...

İranın xarici siyasət üzrə rəhbərlərinin diplomatik təcrübəsi yoxdur -İranlı ekspert

Siyasət Materials 18 Dekabr 2008 18:30 (UTC +04:00)

İran, Tehran, 18 dekabr / Trend , müxbir A. Namdari / Beynəlxalq məsələlər üzrə ekspert, Tehran universitetinin professoru Trend - a açıqlamasında hesab edir ki, İranın xarici siyasəti üzrə rəhbərlərinin diplomatik təcrübəsi yoxdur.

"İran rəsmiləri bəzi beynəlxalq məsələləri bir-birindən ayırd edə bilmir və buna görə də beynəlxlaq məsələlərdə radikal və qeyri- diplomatik mövqe tuturlar" - deyə Beynəlxalq məsələlər üzrə ekspert Davud Hermidas Bavənd cümə axşamı bildirib.

Fransa prezidenti Nikola Sarkozi ötən həftə Yelisey sarayındakı çıxışında bildirib ki, İran prezidenti Mahmud Əhmədinejada əl verib müzakirə aparmağa meylli deyil. Sarkozinin sərt çıxışı İran rəsmiləri tərəfindən kəskin tənqid olunub və ölkə Parisdə keçirilən Əfqanıstanın yenidən qurulmasına həsr olunmuş iclasda iştirakdan imtina edib.

Bavənd bildirib ki, İran Əfqanistan məsələsini Fransa-İran probleminə qatmamalı idi.

O, Avropa İttifaqının (Aİ) Tehranda nümayəndəlik açmaq istəməsi və İran rəsmilərinin buna münasibətini nümunə göstərərək bildirib ki, nümayəndəlik Aİ-nin İranla iqtisadi əlaqələrini genişləndirmək məqsədi ilə açılacaq.

Onun sözlərinə görə, Qərbdə nümayəndəliyin açılması və nüvə məsələsinin müzakirəsi fərqli məsələlərdir, İranda isə hesab edirlər ki, Aİ Tehranda nümayəndəlik açmaq istəyirsə, demək, mövqelərindən geri çəkiliblər.

"Avropa İttifaqının Tehranda nümayəndəlik açması, Aİ-nin İranın nüvə məsələsində öz mövqelərindən geri çəkilməsi demək deyil", - deyə Bavənd bildirib.

Bavəndin fikrincə, İran Barak Obamanın ABŞ - ın İrana qarşı siyasətini dəyişəcəyinə ümid bəsləyirdi, lakin hələlik dəyişiklik hiss olunmur.

"İran rəsmiləri gözlədikləri nəticəni əldə edə bilmədiklərindən, sərt çıxışlar edirlər", - Bavənd vurğulayıb.

O hesab edir ki, İranda daxili proseslər ABŞ - ın İrana qarşı siyasətində böyük rol oynayır. "İranda keçiriləcək prezident seçkiləri Qərb ölkələrinin İrana münasibətində dönüş nöqtəsi ola bilər", - deyə ekspert cümə axşamı Trend - a bildirib.

"İranın nüvə proqrammı ilə bağlı mövqelərində İran və Qərb ölkələri radikallıqdan əl çəksələr, problemi həll edə bilərlər", - deyə Bavənd əlavə edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti