...

ATƏT Azərbaycanda referendumun demokratik keçirilməsində maraqlıdır

Siyasət Materials 6 Mart 2009 12:30 (UTC +04:00)

Azərbaycan, Gəncə, 06 mart / Trend , müxbir V.Məmmədov /  

ATƏT Azərbaycanda ölkə Konstitusiyasına dəyişikliklərin edilməsi üzrə referendumun demokratik keçirilməsində maraqlıdır. Bu barədə cümə günü Gəncədə jurnalistlərə təşkilatın Bakı ofisinin rəhbəri vəzifəsini icra edən Aleksis Şahtaxtinski bildirib.

Martın 18-də Konstitusiyanın 29-cu maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçiriləcək.

Şahtaxtinski bildirib ki, ATƏT-in Bakı ofisi bu məqsədlə vətəndaşların maarifləndirilməsi və yerli hakimiyyət orqanlarının referendum prosesinə müdaxiləsinin qarşısının alınmasına həsr olunmuş bir sıra tədbirlər keçirir.

ATƏT bu tədbirləri Prezidentin İcra Aparatı və Azərbaycan Mərkəzi Seçki Komissiyası ilə birgə həyata keçirir.

Bu gün Gəncədə keçirilən məlumat xarakterli müzakirələrdə ölkənin 28 rayonunun icra hakimləri, həmçinin 42 seçki dairəsinin sədrləri iştirak edir.

Gəncə paytaxt Bakının 365 kilometrliyində yerləşir.

Çərşənbə axşamı Bakıda baş tutan və seçki prosesinə müdaxilələrin qarşısını almağa həsr olunmuş məlumat xarakterli sessiyalarda Şahtaxtinski bildirib ki, Azərbaycan referendumun beynəlxalq səviyyədə keçirilməsində maraqlı olmalıdır.

"Əminəm ki, Azərbaycan referendumun keçirilməsində tərəqqiyə nail olacaq", - deyə o bildirib.

Fevralın 18-dən Azərbaycanda referendumun keçirilməsi ilə bağlı təsis edilən təşəbbüs qrupları təşviqat kampaniyasına başlayıblar. Referendum üzrə qəbul olunan təqvim planına əsasən, təşviqat kampaniyası martın 16-da gecəyarıyadək başa çatdırılmalıdır.

İctimai televiziyada şənbə günü 18:15-dən 19:45-dək, İctimai radioda isə 20:15-dən 21:45-dək pulsuz efir vaxtı ayırılıb.

Referendum üzrə "Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və demokratiya", "Vətəndaş cəmiyyəti", "Davamlı inkişaf naminə", "Zəka", "Qarabağ və Respublika uğrunda hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları MSK-da aqitiv kimi qeydiyyata alınıb. "Abad kənd", "Azad söz", "Azərbaycan Xalq Respublikası", "Milli müstəqillik" təşəbbüs qrupları qeydiyyatdan keçməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti