...

Moskvada Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumda seçicilərin iştirakı günorta saatlarınadək 15% təşkil edib

Siyasət Materials 18 Mart 2009 15:59 (UTC +04:00)

Rusiya, Moskva, 18 mart / Trend , R.Ağayev /

Moskvada Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumda seçicilərin iştitakı günorta saatlarınadək 15% təşkil edib.

"Moskva vaxtı ilə saat 12:00-da Azərbaycanın Moskvadakı səfirliyində təşkil edilmiş 15 saylı birinci Yasamal seçki dairəsinin 37 saylı seçki məntəqəsində 200-dən çox Azərbaycan vətəndaşı səs verib. Bu barədə Trend -a seçki komissiyasının sədri Ağalar Atamoğlanov bildirib. 

Onun sözlərinə görə, hazırda iştirak etmiş seçicilərin sayı təxminən 15 faiz təşkil edir, seçicilərin 25 faizi səs verdiyi təqdirdə, seçkilər baş tutmuş hesab olunur. Atamoğlanovun sözlərinə əsasən, seçici çoxluğu günün ikinci yarısında gözlənilir.

"Burda daha bir vacib faktı da qeyd etmək lazımdır ki, bu gün Rusiyada iş günüdür, lakin buna baxmayaraq, seçicilərin səsvermədə fəal iştirakı müşahidə olunur", - deyə səfirliyin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Moskvadakı səfirliyinə yaxın zaman müddətində Rusiya Federasiyasının Yaroslavl, Kostrom və digər regionlarından Azərbaycan vətəndaşlarının gələcəyi gözlənilir.

"Yaxın saatlarda Azərbaycan Ədliyyə Nazirliyinin Ryazanda yerli akademiyada təhsil alan 70 kursantının da seçki məntəqəsinə gəlişi gözlənilir", - deyə Atamoğlanov bildirib. Yaroslavldan isə təxminən 50 Azərbaycan vətəndaşının gəlişi gözlənilir. Əsas fəallığı isə Moskvada yaşayan Azərbaycan vətəndaşları göstərirlər. Bu məntəqə üzrə cəmi 1266 seçici qeydiyatdan keçib ki, onların da 36 faizi artıq səs verib.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib.

Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilir.

Referendumda xüsusilə Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin beşinci bəndində yer alan "heç kim iki dəfədən artıq AR-nın prezidenti seçilə bilməz" hazırkı redaktəsinin, müharibə şəraitində aparılan hərbi əməliyyatlar növbəti seçkilərin keçirilməsini mümkünsüz edirsə, fəaliyyətdə olan dövlət başçısının səlahiyyət müddətinin hərbi əməliyyatlar bitənədək artırılmasını nəzərdə tutan redaktə ilə əvəzlənməsi nəzərdə tutulur. Azərbaycan prezidentinin səlahiyyət müddəti beş ildir. Hazırda dövlət başçısı olan İlham Əliyev 2003 və 2008-ci illərdə prezident seçilib.

Ümumilikdə ölkə Konstitusiyasının 29 maddəsinə 41 dəyişiklik edilməsi planlaşdırılır. Burada, o cümlədən hərbi əməliyyatlar aparılan zaman ölkə parlamentinə seçkilərin ertələnməsi, 40 min seçiciyə qanunvericilik təşəbbüsü hüququ verilməsi, şəxsin istəyinə qarşı video və ya audio yazılışların aparılması və onun şəkilinin çəkilməsinə qadağa qoyulması, Azərbaycanın sabiq prezidentlərinin maddi təminatı, eləcə də texniki xarakterli müddəаlar daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti