...

AŞ ilə Rusiya arasındakı münasibətləri baş katib postuna Polşa və Norveçdən olan namizədlər qaydaya sala biləcək

Siyasət Materials 17 Mart 2009 09:03 (UTC +04:00)
AŞ ilə Rusiya arasındakı münasibətləri baş katib postuna Polşa və Norveçdən olan namizədlər qaydaya sala biləcək

Azərbaycan, Bakı, 16 mart / Trend müxbir Y.Ostapenko/ Ekspertlər hesab edir ki, Avropa Şurasının Rusiya ilə münasibətlərinin qaydaya salınması və onun qurumdakı üzvlüyünün dayandırılmasının qarşısının alınması üçün AŞ-nin baş katibi postuna ən yaxşı namizədlər Polşa və Norveçdən olan nümayəndələrdir.
AŞ-nin hazırkı baş katibi, britaniyalı Terri Devisin səlahiyyətləri iyulda başa çatır. Ötən həftənin sonunda baş katib postuna namizədlərin irəli sürülməsi yekunlaşıb. "Kommersant" nəşrinin məlumatına görə, onların arasında Polşanın sabiq baş naziri Vlodzimej Çimoşeviç, Norveçin sabiq baş naziri Torbyorn Yaqland, Flandriyanın (Belçika) sabiq hökumət başçısı Lyuk van den Brande və Macarıstan pralamentinin deputatı Matiaş Yorşi var. Lakin hələlik rəsmən AŞ tərəfindən namizədlərin adları açıqlanmayıb.
"Onların arasında təcrübəyə görə baş katib postuna uyğun gələnlər Çimoşeviç və Yaqlanddır" -  deyə Trend -a elektron poçtla aparıcı avropalı analitiklərdən biri olan Silvan Şara (Sylvain Charat) bildirib.
Qitədə ən yaşlı beynəlxalq siyasi təşkilat olan AŞ-nin Rusiya ilə münasibətlərdəki problem ondan ibarətdir ki, RF götürdüyü öhdəliyə rəğmən hələ də insan haqları üzrə Avropa konvensiyasının 14-cü protokolunu ratifikasiya etməyib. Həmin protokol məhkəmə iddialarına daha tez bir zamanda baxmağa imkan verir. Beləliklə Rusiya insan haqları üzrə Avropa məhkəməsində islahatların aparılmasını iflic vəziyyətə salır.
"Kommersant"ın insan haqları üzrə Avropa məhkəməsində rusiyalı hakim Anatoli Kovlera istinadən yazdığına görə, əgər Rusiya yaxın yarımildə Strasburq məhkəməsinin qərarlarının icra edilməməsinin "sistem problemi"ni aradan qaldırmasa, bu, ona AŞ-də üzvlüyünün dayandırılması hesabına baha başa gələ bilər.
Bu vəziyyəti nəzərə alsaq, iki namizəd optimal kimi görünür.
Şara Polşa və Norveçdən olan namizədləri ən yaxşı namizdlər hesab edir. Çünki onarın hökumətdəki rəhbər vəzifələrdə iş təcrübəsi var və onların təcrübəsi Rusiya ilə əlaqəli məsələnin baxılması üçün həlledici əhəmiyyət kəsb edəcək.
Hər iki namizəd əvvəllər öz ölkələrində baş nazir və XİN rəhbəri vəzifəsini tutublar.
Lakin Şara norveçli namizədə üstünlük verir. "Çimoşeviç ən yaxşı namizəd ola bilməz" - deyə Parisdəki Charat Consulting analitik mərkəzinin direktoru olan Şara bildirib. O bunu Polşanın əvvəllər SSRİ-nin satelliti olması ilə izah edir. İki ölkə arasındakı münasibətlər indi də kifayət qədər mürəkkəbdir, xüsusən də Polşanın 1999-cü ildə NATO-ya üzv olmasından sonra.
Çimoşeviç eyni zamanda ABŞ-la sıx ittifaq yaratmaq və Avropanı Qərbə doğru istiqamətləndirmək baxımından sərfəlidir, deyə Şara hesab edir. "Bu, Rusiya ilə mövcud problemlərin həlli üçün ən yaxşı variant deyil", - deyə o vurğulayıb.
Rusiya ilə real iş təcrübəsini nəzərə almaq şərti ilə Şara AŞ baş katibi postuna ən yaxşı namizəd kimi Yaqlandı görür. Onun sözlərinə görə, Yaqland Rusiya ilə tərəfdaşlıq və əməkdaşlığı təkmilləşdirib, "soyuq müharibə" dövründən sonrakı problemləri həll etməyə can atıb.
Şara namizədin vacib keyfiyyətlərindən biri kimi onun insan haqlarına sadiqliyini hesab edir. Burada Yaqlandın sülh və insan haqları üzrə Oslo Mərkəzinin direktorlar şurasının üzvü olması nəzərə alınmalıdır. "Yaqlandın insan haqları və qanun aliliyinə sadiqliyi ilə Rusiya ilə danışıqlar aparmaq təcrübəsi onu AŞ-nin baş katibi postuna ən yaxşı namizəd edə bilərdi", - deyə Şara vurğulayıb.
Lakin Rusiyanın aparıcı müstəqil politoloqu Qriqoriy Trofimçuk hesab edir ki, Polşadan olan namizədin AŞ-nin baş katibi vəzifəsinə seçilməsi həm Avropa, həm də Rusiyanın maraqlarına cavab verərdi. "Rusiya ilə münasibətlərdə nöqsana oynayan avropalılar üçün məhz polşalı namizəd əlverişli olardı", - deyə Trend -a Strateji inkişaf modelləşdirməsi Mərkəzinin (Moskva) prezidenti olan Trofimçuk bildirib.
O hesab edir ki, polşalı namizəd Rusiya üçün də sərfəli olardı. Çünki Polşa üçün Rusiya qonşu dövlətdir, slavyan ölkəsidir və düzgün yanaşma olsa Rusiya onunla yetərincə yaxşı əlaqələr qura bilərdi.
Avropa institusional məsələlər üzrə almaniyalı ekspert, doktor Klaus Bryummer (Klaus Brummer) isə hesab edir ki, AŞ-nin Rusiya ilə gələcək əlaqələri, o cümlədən Rusiyanın qurumdakı statusunun dəyişdirilməsi, qurumun növbəti baş katibinin kimliyindən asılı deyil.
"Baş katibi AŞ-nin əsas siyasətçisi kimi yox, əsas məmuru kimi nəzərdən keçirmək lazımdır", - deyə Trend -a telefonla Erlangendən Erlangen-Nürenberq Universitetində siyasi araşdırmalar İnstitutunun tədqiqatçısı olan Bryummer bildirib. "Əgər Rusiya ilə AŞ arasındakı əlaqələr yenidən nəzərdən keçirilsə, bu, Nazirlər Komitəsi və AŞ-yə üzv-dövlətlərdən asılı olacaq" - deyə o bildirib.
Konkret ad çəkməyən Bryummer bildirib ki, baş katibi postuna namizəd "soyuq müharibədən" sonra AŞ-yə qəbul olan yeni üzvlərdən birinin təmsilçisi olmalıdır. O hesab edir ki, bu, ali icra postlarında uğur əldə etmiş və yüksək ictimai statusa malik bir şəxs olmalıdır.
Bryummerin fikrincə, coğrafi aspekt Avropanın qurum çərçivəsində gələcək birləşməsinə təsir göstərəcək. İkinci aspekt isə "AŞ-yə səs və sifət vermək üçün olduqca lazımdır".
2005-ci ildə Lyuksemburqun baş naziri Jan-Klod Yunker AŞ-nin islahatına dair hesabatda məsləhət görüb ki, bundan sonra qurumun baş katibi postuna yalnız görkəmli siyasətçilər seçilsin. Onlar öz vətənlərində dövlət yaxud hökumət başçısı vəzifəsində çalışmış insanlar olmalıdır.
İstisna deyil ki, AŞ-nin Rusiya ilə münasibətləri baş katibin kimliyindən yox, Rusiyanın Avropa ilə əlaqələrindən asılıdır.
Şara hesab edir ki, Avropa ilə Rusiya bir-birindən asılıdır. Bu üzdən də Rusiyanın AŞ-dəki üzvlüyünün dayandırılması o qədər də real deyil. "Necə ki, Rusiya Avropaya lazımdır, eləcə də Avropa Rusiyaya lazımdır" - deyə o vurğulayıb.
Şaranın fikrincə, Avropanın bugünkü dünyada təsirinə real baxmaq lazımdır. "Avropa Şurası yaxud da Avropa Birliyi xüsusi çəkiyə malik deyillər. Əgər Avropanın müəyyən mənada mənəvi və etik hakimiyyəti olsa da, ambisiyalarına çatmaq üçün vasitələri yoxdur. Bu isə Rusiya ilə danışıqların aparılmasına zərurət yaradır".
Məqalənin hazırlanmasında həmçinin R.Ağayev (Moskva) iştirak edib.

Xəbər lenti

Xəbər lenti