...

Azərbaycan Ankaranın Qafqaz strategiyasının müəyyənləşməsində ciddi  faktordur

Siyasət Materials 27 Dekabr 2008 11:37 (UTC +04:00)
Azərbaycan Ankaranın Qafqaz strategiyasının müəyyənləşməsində ciddi  faktordur

Azərbaycan, Bakı, 26 dekabr / Trend , müxbir B.Həsənov/ Türkiyənin  Qafqaz regionu ilə bağlı siyasi prioritetlərini qlobal güclər müəyyənləşdirsə də, lokal  siyasətinin formalaşmasında əsas rollardan birini  Azərbaycan oynayır.

"Azərbaycanın mövqeyini nəzərə almadan Türkiyənin Qafqaz siyasətində ciddi dəyişikliklər etməsi mümkün deyil", - deyə Türkiyədəki Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin (USAK) direktoru Sedat Laçıner Trend - a bildirib.

Türkiyənin xarici işlər naziri Əli Babacan dekabrın 24-də ölkə parlamentində çıxışı zamanı bölgədəki siyasi məsələlərlə bağlı Azərbaycanla məsləhətləşmələrə böyük əhəmiyyət verdiklərini bildirib.Bu barədə Türkiyə mətbuatı xəbər verir.

Türkiyə 1991 - ci ildə Azərbaycanın müstəqilliyini tanımış ilk ölkədir. O vaxtdan bəri iki ölkə arasında mədəni və diplomatik əlaqələr yüksələn xətlə inkişaf edir. Beynəlxalq aləmdə həmişə eyni mövqedən çıxış edən iki ölkəni bir birinə tarixi - mədəni köklərlə yanaşı, həm də yüksək iqtisadi əməkdaşlıq bağlayır. Bu əməkdaşlıq bölgə siyasətində də özünü göstərir.

Avropalı ekspert Svante Kornel (Svante Cornell) Türkiyənin region siyasətinin müəyyənləşməsində Azərbaycanın mövqeyinin böyük rol oynadığını hesab edir. Ekspert, xüsusuilə Qarabağ məsələsində və Türkiyə - Ermənistan münasibətlərində Azərbaycanın mövqeyinin Türkiyə üçün həlledici rol oynadığını bildirir. "Türkiyədəki bəzi qüvvələr Türkiyə - Ermənistan sərhəddini açmaq istəsələr də, bu günə qədər sərhədlərin açılmamasının əsas səbəbi Azərbaycanın bu məsələdə mövqeyi olmuşdur", - deyə Kornel cümə günü Stokholmdan  telefonla Trend - a bildirib.

Türkiyəli ekspert Laçıner Azərbaycanın Türkiyənin region siyasətinə təsir gücünü iqtisadi və geostrateji amillərlə izah edir. "Azərbaycanın enerji mənbəyi olması və geostrateji baxımdan Orta Asiyanın türkdilli ölkələrinə açılan qapı olması, Türkiyənin regional siyasətində Azərbaycanın mövqeyinin nəzərə alınmasını labüd edir,"- deyə Laçıner cümə günü Ankaradan telefonla Trend - a bildirib.

Ekspert iki ölkə arasındakı milli - mədəni və tarixi köklərin eyniliyini də bu ölkələri bir - birinə bağlayan əsas amil olduğunu hesab edir.

Azərbaycanlı  müstəqil ekspert Vəfa Quluzadə isə, Türkiyənin regionla bağlı siyasətində qlobal güclərin maraqları dairəsində hərəkət etdiyini və bölgədəki siyasi prioritetlərin də bu qlobal güclər tərəfindən müəyyənləşdirildiyini bildirib. Politoloqun fikrincə, Türkiyənin lokal səviyyədə müstəqil regional siyasəti olsa da, hətta bu lokal siyasətin müəyyənləşdirilməsində də Azərbaycan heç bir rol oynamır. "Türkiyənin regionla bağlı lokal siyasətinə Azərbaycanın heç bir təsiri yoxdur. Türkiyədən  fərqli olaraq, kiçik bir ölkə olan Azərbaycan Ankaranın regional siyasətinə necə təsir edə bilər?", - deyə prezidentin xarici siyasət məsələləri üzrə keçmiş müşaviri Quluzadə cümə günü Trend - a bildirib.

Hazırda Türkiyə Qafqaz regionunda önəmli rol oynamağa çalışır. Qafqazdakı etnik münaqişələrin həllində səylərini artıran Türkiyə, Nabukko qaz kəmərinin Qafqazdan keçərək, öz ərazisi ilə dünya bazarına çıxarılması üçün diplomatik cəhdlərini də intensivləşdirir. Bütün bu məsələlərin həyata keçirilməsində Türkiyə regiondakı ən önəmli müttəfiqi olan Azərbaycanla sıx əməkdaşlıq edir.

Xəbər lenti

Xəbər lenti