...

Rusiya və ABŞ prezidentlərinin ilk görüşü iki ölkə arasında münasibətlərdə dönüş nöqtəsi olacaq

Siyasət Materials 18 Mart 2009 09:00 (UTC +04:00)
Rusiya və ABŞ prezidentlərinin ilk görüşü iki ölkə arasında münasibətlərdə dönüş nöqtəsi olacaq

Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir E.Tarıverdiyeva /  

Aprel ayının əvvəlində baş tutacaq Rusiya və ABŞ prezidentlərinin ilk görüşü iki ölkə münasibətlərində və strateji planlarında dönüş nöqtəsi olacaq.

"Hər iki prezident tutduqları postda təzədirlər və hər ikisi ölkə xaricindən daha çox ölkələrinin hüdüdlarında tanınırlar. Buna baxmayaraq, silahlanma yarışına son qoysalar hər ikisi dünya tarixinə düşmək imkanı əldə edəcəklər", - ABŞ üzrə aparıcı rusiyalı ekspert Anatoli Utkin deyib.  

İki ölkə başçılarının ilk görüşü aprelin 1-də Londonda baş tutacaq.  I kanalın saytının verdiyi məlumata əsasən, bu haqda Rusiya Prezidenti Dmitri Medvedyev ABŞ-ın Rusiya ilə bağlı siyasətinin öyrənilməsi ilə məşğul olan Amerikanın müstəqil komissiyasının üzvləri ilə görüş zamanı bildirib. Medvedyevin sözlərinə əsasən, Moskva ilə Vaşinqton ikitərəfli münasibətlərdə yeni səhifə açmaq imkanı əldə ediblər. 

2009-cu ilin yanvarında Amerika administrasiyası dəyişildikdən sonra ölkənin Rusiya ilə bağlı siyasi kursu da nəzərəçarpacaq dərəcədə dəyişib. Obama Moskva ilə strateji silahlanma ilə bağlı yeni müqavilə bağlamağa hazır olduğunu bildirərək, Medvedyevə belə bir mətinli məktub göndərib : "İranla bağlı nüvə problemi müsbət həllini tapdıqda ABŞ Avropada HHM elementlərinin quraşdırılmasından imtina etməyə hazırdır".

İnterfaks agentliyinin verdiyi xəbərə görə, bir qrup amerikalı ekspert və siyasətçilər, o cümlədən keçmiş senatorlar Heri Xart və Çak Heygel, eləcə də Riçard Nikson adına mərkəzin prezidenti Dmitri Sayms və ABŞ prezidentinin milli təhlükəsizliklə bağlı eks-köməkçisi Brent Skoukroft martın 16-da Obama administrasiyası üçün ABŞ-ın Rusiya ilə bağlı siyasətinə dair tövsiyələri jurnalistlərə təqdim ediblər. 

Bununla yanaşı, "ABŞ-ın Rusiya ilə bağlı siyasətinin doğru istiqaməti" adlanan məruzədə "Polşa və Çexiyada HHM elementlərinin yerləşdirilməsinə yenidən baxılması" təklif olunur və nüvə enerjisinin dinc məqsədlər üçün istifadəsi ilə bağlı Amerika-Rusiya razılaşmasının ratifikasiyasının vacibliyi vurğulanır.

Nüvə silahlanmasının ixtisarını prezidentliyin əsas məqsədi olduğunu bildirən ABŞ Prezidenti Barak Obama, eləcə də 1991-ci ildə imzalanmış SNV-1 müqaviləsinin dəyişdirilməsi barədə Rusiya ilə danışıqlar aparacağını bildirib. SNV-1 müqaviləsinə əsasən, tərəflər nüvə ehtiyatlarını 10 min ədəddən 5 min ədədə kimi azaltmalıdırlar.

Müşahidəçilərin fikrincə, planlaşdırılan Rusiya-Amerika danışıqları iki ölkə arasındakı münasibətlərdə dönüş nöqtəsi olaraq ABŞ-la Rusiyaya aralarında mövcud olan problemlərin həlli üçün şans verəcək.

Təhlükəsizlik üzrə amerikalı ekspert Yanis Stivaçtisin fikrincə, nəzərdə tutulan Rusiya-Amerika danışıqları iki ölkə arasında daha sıx əlaqələrin yaranmasına şərait yaradacaq.

"Bu olduqca uzun sürən prosesdir. Heç kim deyə bilməz ki, qısamüddətli və uzunmüddətli prespektivlərdə nələr baş verə bilər və Amerika-Rusiya münasibətlərinin axarını nə dəyişə bilər", - elektron poçt vasitəsi ilə ABŞ-ın Virciniya Universitetinin beynəlxalq əlaqələr şöbəsinin direktoru Stivaçtis Trend -a bildirib.

Onun fikrincə, bəzi maddələr üzrə digərlərinə nisbətən razılıq əldə etmək asan olacaq, lakin münasibətlərdə müsbət tendensiya davam edəcək.

Təhlükəsizlik üzrə avropalı ekspert Arnold Kemmelin fikrincə, son zamanlar həm Rusiya, həm də ABŞ tərəfindən bir-birinə tərəf addımlar hiss olunur.

"Qeyd olunan məqam Obamanın Medvedyevə ünvanladığı gizli məktubda daha qabarıq sezilir və bu, Obamanın Rusiya ilə əlaqələri saxlamaq istəyini ortaya qoyur ", - elektron poçt vasitəsi ilə Kemmel Trend -a bildirib. Onun sözlərinə görə. ölkələrin bir-birinə olan münasibəti yaxşılığa doğru dəyişir.

ABŞ üzrə rusiyalı ekspert Utkin etiraf edir ki, ABŞ-ın Rusiyaya qarşı münasibətinin yaxşılaşması Rusiya Federasiyası üçün fərəhlidir.

"Dünyanın nəhəng dövləti bizimlə heç kəsə aidiyyatı olmayan danışıqlar aparır. Bu səbəbdən də biz iki ölkə prezidentlərinin aprelin əvvəlində baş tutacaq görüşlərini səbirsizliklə gözləyirik", - Utkin Trend -a bildirib.

Ekspertlərin fikrincə, baş tutacaq görüşdə müzakirə olunacaq ən vacib məsələ strateji silahların ixtisarı ilə bağlı razılaşma olacaq.

"Belə düşünülür ki, ABŞ və Rusiya strateji silahların ixtisarı ilə bağlı ilin sonunda imzlanacaq müqavilənin planına əsasən hərəkət edəcəklər", - Kemmel qeyd edib.

Onun fikrincə, Əfqanıstanla bağlı məsələlər və HHM siyasəti də diqqət mərkəzində olacaq.

Utkinin sözlərinə əsasən, ABŞ-ın silahlanmanın ixtisarı ilə bağlı yeni təklifi Rusiya üçün qəbul ediləndir.

"Rusiya seçim qarşısında qalıb - işsizlik və böhranın baş alıb getdiyi zaman yeni raketlərin hazırlanmasına vəsait ayırmaq, ya da silah potensialını azaltmaq", - Utkin hesab edir.

"ABŞ-ın keçmiş müdafiə naziri Maknomarak deyirdi ki, ABŞ və Rusiyanı məhv etmək üçün 200 döyüş başlığı kifayətdir. Buna qalsa bizdə 200 döyüş başlığı çoxdan var, Rusiyada 7 min döyüş başlığı var", - Utkin qeyd edib.

Utkinin sözlərinə əsasən, Rusiya Obamanın təklif etdiyi yolla getməyə, yəni raketlərin sayını 1000-ə qədər endirməyə hazırdır.

Amerikalı ekspert Stivaçtisin fikrincə, daha bir mühüm məsələ ABŞ-la münasibətlərin yeni mərhələsində Rusiyanın statusunun dəyişməsidir.

"İki ölkə arasında həllini tapmamış çoxlu məqamlar olsa da, ən mühümü dünyəvi məsələlərin həllində Rusiyanın rolu ilə bağlı olanıdır", - Stivaçtis qeyd edib.

Stivaçtis hesab edir ki, bundan öncəki Amerika administrasiyası Rusiyanı "Böyük" ölkə statusundan "düşürmüşdü".

"Bunun nəticəsidir ki, Rusiya müxtəlif vasitələrə əl ataraq əksini ABŞ-a sübut etməyə can atdı. İndi yekun nəticə Rusiyanın danışıqlarda tutduğu mövqedən asılı olacaq", - amerikalı ekspert deyib.

"Rusiya başa düşsə ki, ABŞ mövqelərinin zəiflədiyini anlayaraq Moskva ilə münasibətləri yaxşılaşdırmaq istəyir, o halda Rusiya fürsəti əldən verməyərək özünün beynəlxalq arenada əvəzolunmaz olduğunu isbatlamaq üçün şəraitdən yararlana bilər", - Stivaçtis vurğulayıb.

Onun fikrincə, ABŞ Rusiyanın dünyada olan çəkisini artırmalıdır.

"Hər iki tərəf münasibətlərdə səmimilik nümayiş etdirsələr ümumi maraqların təyin olunmasında anlayışa gəlmək rahat olar", - Stivaçtis bildirib.

Materialın hazırlanmasında R.Ağayev iştirak edib

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti