...

Azərbaycanda ölkə üzrə referendumu izləyəcək müşahidəçilərin yekun siyahısı açıqlanıb

Siyasət Materials 10 Mart 2009 16:26 (UTC +04:00)
Azərbaycanda ölkə üzrə referendumu izləyəcək müşahidəçilərin yekun siyahısı açıqlanıb

Azərbaycan, Bakı, 10 mart / Trend , müxbir C.Babayeva /

Azərbaycanda ölkə üzrə referendumu izləmək üçün Mərkəzi Seçki Komissiyasında (MSK) qeydə alınan müşahidəçilərin yekun siyahısı açıqlanıb.

"Ölkə üzrə 2149 müşahidəçi qeydiyyata alınıb. Qeydiyyata alınmış müşahidəçilər 23 qeyri-hökumət təşkilatı, beş təşviqat qrupu və Demokratik Azərbaycan Dünyası Partiyasını təmsil edirlər", - çərşənbə axşamı Trend -a MSK-nın Mətbuat Xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib.

Trend -un arayışı: Ölkə üzrə müşahidəçilərin qeydə alınması səsvermə gününə 10 gün qalmış başa çatıb.

Martın 18-də Azərbaycanda ölkə Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi üzrə referendum keçiriləcək.

Referendum üzrə "Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və demokratiya", "Vətəndaş Cəmiyyəti", "Davamlı İnkişaf Naminə", "Zəka", "Qarabağ və Respublika Uğrunda Hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları MSK-da təşviqat qrupları kimi qeydiyyata alınıblar.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas Qanuna dəyişikliklər edilib.

Sarıyevin sözlərinə görə, referendumu ölkə üzrə "Yeni Azərbaycan", "Vətəndaş Cəmiyyəti", "Şəhər", "Respublikaçılar" və "Qarabağ və Respublika Uğrunda Hərəkat" təşviqat qrupları müşahidə edəcək. "Qeyri-hökumət təşkilatları Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzi, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA), Türkiyə Universitetləri Məzunları İctimai Birliyi, "El gücü" Beynəlxalq Humanitar Assosiasiyası, Gənc Vətənpərvərlər Birliyi və başqalarıdır", - Mətbuat Xidmətinin rəhbəri deyib. 

Dairə seçki komissiyalarında (DSK) müşahidəçilərin qeydiyyatı səsvermə gününə beş gün qalana qədər davam edəcək. Bu günə qədər DSK-larda 18 mindən çox müşahidəçi qeydiyyata alınıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti