...

İraqda gələcək sabitlik milli təhlükəsizlik qüvvələrinin hazırlığından asılı olacaq – vitse-prezident

Siyasət Materials 12 Mart 2009 17:32 (UTC +04:00)
İraqda gələcək sabitlik milli təhlükəsizlik qüvvələrinin hazırlığından asılı olacaq – vitse-prezident

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir Ü.Sadıqova /

Beynəlxalq qüvvələrin çıxarılmasından sonra İraqın sabitliyi və təhlükəsizliyi İraq silahlı qüvvələri və müxtəlif təhlükəsizlik orqanlarının hazırlığından asılı olacaq. Lakin bu problem İraq hökuməti üçün əvvəlki kimi mürəkkəb olaraq qalmaqdadır. Bu barədə İraqın vitse-prezidenti Tariq əl-Haşimi bildirib.  

"Hər şey İraq silahlı qüvvələrinin çoxmillətli qüvvələrin çıxarılmasından sonra ölkənin təhlükəsizlik sahəsində olan boşluqları doldurmağı bacarıb-bacarmayacağından asılı olacaq", - deyə Trend -a eksklüziv müsahibəsində İraqın vitse-prezidenti əl-Haşimi bildirib.

ABŞ Prezidenti Barak Obama fevralın sonunda bildirib ki, yaxın 18 ay ərzində Amerika qoşunları İraqdan çıxarılacaq, qoşunların tam olaraq çıxarılması 2011-ci ildə başa çatacaq. Amerika və müttəfiq qoşunların ölkədən çıxarılması ilə İraqda Səddam Hüseyn rejiminin devrilməsi məqsədi ilə 2003-cü ilin martında başlanan hərbi əməliyyatlar başa çatacaq.

Amerika və Britaniya əsgərlərinin çıxarılmasına sentyabrda başlanacaq və həmin vaxt xarici kontingentin dörd min nəfər azaldılması planlaşdırılır.

Vitse-prezident əl-Haşimi İraq hökuməti xarici qüvvələrin ölkədən çıxmasından sonra İraq qüvvələrinin hazırlıq səviyyəsinin qalxacağına və onların səmərəliliyinin zaman keçdikcə yaxşılaşacağına ümid edir.

2011-ci ilədək İraqda 35 mindən 50 minədək ABŞ hərbiçisi qalmalıdır. Onların vəzifəsi İraq hərbiçilərinin hazırlanması və onlara lazımi hərbi yardımı göstərməkdən ibarətdir.

Əl-Haşimi bildirib ki, İraqda təhlükəsizlik problemi bu gün olduqca mürəkkəbdir.

"İraqın gələcəkdə təhlükəsizlik problemi ilə qarşılaşacağı istisna edilmir", - deyə vitse-prezident əl-Haşimi vurğulayıb.

İraq hökumətinin son məlumatlarına görə, təkcə iki ay ərzində İraqda törədilən terror aktları nəticəsində 400 nəfərdən çox adam həlak olub. Partlayışlar əsasən yanvarın 31-də yerli hakimiyyət orqanlarına keçirilən seçkilərdən sonra artıb.

Müharibə illəri ərzində həlak olan Amerika əsgərlərinin sayı 4556 nəfərə çatıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti