...

İşğal olunmuş Azərbaycan əraziləri azad edilmədən Ermənistanla münasibətlərin qurulması qeyri mümkündür - Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri

Siyasət Materials 12 Mart 2009 16:10 (UTC +04:00)
İşğal olunmuş Azərbaycan əraziləri azad edilmədən Ermənistanla münasibətlərin qurulması qeyri mümkündür - Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir R.Hafizoglu /

Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqları geri qaytarılmayana qədər Türkiyə və Ermənistan münasibətlərinin normallaşmasından danışmaq tezdir.

"İşğal olunmuş Azərbaycan ərazisi olan Dağlıq Qarabağın və digər ərazilərin azad edilməsindən əvvəl, Türkiyənin Ermənistanla hər hansı münasibətlərinin qurulması qeyri mümkündür", - deyə Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri Mustafa Kabakçı Ankaradan Trend -a telefonla bildirib.

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Fransada Beynəlxalq Diplomat Akademiyasında çıxış edərək, "erməni soyqırımının" Türkiyə-Ermənistan münasibətlərinin inkişafına təsir etməyəcəyini bildirib. "Biz heç bir şərt irəli sürülmədən iki dövlət arasnda əlaqələrin bərpasına və sərhədlərin açılmasına yaxınlaşmışıq", - Nalbandyan əlavə edib. Bu barədə Ermənistan İctimai Televiziyası məlumat verib.

Dostluq Qrupunun həmsədri onu da əlavə edib ki, Azərbaycan Türk dünyasının ayrılmaz hissəsidir.

"Dünyada Türk milləti var və Türk millətinin dövlətləri var. Bu dövlətlərdən biri Türkiyədir, digəri də Azərbaycandır. Biz öz millətimiz olan Azərbaycan xalqının maraqlarını heç kimlə müzakirə etmərik", - o, əlavə edib.

Kabakçının fikrincə, işğal olunmuş Azərbaycan ərazilərində və xüsusən də Xocalıda dinc əhaliyə qarşı törədilmiş qətliamın səbəbkarlarının tez bir zamanda cəzalanmasından sonra Ermənistanla hər hansı bir əməkdaşlıqdan danışmaq olar. 

"Türkiyə hər zaman Azərbaycanın yanında olub və olacaq. Biz eyni millətin övladlarıyıq və qardaşlığımıza xələl gətirən hər hansı bir addımı atmağa haqqımız yoxdur", - Kabakçı bildirib.

Ankaranın son zamanlar bir çox hərbi münaqişələrin həllində vasitəçi kimi çıxış etməsinə münasibət bildirən Kabakçı, bunun Türkiyənin missiyalarından biri olduğunu bildirib.

"Hədəf kiminsə tərəfində olmaq yox, müharibələrin və münaqişələrin sona çatmasıdır. Türkiyə dünyada düşmənçiliyin deyil, hər zaman sülhün tərəfdarı olub", - Kabakçı bildirib.

Ermənistan-Türkiyə əlaqələri 1993-cü ildən kəsilib. Səbəb Ermənistanın beynəlxalq aləmdə qondarma "erməni soyqırımı" iddiaları ilə Türkiyəyə qarşı kampaniya aparması və Azərbaycanın 20 faiz ərazisini işğal etməsi olub. 2008-ci il sentyabrın 6-da futbol üzrə Avropa Çempionatının qrup oyunları çərçivəsində keçirilən Ermənistan-Türkiyə oyununa Ermənistan Prezidenti Serj Sarkisyan Türkiyə Prezidenti Abdullah Gülü Yerevana dəvət edib. Dəvəti qəbul edən Gülün bu səfərindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün diplomatik səylər davam etdirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti