...

Azərbaycan Mərkəzi Seçki Komissiyası teledebatlar zamanı ciddi qanun pozuntusuna yol verəcək referendum üzrə təşviqat qruplarına qarşı tədbir görəcək

Siyasət Materials 2 Mart 2009 13:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 mart / Trend , müxbir C.Babayeva /

Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) ödənişsiz efir vaxtı teledebatlar zamanı ciddi qanun pozuntularına yol verəcək referendum üzrə təşviqat qruplarına qarşı qanuna müvafiq tədbir görəcək.

"Təşviqat qrupları arasında ödənişsiz efir vaxtının bölgüsü aparılarkən onlara tövsiyə edilib ki, teledebatda yalnız referendumla bağlı məsələlərlə bağlı fikir bildirsinlər. Ciddi qanun pozuntusu olacağı təqdirdə, bu məsələyə Mərkəzi Seçki Komissiyası və Mətbuat Qrupunda baxılacaq", - bazar ertəsi Trend -a MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib.  

Trend -un arayışı: Referendum üzrə təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına start veriblər. Referendumla bağlı qəbul olunmuş təqvim planına əsasən, təbliğat kampaniyası martın 16-da saat 24:00-da başa çatdırılmalıdır.

Həftənin şənbə günü saat 18:15-19:45-dək İctimai Televiziyada, həftənin çərşənbə günü saat 20:15-21:45-dək isə İctimai Radioda pulsuz efir vaxtı ayrılıb.

Martın 18-də Azərbaycanda ölkə Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi üzrə referendum keçiriləcək.

Referendum üzrə "Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və demokratiya", "Vətəndaş Cəmiyyəti", "Davamlı İnkişaf Naminə", "Zəka", "Qarabağ və Respublika Uğrunda Hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları MSK-da təşviqat qrupları kimi qeydiyyata alınıblar. "Abad kənd", "Azad söz", "Azərbaycan Xalq Cümhuriyyəti" və "Milli İstiqlal" təşəbbüs qrupları qeydiyyatdan keçməyib.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas Qanuna dəyişikliklər edilib.

Sarıyev teledebatda çıxış edən bəzi təşviqat qrupları nümayəndələrinin uğursuz cəhdlər edərək partiyalarının reklamı ilə məşğul olduqlarını bildirib. "Həmin şəxslər referenduma çıxarılan əlavə və dəyişikliklərlə deyil, başqa məsələlərlə bağlı fikir bildirmələrini referendumla əlaqələndirməyə çalışırlar", - MSK-nın mətbuat xidmətinin rəhbəri bildirib.

O, referendumla bağlı qanunsuz təşviqat qruplarının fəaliyyəti ilə bağlı Mərkəzi Seçki Komissiyasına şikayət daxil olmadığını bildirib.

"Referendumun lehinə və əleyhinə yalnız Mərkəzi Seçki Komissiyasının qeydiyyata aldığı təşviqat qrupları təbliğat apara bilərlər. Dairə seçki və aşağı komissiyalardan qanunsuz təşviqat qrupları ilə bağlı müraciət daxil olarsa, araşdırılacaq", - Sarıyev deyib.   

Müxaliftyönlü Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin bazar ertəsi Trend -a bildirdiyinə görə, partiyanın rayon təşkilatları referendumun lehinə təbliğat aparır və əhaliyə radikal müxalifətin Konstitusiyaya əlavə də dəyişikliklərlə bağlı fikirlərinin yalnış olduğunu bildirilər. "Lənkəran rayonunda partiyanın nümayəndələri ilə "Qarabağ və Respublika Uğrunda Hərəkat" təşəbbüs qrupunun üzvləri arasında insident baş verib", - Hacıyev deyib.     

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti