...

İlham Əliyev Həmrəylik Günü münasibətilə Dünya azərbaycanlılarını təbrik edib

Siyasət Materials 25 Dekabr 2008 19:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 25  dekabr / Trend / Azərbaycan prezidenti İlham Əliyev Həmrəylik Günü münasibətilə Dünya azərbaycanlılarını təbrik edib, informasiyanı AzərTAc Dövlət Agentliyi yayıb.

Təbrikdə deyilir ki, ölkəmizdə və onun hüdudlarından kənarda yaşayan azərbaycanlıların hər il dekabrın 31-də təntənə ilə qeyd etdiyi Dünya azərbaycanlılarının həmrəyliyi günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Uzun illərdən bəri bütün dünyada yaşayan həmvətənlərimizi və soydaşlarımızı düşündürən dünya azərbaycanlılarının həmrəyliyi ideyası ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri sayəsində dövlət siyasəti səviyyəsinə qaldırılmış və ardıcıl olaraq həyata keçirilib.

Prezidentin təbrik məktubunda daha sonra bildiririlir ki, son illər ərzində dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların milli özünüdərkinin güclənməsi, birlik və mütəşəkkilliyinin artması, tarixi vətənlə əlaqələrinin möhkəmlənməsi diaspor potensialının mühüm amilə çevrildiyini göstərir. 2006-cı ilin martında Bakıda keçirilmiş Dünya azərbaycanlılarının II qurultayında qəbul edilmiş qərarların, qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetirilməsi diaspor quruculuğuna, milli - mənəvi və ümumbəşəri dəyərlərə söykənən azərbaycançılıq ideologiyasının yayılmasına güclü təkan verib.

Soydaşlarımız Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Eyni zamanda, Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirilir.
İlham Əliyev məktubda qeyd edib ki, indiki dövrdə xalqımızın qarşısında duran başlıca problem hələ də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə ədalətli həllinə nail olmaq və ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdən ibarətdir. "Hesab edirəm ki, Azərbaycan dövləti ilə yanaşı, bütün həmvətənlərimiz bu sahədə səylərini gücləndirməkdə davam edəcəklər. Diasporumuz öz mütəşəkkilliyini və çevikliyini bir qədər də artırmalı, digər xalqların diaspor mərkəzləri ilə əlaqələrini genişləndirməli, ölkəmizə qarşı yönəlmiş informasiya təxribatlarını vaxtında ifşa etməlidir,"- prezident əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]        

Xəbər lenti

Xəbər lenti