problemlər olarsa, onları çəkinmədən söyləyirik və Azərbaycanın da lazımi tədbirlərin görməsini isteyirik. Mən konkret  məsələlərlə baglı çox danışmaq istəmirəm, çünki onlarla məruzəçilərimiz və İnstitusional Komissiya məşğul olur. AŞ bu məsələdə ortaya çıxacaq hər cür şikayətə açıqdır. Bu mənim Azərbaycandakı yerli demokratiyaya dair ümumi şəkildə dediyim fikirlərdir. Bununla belə dediklərimlə bərabər bəzi özəl problemlər olarsa, bunların da  tez bir zamanda həll olunmasını arzu edirik.



- Azərbaycanda yerli demokratiyanın vəziyyətinə dair hesabat hazırlanırmı?

- Hal-hazırda Azərbaycanla bağlı heç bir hesabat hazırlamırıq. Düzdür biz ölkələrlə bağlı hesabatlar hazırlayırıq. Bu isə hər il olmur. Əgər bəlli bir şikayət olarsa, onunla baglı hesabatlar hazırlayırıq. Bizim hesabatlarımız adətən seçki dövrünə təsadüf edir. Bu ərəfədə də həmin ölkənin ümumi dəyərləndirməsini aparırıq. Azərbaycanda 2009-cu ildə növbəti bələdiyyə seçkiləri zamanı Milli Məclisin dəvəti ilə Konqresin nümayəndə heyəti seçkiləri müşahidə etmək üçün ölkənizə səfər edəcək.



- Azərbaycan yerli idarəetmə sahəsində hansı sahələrə daha çox diqqət yetirməlidir?

- Azərbaycanda yerli özünüidarəetmə yeni bir sahədir. Bu və ya digər sahəyə daha çox diqqət ayrılmalıdır demək düzgün olmazdı. Avropa ölkələrində artıq orta hesabla görülən işlərə xərclənən büdcənin 70 faizini yerli özünüidarəetmə orqanları tərəfindən həyata keçirilır. Burada xüsusi olaraq bələdiyyələrin maliyyə mustəqilliyi məsələsi uzərində dayanmaq lazımdır. Yerli özünüidarəetmə orqanlarının inkişaf etməsini istəyiriksə, onların maliyyə sərbəstliyini tanımaq lazımdır. Yəni mümkün olduğu qədər özlərini maliyyə cəhətdən idarə etməlidirlər, işlərini öz maliyyə imkanları hesabına görə bilməlidirlər. Əgər bu, mərkəzdən göndərilən pullarla olarsa, o zaman onlar hökumətin bir təmsilçisi kimi rolunda çixiş edəcək. Əlbəttə ki, bu, hər şeyi yerli özünüidarəetmə orqanlarının üzərinə buraxmaq anlamına gəlmir. Əsas odur ki, maliyyə müstəqilliyi AŞ-nın Yerli Özünüidarə Xartiyasında və digər sənədlərdə təsbit edilmiş qaydalara uyğun olsun. Bu hər bir ölkənin xüsusiyyətindən irəli gələn bir haldır. Lakin yerli özünüidarəetmə orqanları büdcəsinin  bütünlükdə mərkəzi hökümət tərəfindən maliyyələşdirilməsi də düzgün deyil. Gələcəkdə məqsədimiz bu sahədə Azərbaycan və digər olkələrdə görəcəyimiz işlər mümkün qədər yerli idarəetmə orqanlarının müstəqil maliyyə imkanları qazanmasına yardım etməkdir.
Bu zaman həqiqi yerli demokratiyadan danışmaq olar.

- Azərbaycana səfəriniz gözlənilir. Bu səfər nə vaxt baş tutacaq və onun məqsədi nedir?

- İndi dəqiq tarixi deyə bilmirəm. Təkcə onu deyə bilərəm ki bu səfər 2009-cu ilin yazına təsadüf edə bilər. Bu səfər təkcə Azərbaycana deyil, eləcə də digər Cənubi Qafqaz olkələrinə olacaq. Artıq Gürcüstan və Ermənistandan dəvət almışam. Amma ən qısa zamanda qardaş Azərbaycana səfər etmək istəyirəm. Eyni zamanda türk nümayəndə heyətinin  rəhbəriyem. Bu üzdən Azərbaycanı qardaş ölkə olaraq görürem.



- Bu gün Gürcüstanla bağlı Konqresdə qətnamə layihəsi qəbul edildi. Ümumilikdə, müzakirələrin nəticəsini necə qiymətləndirirsiz?

- "Gürcüstan və Rusiya arasında münaqişənin yerli səviyyədə nəticələri: Avropa yerli özünüidarəetmə orqanlarının yardımı" adlı qətnamə yekdilliklə qəbul edildi. Əlbəttə, gürcü və rus nümayəndələrinin razı qalmadığı məqamlar da oldu. Təbii ki, bizim məmnun olmadığımız məqamlar ola bilər, əsas olanı sonda sənədin səs çoxluğu ilə qəbul edilməsidir. Bu da AŞ-nın uğurudur.

Xəbər lenti

Xəbər lenti