...

Azərbaycanın müxalif partiyalarının yaratdığı ittifaq seçkilərdə birgə iştirak təklifi irəli sürüb

Siyasət Materials 29 Mart 2009 14:27 (UTC +04:00)

Azərbaycan, Bаkı, 29 mart  / Trend , müxbir A.Hüseynbala /  

Azərbaycanın bir qrup müxalif partiyasının yaratdığı ittifaq ümummüxalifət konfransının keçirilməsi təşəbbüsünü irəli sürüb.

"Bu konfransda bələdiyyə və parlament seçkilərində müxalifətin birgə iştirakı məsələsi müzakirə olunacaq", - bazar günü Trend -a Demokratiya Uğrunda İttifaqda (DUİ) təmsil olunana Klassık Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu bildirib.

Trend -un arayışı: Azərbaycanda bələdiyyə seçkisi ilin sonu, parlament seçkisi isə gələn il keçiriləcək.

Azərbaycanda 2008-ci ilin oktyabr ayında keçirilən prezident seçkisindən sonra prezident seçkisinin nəticələrini tanımayan Müxalifətin Əməkdaşlıq Mərkəzində təmsil olunan Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyaları müxalifətin gələcək əməkdaşlığını nəzərdə tutan layihələr hazırlayıblar.

Seçkidən sonra müxalifətin daha geniş koalisiyada birləşməsi istiqamətində danışıqlar başlasa da, qarşılıqlı ittihamlar nəticəsində hələki müxalifətin geniş koalisiyasının yaranması baş tutmur.

Müxalifətin Əməkdaşlıq Mərkəzinə "Azadlıq" bloku (Azərbaycan Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyaları), Müsavat Partiaysı və "Azərbaycan Naminə" İctimai Forum (ANİF) daxildir.

Mirəlioğlunun sözlərinə görə, konfransın baş tutması üçün gələn həftədən DUİ üzvü olan partiyaların nümayəndələri bütün müxalifət qurumları ilə məsləhətləşmələrə başlayacaq.

"Konfransın vaxtı məsləhətləşmələrdən sonra müəyyənləşdiriləcək. Biz istəyirik ki, bu il keçiriləcək bələdiyyə və 2010-cu ildə keçiriləcək parlament seçkilərində birgə iştirak etmək niyyətində olan müxalif partiyaların sayı indidən bəlli olsun", - KXCP sədri əlavə edib.

Mirəlioğlu bildirib ki, müxalifətin birgə konfransı baş tutarsa, yeni Konstitusiya layihəsinin hazırlanması üçün komissiya yaradılması məsələsini də müzakirəyə çıxaracaqlar.

Dеmоkrаtiyа Uğrunda İttifаqı 2005-ci il parlamеnt seçkisindən sonra müxalifətçi Klassık Xalq Cəbhəsi, Azadlıq və Milli Demokratiya partiyaları yаrаdıb. 2008-ci il sеntyаbrın əvvəllərində Böyük Azərbаycаn, nоyаbr аyındа isə Хаlq pаrtiyаlаrı DUİ-yə üzv qəbul оlunub. İttifаq bu pаrtiyaların məşvərət və əməkdaşlıq qurumudur.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti