...

Azərbaycan Konstitusiyasına edilən əlavə və dəyişikliklər ciddi qanunvericilik ekspertizasından keçirilib - AŞ PA-nın vitse-prezidenti

Siyasət Materials 16 Mart 2009 17:58 (UTC +04:00)
Azərbaycan Konstitusiyasına edilən əlavə və dəyişikliklər ciddi qanunvericilik ekspertizasından keçirilib - AŞ PA-nın vitse-prezidenti

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan Konstitusiyasına edilən əlavə və dəyişikliklər ciddi qanunvericilik ekspertizasından keçirilib və onların hər biri Azərbaycanın inkişafına təsir edən dəyişikliklərdir, - Trend -un məlumatına görə, bazar ertəsi Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti Səməd Seyidov AŞ PA-nın müşahidəçi missiyasının nümayəndə heyəti ilə Bakıdakı görüşündə bildirib.

"Referendumun Azərbaycan qanunvericiliyinin bütün tələbləri çərçivəsində keçirilməsi üçün bütün addımlar atılıb və bu təşəbbüsün qanunauyğunluğu Konstitusiya Məhkəməsində təsdiq olunub. Sonradan parlamentdə müzakirə edilərək qəbul olunub. Son sözü isə Azərbaycan xalqı deyəcək", - Seyidov əlavə edib.

Trend -un arayışı: Azərbaycanda referendumun müşahidəsi üzrə AŞ PA missiyası altı üzvdən - deputatlar Pedro Aqramont, Yan De Buyer, Daniel Qastol, Hakkı Keskin, Eduard Lintner və Pol Villidən ibarətdir.

AŞ PA-nın müşahidəçi missiyasının rəhbəri Belçikadan olan deputat Pol Villidir.

Martın 18-də Konstitusiyanın 29-cu maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçiriləcək.

Seyidovun sözlərinə görə, qanunvericiliyin inkişafı Avropa standartlarına uyğun təşkil olunur və bu istiqamətdə həmişə Venesiya Komissiyası ilə əməkdaşlığa önəm vermişik.

"Azərbaycanla Avropa Şurası arasında münasibətlər həmişə inkişafdadır", - Seyidov vurğulayıb.

AŞ PA-nın müşahidə missiyasının üzvü Pedro Agramont deyib ki, qurumun məqsədi 57 üzv dövlətin hər birində seçkiləri müşahidə etməkdir. O, Konstitusiyaya edilən dəyişiklərlə bağlı daha öncə Venesiya Komissiyası ilə müzakirələrin aparılmasına tərəfdar olduğunu deyib.

"Referendumun keçirilməsi Venesiya Komissiyasının rəyindən sonra təşkil olunmalıydı", - Agramont deyib.

"Azərbaycanda Konstitusiyaya dəyişikliklər çox şəffaf şəkildə həyata keçirilir. Bu dəyişiklikləri edərkən Azərbaycan Avropa dövlətlərinin konstitusiyalarını nəzərə alıb. Xüsusi bir ziddiyyət olmadığından, Venesiya Komissiyasına daha öncə müraciət etməyə zəruriyyət olmayıb", - görüşdə iştirak edən Azərbaycan parlamentinin Dövlət Quruculuğu və Hüquq Siyasəti komissiyasının sədri Əli Hüseynov bildirib.

Referendum üzrə təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına başlayıblar. Referendum üzrə qəbul olunan təqvim planına əsasən, təbliğat kampaniyaları bu gun martın 16-da, 24:00-da başa çatacaq. Təşviqat qruplarının hər birinə təbliğat kampaniyası üçün 23 min manat vəsait ayrılıb.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib.

Referendumun gedişatını təqribən 170 beynəlxalq və 47 min yerli müşahidəçi izləyəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti